Gənc Tamaşaçılar Teatrının yeni veb-saytı təqdim olundu

 

Mayın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni veb-saytının təqdimatı keçirildi. Mərasimi teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov açaraqProqresinternetpoliqrafiya xidmətləri şirkəti tərəfindən hazırlanmış sayt haqqında ətraflı məlumat verdi, bu elektron ünvanın tamaşaçılarla teatr arasında virtual körpü olacağını dedi: “Teatrımızın saytı artıq üçüncü dəfədir ki, hazırlanır. Bundan əvvəl ayrı-ayrı şəxslər tərəfindən hazırlanmış saytların dizayn və məzmunu bizi qane etmədiyindən biz bu işi peşəkar bir şirkətə həvalə etdik. Qısa müddətdə hazırlanmış www.tyuz.az saytı dizaynı, formatı və strukturu baxımdan seçilir. Saytda teatrın tarixi, teatr sənətinin görkəmli korifeyləri, yaradıcı və bədii heyət haqqında geniş məlumat, cari repertuarda olan tamaşaların yaradıcı heyəti, annotasiya və şəkilləri yerləşdirilmişdir. Bundan başqa, saytda teatrın aktyor kollektivinin uğurla iştirak etdiyi qastrol səfərləri və beynəlxalq festivallar haqqında ətraflı məlumatlar, teatrın fəaliyyəti ilə bağlı bütün yeniliklər, kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, teatrın virtual görüntüləri, həmçinin “Teatr və beynəlxalq aləm”, “Müştərək layihələr”, “Videoteka” və digər bölmələr yer almışdır”.

Proqresinternetpoliqrafiya xidmətləri şirkətinin direktoru Cavid Cəfərov saytın təhlükəsizliyi, texniki tərəfləri və strukturu haqqında ətraflı məlumat verdi, onun digər teatrların internet saytlarından fərqli məlumat bazalarını sadaladı.

Sonda saytın ayrı-ayrı bölmələri tədbir iştirakçılarına təqdim olundu.

 

Mədəniyyət.- 2014.- 4 iyun.- S. 7.