Ahəstə-ahəstə...

 

Səslənib, könülləri yar ağacından asma... səbirləri kəsim-kəsim kəsmə, ay “Kəs-mə şi-kəs-tə”!..

 

Sən bir sədayi-Simurq misalı, bizim qəlblərimizsə Məlikməmməd timsalı. “Nə qədər “yandım” desəm də, çəkməyin!” deyən Məlikməmməd...

Yəni sən də bizim odlanıb-yanmağımıza bənd olma, ay “Kəsmə şikəstə”! Sus-ma, ki-ri-mə. Dili qəfəs içində, sözü nəfəs çölündə qoy-ma...

 

...Özüdaha çox maddiyyata tapınan bu “maraqlı” dünyadan işıqlı sənət dünyasına çıxanadək müdamqude. “Qarnım üçün yox, qədrim üçün” məsəli! Yəni “dayanma, snikerslə!” kimi gödəniyyət-noğul qismimizə belə bir mədəniyyət eyhamla ki, bu qəbil nağıllarda heç nə yeyilməz. Buradakı naz-nemətiyyat başdan-başa mənəviyyat! Bu sayaq tutiyalar o fasonindustriyalardan fərqli olaraq, satılıb-alınmaz...

Hə, ey sədayi-Simurq, daimqude, - “su” ifadəsinin quş dili qarşılığını. Axı, hər sər-sədandan sonra ərşə qalxan alovundan pörşələnən can-ciyərimizi söndürmək də gərək!..

 

Bu giriş “nağıl”ın...

 

göydən düşəsilərinin biri kimin, o biri kimin, bu biri kimin?..

Yuxarıda danışdığım tul eyhamı buraxıb, bir dənə də “gül”ünə toxunum - “göydən düşəsilər” müqəyyədimlə ilgili. Hə, söhbət ulu Füzulinin “Gər yaxşı olardın, adını “al” qoyardın, “almaneçin qoyardın?!” eyhamı ilə bəhs etdiyi meyvədən gedir və əlbəttə, o üç almanın hamısı Fatmanın! 1926-cı il iyunun 4-də başdan-başa alma eli, alma diyarı Qubada doğulmuş Fatmanın. 1937-ci ildə - on bir yaşında orta məktəb müəllimlərinin Bakıda keçirilən növbəti bir müsabiqəyə güc-bəla ilə göndərdiyi qızcığazın. Həmin müsabiqədə “Qubanın alması” xalq mahnısıyla münsiflər heyətinin heyrəti-diqqətini qazanıb, böyüklər böyüyü Üzeyir bəy Hacıbəylinin xüsusi məftunluq və məxsusi himayədarlığındakı uşaqlar sırasına düşən “Fatma-fontan”ın. Üç il sonra on dördcə yaşında Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki “Sazçı qızlar” ansamblına işə götürülən buon dörd gecəlik Ayüzlü gözəlin. Bir il ötər-ötməz böyük müharibə əjdahası ilə üz-üzə, göz-gözə, səs-səsə qalan bənzərsiz yavrunun. “Getsin, gəlməsin!!!” qar-qarğışlı o beş ildə yaşadığı real məşəqqətlərin ağrı-acısını 1945-ci ildə Soltan bəyin (“Arşın mal alan”) evində oynadığı bədii “qulluqçuluqda çıxan Tellinin. Bir çox xalq mahnısına, Üzeyir bəyin “Şəfqət bacısı”na, daha neçə-neçə bəstəkar mahnılarına, muğamlara yeni həyat verən “köhnə” sənətkarın. Və... poetik Ay işığına, Günəş parlamına bənzər neçə-neçə sənəd və sənət faktlarını özündən xəbərli-xəbərsiz “kölgə”ləyən dahiyanə mahnı müəllifinin...

Bəli, bəli, həmin o ahəstə-ahəstəcə səslənib, könülləri yar ağacından asan, səbirləri qiymə-qiymə kəsən -

 

“Kəsmə şikəstə”!..

 

Bu “nağıl” bitər olsun. Bəs ardı necə olsun, nətəər olsun, ayFatma xanım” dastanı?! Sözməsəli, əvvəlin elə, bəs davamın, sonun hanı? De görüm, ilk xalını sədəfli tarla başlayıb, hara qalxırsan, səni Tarı?! Tarın himinə bəndmiş kimi dilləndir kamanı. Hə, birdən-birə ilişdinmi, sözü Səsə vermək üçün? Orfoqrafiya, orfoepiya, qafiyə, nə bilim “ah”iyə-“uh”iyəsinə bənd olmadan dinləyici bəndələrin şövqi-zövqünü bənd-bənd ehtizaza gətirən sözlər və bir Səs:

 

Əzzinəm a balam, badam sevgilim, ah...

Demə ki, ədə balam, sənə yadam, sevgilim...

Qara gözlərinə qurban olduğum... aay...

 

Uzaqdan ədə balam, boyunu gördüm -

Dünya qədər şadam, sevgilim,

Sevgiliiiim...

 

yenidən ecazkar musiqi! Bəlkə bugünkü xalq çalğı alətləri ansambllarının təkrar edə bilməyəcəkləri möhtəşəm çalğı yenə o Səs:

 

Mən aşiq, ədə balam, oyan, gül, ah...

Oyan bülbül, oyan, gül...

Qara gözlərinə qurban olduğum, aay...

Baxım, ədə balam, xumar gözlərinə -

Sən yuxudan, ədə balam, oyan, gül...

O-yaan, güül...

 

Hələ o sözlər içərisindəkiGecələr, ay gecələrsözləri!.. Bu “gecələr”in hər biri bir əsr! O gecələrin hər ulduzu isə doyulmaz poeziya, oxuduqca adamı məsti-xumar edən nəsr!..

Haçan oxunub, vaxt lentə alınıb bu möcüzə, bilmirəm. Əslinə qalsa, heç bilmək istəmirəm - axı niyə illərin, ayların, günlərin arasına pərxaşlıq qatım, qısqanclıq yaradım? Bir onu bilirəm ki, bu ilahi səda yarım əsrdən çoxdur səslənir. İlk dəfə onu harda, hansı şəraitdə eşitdiyim yadıma gəlməsə , ən çox təsirləndiyim ili, ayı, yer-yurdu dəqiq xatırlayıram: düz qırx bir il öncə - avqust ayında, Bakı-Şamaxı marşrutuyla işləyən sınıq-salxaq bir avtobusda. Salon o qədər basırıq idi ki, qapısı bağlanmamışdı o avtobusun. Yel vurduqca səs halay-valaylanır, nəhəng elektrik xətləri altından keçdikcə, döngələrdən burulduqca, meteoroloqlar demişkən, “tutulub-açılırdı” - adı onsuz dakəsməolan bu şi-kəs-tə...

İnanarmısız ki, mən o situasiyanı bu şikəstə üçün ən münasib auditoriya hesab edirəm. 2000-ci ilin 4 yanvarından sonra isə, daha doğma, daha həzin təsirdədir o səyyar dinləyicilik anlarım. Nədən ki, qırx bir il öncə Fatma xanım hələ sağ idi, dediyim tarixçədən bəri isə mən onu həm bu təkrarsız sənətkarınRuh şikəstəsi kimi dinləyirəm.

Bəxtəvər başına - bu bənzərsiz ifanı, ləziz səsi əsrlərlə dinləyəsi əziz gələcək nəsillərin!..

 

Tahir Əhmədalılar

 

Mədəniyyət.- 2014.- 4 iyun.- S. 11.