Gürcü nazirin romanı
Azərbaycan dilində
İyunun
18-də Beynəlxalq Muğam
Mərkəzində Gürcüstanın
mədəniyyət və
abidələrin mühafizəsi
naziri, yazıçı
və şair Quram Odişariyanın Azərbaycan dilində nəşr edilmiş “Prezidentin pişiyi” kitabının təqdimatı
keçirildi.
Nazir Bakıda keçirdiyi görüşlər, həmkarı
Əbülfəs Qarayevlə
apardığı fikir
mübadiləsindən danışdı:
“Biz uzun illərdir, əməkdaşlıq edirik
və bu işlərin davamı olaraq yay və
payız aylarında bir sıra layihələri
həyata keçirməyi
planlaşdırırıq”.
Gürcü nazir Azərbaycan
yazıçılarının qurultayında iştirakından
məmnunluğunu ifadə
etdi: “Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələri dünyada
tanınırlar. Gürcüstanda da klassik Azərbaycan
yazıçıları və
mənim müasirlərim
hər zaman tanınıb. Gənc yazarların
yaradıcılığını da tərcümə edib tanıtmaq lazımdır. Bu gün mənim Azərbaycan dilinə tərcümə edilən
“Prezidentin pişiyi” adlı romanım Azərbaycan oxucularına təqdim edilir. Bundan çox məmnunam. İnanıram ki, oxucular əsəri bəyənəcəklər.
Bundan sonra da iki
ölkə arasında
mədəniyyət və
ədəbiyyat sahəsində
əməkdaşlığın genişlənəcəyinə əminəm. İki ölkənin
yazarlarının əsərləri
gürcü və Azərbaycan dilinə tərcümə edilərək
təbliğ olunacaq”.
Sonra Quram Odişariya kitabını
imzalayaraq oxuculara hədiyyə etdi. “Bilik” nəşriyyatında
işıq üzü
görən romanı
dilimizə Əyyub Qiyas tərcümə edib. Kitabın redaktoru Ehtiram
İlhamdır. Ə.Qiyas
kitabın tərcümə
tarixçəsi haqqında
məlumat verdi.
Bildirdi ki, romanın mövzusu aktualdır: “Romanın maraqlı tərəfi ondadır ki, oxucu sona
qədər hiss eləmir
ki, əsər müharibəyə həsr
edilib. Yalnız əsərin sonunda
müəllif böyük
ustalıqla gözlənilməz
halda müharibəyə
olan nifrətini və müharibənin insanlara verdiyi acıları çox gözəl koloritlə təsvir edir. Müəllif qeyd edir ki, müharibələrin insanlara gətirdiyi acılar heç nə ilə ölçülməz”.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 20 iyun.-
S. 5.