Məlik Dadaşovun 90 illiyinə həsr edilmiş xatirə gecəsi

 

O, oynadığı rolun tarixçəsini yaradan, obrazı daxilən yaşayan aktyor idi

 

İyunun 2-də Azərbaycan Dövlət Film Fondunda görkəmli aktyor, Xalq artisti Məlik Dadaşovun 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirildi.

 

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkil etdiyi tədbirin iştirakçıları əvvəlcə sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.

Tədbiri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq aktyorun sənət yolu haqqında fikirlərini bölüşdü. Məlik Dadaşovun hədsiz dərəcədə sənətinə bağlı insan olduğunu, səhnədə və kinoda bənzərsiz iz qoyduğunu vurğuladı. Qeyd olundu ki, aktyor bir-birindən fərqli surətləri müxtəlif rənglərlə canlandırır, epizodik rolları da, irihəcmli obrazları da eyni həvəslə yaradırdı. Onun rejissor Arif Babayevin “Uşaqlığın son gecəsi” filmində yaratdığı obraz bu günə kimi tamaşaçıların yaddaşındadır: “Bu epizodda iki görkəmli sənətkar - Yusif Vəliyev və Məlik Dadaşov üz-üzə gəlir. Hər ikisinin rolu kiçik olsa da, onlar yaratdıqları obrazın xarakterini, daxili aləmini, potensialını tamaşaçıya məharətlə çatdırırlar. Məlik Dadaşov oynadığı rolun tarixçəsini yaradan, onu təqdim etməyi bacaran aktyor idi. Bu xüsusiyyətlər sənətkarlığın zirvəsidir. Azərbaycan kinosunda sənətkarın yaratdığı hər bir rol onun yaradıcılıq abidəsidir. Bu rollarla o bir daha sübut edirdi ki, obrazı daxilən yaşayır”.

Tədbirdə çıxış edən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinoşünas Aydın Kazımzadə, kinooperator Kənan Məmmədov, Xalq artisti Hacı İsmayılov, Əməkdar artist, rejissor Elxan Qasımov və başqaları aktyorun mənalı ömür yolundan, sənət fəaliyyətindən danışdılar. Bildirildi ki, Məlik Dadaşov 1924-cü ildə Bakıda dünyaya gəlib. Orta məktəbi bitirəndən sonra təhsilini Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində, həm də Asəf Zeynallı adına Musiqi Texnikumunda davam etdirib. Akademik Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında, Zaqatala və Şəmkir dram teatrlarında aktyor kimi çalışıb, Dövlət Rus Dram Teatrına rəhbərlik edib.

Kinoda 1947-ci ildə “Fətəli xantarixi-bioqrafik filmində Sərdar xanın hərbi rəisi rolunda debüt edib. Aktyorun kinodakı rolları sırasında “Dəli Kür” bədii filmində molla Sadıq surəti və “Axırıncı aşırım” filmindəki Qəmlo rolu xüsusilə seçilir.

Görkəmli sənətkar “Birisi gün, gecəyarısı”, “O dünyadan salam”, “Fəryad”, “Hacı Qarakimi filmlərdə yaddaqalan və maraqlı obrazlara da ekran həyatı verib.

Məlik Dadaşov “Özbəkfilm”in istehsal etdiyi “Təyyarələr enmədi”, “Moldovafilm”də lentə alınan “Dmitri Kantemir”, “Belarusfilmin istehsalı olan “Müsahibə götürən adam” filmlərində də çəkilib.

Tədbirin sonunda Məlik Dadaşovun ailə üzvləri adından Xalq artisti Brilliant Dadaşova çıxış edərək yubiley gecəsinin təşkilatçılarına minnətdarlığını bildirdi və əmisi ilə bağlı xatirələri qonaqlarla bölüşdü.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 4 iyun.- S. 11.