“Turizm
davranış kodeksi”nə necə riayət olunur?
Bu işdə turizm şirkətləri xüsusi məsuliyyət daşıyır
Xəbər verdiyimiz kimi, bu ilin aprelində
Bakıda keçirilən “AİTF-2014” beynəlxalq turizm sərgisi çərçivəsində
Azərbaycanın «Turizm davranış
kodeksi»nə qoşulması ilə bağlı bəyannamə
imzalandı.
Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilə Dünya Turizm Təşkilatı arasında imzalanan sənədi yüksək dəyərləndirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev onun müddəalarının həyata keçirilməsində turizm şirkətlərinin üzərinə mühüm məsuliyyət düşdüyünü diqqətə çatdırdı. Çünki xarici ölkəyə turist göndərən hər bir şirkət səfərə gedən turistə davranış qaydaları, etik normalara əməl olunması haqqında məlumat verməlidir.
Qeyd edək ki, bu sənəd ilk dəfə 2011-ci ilin aprel ayında İspaniyanın Madrid şəhərində 14 üzv ölkənin nümayəndəsi tərəfindən imzalanıb. Hazırda 34 ölkəni təmsil edən 247 assosiasiya «Turizm davranış kodeksi»nə qoşulub.
Sənədə imza atan tərəf üç əsas məqam üzrə öhdəlik qəbul edir. Birincisi, iştirakçı ölkələr öz aralarında münasibətlərdə bu sənədə əməl etməlidirlər. İkincisi, «Turizm davranış kodeksi»nin əsas məqam və prinsipləri üzv ölkələrin turizm təmsilçiləri arasında yayılmalıdır. Həmçinin üzv ölkələr «Turizm davranış kodeksi» çərçivəsində gördükləri işlər və yeni təcrübələr barədə üç ildən bir müvafiq komissiyaya məruzə etməlidir.
Turistin davranışından onun ölkəsi haqqında təəssürat yaranır
Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun sözlərinə görə, turist səfərdən öncə mütləq bu səfəri təşkil edən şirkət tərəfindən məlumatlandırılmalıdır: «Hər bir ölkənin adət-ənənələri, mədəniyyəti fərqlidir. Turist getdiyi ölkənin bu xüsusiyyətləri barədə məlumat almalıdır. Düşünürəm ki, Azərbaycanın «Turizm davranış kodeksi»nə qoşulması çox yaxşı haldır. Hər bir halda xarici ölkəyə səfər edən vətəndaş Azərbaycanı təmsil edir. Onun getdiyi ölkədə adət-ənənələrə uyğun, normal davranış nümayiş etdirməsi ölkəmizin adına müsbət imic gətirir. Ona görə də turizm şirkətləri bu məsələyə diqqətlə yanaşmalıdır».
«Ata Travel» turizm şirkətinin direktoru Vüsal Əliyev deyir ki, turistlər getdikləri ölkələr barədə ümumən məlumatlı olurlar. Amma turizm şirkətinin də vəzifəsidir ki, turist qrupları ilə iş aparsın: «Biz hər zaman turistlərə səfər edəcəkləri ölkə barədə məlumat veririk. Nəinki xarici turlar zamanı, ölkə daxilində reallaşdırılan turlarda da insanları maarifləndirmək lazımdır. Xüsusilə ekoloji turlar zamanı bu məsələni diqqətdə saxlayırıq, çünki bu zaman insanlar təbiətlə birbaşa ünsiyyətdə olurlar».
Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırov bildirdi ki, «Turizm davranış kodeksi»nə qoşulmaq ölkəmizin dünya turizm sənayesinə inteqrasiyası baxımdan əhəmiyyətlidir: «Assosiasiya olaraq biz turizm şirkətlərinə tövsiyə xarakterli məktub yollamışıq. Ümidvaram ki, turizm sənayemizin nümayəndələri bu kodeksə riayət edəcək, turistləri də bununla bağlı maarifləndirəcəklər».
F.Abdullayeva
Mədəniyyət.- 2014.- 4 iyun.-
S. 9.