Azərbaycanda Misir mədəniyyəti günləri keçirilir

 

Biz ölkələrimiz arasında əlaqələri genişləndirməkdə maraqlıyıq”

 

Qədim mədəniyyətin ecazkar təqdimatı

 

İyunun 2-də Azərbaycanda Misir Ərəb Respublikasının mədəniyyət günləri başlanıb. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən açılış mərasimi iştirakçılara əsrarəngiz ərəb musiqisi, ritmik rəqsləri, rəngarəng geyim nümunələri, ekzotik xoreoqrafiyası və sirli Şərq elementlərinin çələngində füsunkar bir axşam yaşatdı. Mərasimdə çoxsaylı qonaqlar, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, diplomatik korpusun təmsilçiləri iştirak edirdilər.

Tədbiri Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev açaraq Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından qonaqları salamladı. İki dost ölkənin mədəni əlaqələrinin zəngin tarixi olduğunu diqqətə çatdıran idarə rəisi son illər bu sahədə əməkdaşlığın müvəffəqiyyətlə inkişaf etdiyini dedi.

2005-ci ildə Misirdə ilk dəfə Azərbaycan mədəniyyəti günləri keçirildiyini xatırladan Əlikram Əliyev bu formatda tədbirlərin mədəni əlaqələrdə müstəsna əhəmiyyət kəsb etdiyini vurğuladı. Qeyd olundu ki, Misir Ərəb Respublikasının ölkəmizdə mədəniyyət günlərinin maraqlı proqramı varbu, qədim Misir mədəniyyəti ilə tanış olmaq istəyənlər üçün mühüm bir fürsətdir: “Bu səhnədə Misir incəsənətinin ən yaxşı nümunələrini, folklor çələngini mükəmməl şəkildə təqdim edən məşhur “İsmailiyyə” folklor ansamblı çıxış edəcək. Mədəniyyət günləri çərçivəsində kollektivin paytaxtın Suraxanı, Xəzər, Qaradağ rayonlarında və Qobustan rayonunda da çıxışları olacaq. Həmçinin dekorativ-tətbiqi sənət həvəskarları misirli sənətkarın əl işlərindən ibarət zərgərlik nümunələrinin sərgisinə baş çəkə bilərlər. İnanıram ki, bu gözəl mədəni mübadilədən böyük zövq alacaqsınız”.

Misirin Azərbaycandakı müvəqqəti işlər vəkili Heysam Calal göstərilən qonaqpərvərlik və səmimi qəbul üçün Azərbaycan hökumətinə minnətdarlığını bildirdi. İki dost ölkə arasında mədəni əlaqələrin müvəffəqiyyətlə inkişaf etdiyini deyən diplomat bu əməkdaşlığın davamlılığı üçün qarşıda duran vəzifələrdən də danışdı: “Bizi ümumi mədəni və dini ənənələr birləşdirir. Qədim zamanlarda bir çox xalqların nümayəndələrinin yaşadıqları Misir həmişə tolerant ölkə olmuşdur. Azərbaycanı da məhz belə tolerantlıq fərqləndirir. Biz ölkələrimiz arasında mədəni əlaqələri genişləndirməkdə maraqlıyıq. Düşünürəm ki, bu tədbirlər xalqlarımızı daha da yaxınlaşdıracaq”.

Çıxışlardan sonra səhnə incəsənət təmsilçilərinin ixtiyarına verildi. Misir etnoqrafiyası - əkinçilik ənənələrindən əyləncə vasitələri müxtəlifliyinədək xalqın yaşam tərzinin göstəricisi olan elementlər musiqi və rəqsin harmoniyasında müfəssəl təəssürat yarada bildi. Rəqqasların şaqraq ifası, ritmik ərəb musiqisio musiqini daha da emosional edən xanəndələrin ifası tamaşaçı zalında əsl coşqu yaratdı. Ərəb dünyasını xarakterizə edən Şərq rəqs elementlərinin müasir Misir musiqiləri fonunda sintezi də baxımlı idi. Konsert sürəkli alqışlarla qarşılandı.

 

Ehramlar ölkəsindən incə sənət nümunələri

 

İyunun 2-də Azərbaycanda Misir mədəniyyəti günləri çərçivəsində “Qalereya-1969” sərgi salonunda Usama Abdul Rəhmanın əl işlərindən ibarət zinət əşyalarının sərgisi açıldı.

Mədəniyyət və Turizm Nazirliyi Dekorativ və tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov tədbiri açaraq iki ölkənin mədəniyyət sahəsində əlaqələrindən danışdı, təqdim olunan sərginin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, yüksək bədii zövqlə hazırlanan zərgərlik işləri zəngin Misir incəsənəti ilə tanışlıq üçün daha bir imkandır.

Misir Ərəb Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Heysam Calal mədəniyyət günlərini iki ölkə arasında əlaqələrin inkişafı baxımından əlamətdar hadisə adlandırdı. Bu tədbirlərin mənəvi körpü rolunu oynadığını və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını vurğulayan diplomat 2015-ci ildə Misirdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini arzu etdi.

Daha sonra çıxış edən Usama Abdul Rəhman Azərbaycan dilində danışaraq əsərləri barədə geniş məlumat verdi. Bildirdi ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında doktorantura təhsili alıb, bu müddətdə ölkəmizi daha yaxından tanıyıb. Xalqımızın yüksək mədəniyyətə sahib olduğunu qeyd edən qonaq onun bacarıqlı bir sənətkar kimi püxtələşməsində ADRA-dakı müəllimlərinin böyük zəhməti olduğunu dedi.

Sonra iştirakçılar sərgi ilə tanış oldular. İyunun 6-dək davam edəcək sərgidə Usama Abdul Rəhmanın 30-a yaxın zərgərlik nümunəsi nümayiş olunur. Sənətkar bu əl işlərində iki ölkənin incəsənətindən bəhrələnib.

 

Həmidə Nizamiqızı,

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 4 iyun.- S. 9.