Baku Guide” bələdçi kataloqunun iyun sayı çapdan çıxıb

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq hazırlanan, nəfis tərtibatı, yüksək poliqrafik keyfiyyəti ilə seçilən “Baku Guide” bələdçi kataloqunun növbəti sayı işıq üzü görüb. Ölkəmizə təşrif buyuran turistlər, eləcə də aktiv mədəni istirahətə üstünlük verən vətəndaşlarımız üçün zəngin informasiya mənbəyi olan nəşrin iyun sayı bir çox maraqlı yeniliklərlə diqqət çəkir.

Kataloqda Bakının küçə, prospekt, meydanları, şəhər və şəhər ətrafında yerləşən görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları, rəsm qalereyaları, teatrkonsert müəssisələri, muzeylər, kitab evləri, idman və sərgi kompleksləri haqqında təfərrüatlı məlumat verilir. Nəşrdə ay ərzində keçirilməsi planlaşdırılan mədəni-kütləvi tədbirlər, teatrkonsert müəssisələrinin repertuarları, festivallar, sərgilər, bayramlars. barədə məlumatlar, eləcə də tədbirlərin keçiriləcəyi ünvan, tarix, əlaqə telefonları da yer alıb.

Bələdçi kataloqunun bu sayından etibarən dünya kinosunun həvəskarları şəhərimizdə fəaliyyət göstərən kinoteatrların aylıq repertuarı ilə də tanış ola, həmçinin nümayiş olunan filmlər haqqında qısa məlumat əldə edə biləcəklər.

“Məşhur insanların Bakı təəssüratları” bölməsində Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin paytaxtımız haqqında və ölkəmizin turizm potensialı ilə bağlı fikirlərinə yer verilib.

"Bakı haqqında hər şey" ("All about Baku") konseptində hazırlanan kataloq şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, avtomobil kirayəsi, fövqəladə hallarda yardım ala biləcəkləri çağrı mərkəzlərinin əlaqə nömrələri - bir sözlə, turistləri və şəhərimizin qonaqlarını maraqlandıra biləcək ən müxtəlif məlumatlarla zəngindir.

 

Mədəniyyət.- 2014.- 4 iyun.- S. 9.