İçərişəhərdə
“Avropa şəhərciyi”
Mayın 31-də
İçərişəhərdə - Qoşa
qala qapısı
qarşısındakı meydanda Avropa İttifaqının (Aİ) Azərbaycandakı
nümayəndəliyinin və quruma üzv ölkələrin Bakıdakı səfirliklərinin
təşkilatçılığı ilə “Avropa şəhərciyi” (Eurovillage-2014) təşkil
edildi.
Bu il ikinci dəfə təşkil edilən, rəngarəng sərgilər, musiqilər, rəqslər, uşaqlar üçün əyləncəli mərasimlərlə zəngin olan tədbir Avropa mədəniyyəti və Avropa İttifaqı diplomatik nümayəndəliklərinin Azərbaycandakı fəaliyyəti ilə yaxından tanış olmaq üçün gözəl fürsət idi.
Budəfəki “Avropa şəhərciyi”ndə Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Niderland, İsveç, Rumıniya - ümumilikdə 18 ölkənin çadırları qurulmuşdu. Əvvəlcə festivalın rəsmi açılış mərasimi keçirildi. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin elmi-mədəni mərkəzinin direktor əvəzi Mikayıl Nəcəfov çıxış edərək artıq ikinci ildir gerçəkləşən tədbirin gözəl ənənəyə çevrildiyini söylədi: “Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın İçərişəhərə xüsusi diqqət və qayğısı bu qədim tarixi-mədəni məkanda müxtəlif tədbirlərin təşkilinə zəmin yaradır. “Avropa şəhərciyi”ni keçirməkdə əsas məqsəd ittifaqa üzv ölkələrin mədəniyyətini və İçərişəhərin canlı tarix olduğunu nümayiş etdirməkdir”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard tədbirin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirildiyini diqqətə çatdıraraq quruma təşəkkürünü bildirdi. Sonra qonaqlara festival haqqında məlumat verdi: “Avropa şəhərciyi” bizim Azərbaycan ictimaiyyətinə nümayiş etdirəcəyimiz böyük təcrübədir. Bu, Avropa İttifaqının Azərbaycandakı fəaliyyətini nümayiş etdirir. Ümidvarıq ki, bu tədbirlərlə Avropa İttifaqı və quruma üzv dövlətlər barədə Azərbaycanda məlumat daha da artacaq. Hər kəsi “Avropa şəhərciyi”ndə Avropanı görməyə, öyrənməyə, hiss etməyə, musiqi və rəqsləri dinləməyə, əylənməyə dəvət edirəm. Ziyarətçilər stendlərə yaxınlaşaraq Avropa İttifaqı və üzv ölkələr barədə məlumat ala və bu ölkələrin zəngin mədəniyyətləri ilə daha yaxından tanış ola bilərlər”.
Avropa İttifaqına üzv olan bir sıra ölkələrin Azərbaycandakı səfirləri və diplomatik nümayəndələri də tədbirə gələnləri salamladılar və Aİ-nın himni səsləndirildi.
Daha sonra iştirakçı ölkələr haqqında videoçaxrlar nümayiş olundu, musiqi və rəqslər təqdim edildi.
Meydanda qurulmuş çadırlardakı stendlərdə ayrı-ayrı ölkələr və onların Azərbaycandakı diplomatik nümayəndəliklərinin fəaliyyəti barədə təqdimatlar edilirdi. Bakı sakinləri və şəhərin qonaqları həmin çadırlara yaxınlaşaraq ölkələrin mədəniyyəti, tarixi, mətbəxi və milli xüsusiyyətləri barədə maraqlı məlumatlar alırdılar. Ziyarətçilərə ayrı-ayrı ölkələrdə təhsil imkanları haqqında kitablar, bukletlər, broşürlər və milli suvenirlər təqdim edilirdi. Tədbir intellektual-əyləncəli oyunlarla da müşayiət olunurdu.
Məsələn, ziyarətçilər
məlumat köşklərindən “pasport”
alaraq bütün
ölkələrin stendlərinə yaxınlaşıb verilən
sualları cavablandırmaqla “pasport”larına möhür
vurdurur və həmin “pasport”ları məlumat
köşklərinə qaytarır, əvəzində müxtəlif
hədiyyə alırdılar. Face art, mükafatlı
viktorinalar, karaoke də
bu sıraya daxil idi. Viktorinada qalib
gələn hər hansı ölkəyə səyahət etmək imkanı qazanırdı.
Bundan başqa, festivalda Avropa mətbəxi, musiqi və teatr ifaları nümayiş olunurdu.
Axşam
proqramında isə hər kəsi Avropa ifaçılarının
maraqlı konsert proqramı - Hollandiyadan
“Eurovision” mahnı müsabiqəsinin
finalçısı Joan Franka,
klassik musiqini müasir və maraqlı tərzi ilə ifadə edən xorvatiyalı violonçel ifaçısı
Ana Rucner və Avropada bir çox
mükafatlar almış
pop-rok ifaçıları
- Estoniyanın “Traffic” qrupunun
çıxışı gözləyirdi.
Bir sözlə,
qədim şəhərin
köhnə divarları
arasında qurulmuş
müasir “Avropa şəhərciyi” maraqlı
harmoniya yaratmışdı. Şəhər sakinləri ilə yanaşı, qonaqlar da bu harmoniyaya
köklənərək birgünlük
sanki bir Avropa sakini oldular.
Tədbir maraqlı ab-havası
və zəngin təəssüratı ilə
yadda qaldı.
Mehparə
Mədəniyyət.- 2014.- 4 iyun.-
S. 13.