Sevgi, ehtiras, ölüm və əbədiyyət

 

YunonaAvos” Bakı səhnəsində

 

Bu tamaşanı çoxdan gözləyirdim. Bu barədə məlumat mətbuata yayılandan qərar vermişdim ki, mütləq o tamaşaya baxacağam. Nəhayət, mayın 31-də əfsanəvi “YunonaAvos” rok-operasını canlı izləmək imkanı qazandıq. Rusiyanın məşhur sənətkarı Aleksey Rıbnikovun teatrının hazırladığı səhnə əsəri Heydər Əliyev Sarayının tamaşaçı zalını dolduran çoxsaylı sənətsevərləri heyrətləndirə bildi.

 

Rusiyada, eləcə də Avropada yetərincə məşhur olan kollektivin bu tamaşası haqqında Azərbaycanda da bir çoxları məlumatlıdır. Ötən əsrin 80-ci illərində Bakıda “Lenkom” teatrının təqdimatında, tanınmış rejissor Mark Zaxarovun quruluşundaYunonaAvos” rok-operasını görənlər, əsas partiyaların ifaçıları Nikolay Karaçentsovla Yelena Şaninanın məharətinə məftun olanlar da az deyil.

Hər halda o quruluşun dəmir qaydalarında və məhdud sənət meyarlarında zamanı qabaqlayan, klassik musiqini, operanı rok musiqisi ilə cilalayan, bir növ kütləviləşdirən sənət əsəri haqqında danışmağa dəyər.

Rusiyanın Xalq artisti, Dövlət mükafatı laureatı, bəstəkar A.Rıbnikovun rəhbərlik etdiyi teatrın müəllif versiyası olanYunonaAvosbu ölkə səhnəsində ən məşhur rok-operadır. Səhnə əsərinin müəllifləri A.Rıbnikov və şair Andrey Voznesenskidir.

2009-cu ilin yayında Fransada keçirilən Pyer Karden festivalında A.Rıbnikov “YunonaAvos” rok-operasını yeni quruluşda təqdim edib. Onun müəllif versiyası böyük rəğbətlə qarşılanıb. Rus dini musiqisi, folklor, kütləvi “şəhər musiqisinin” janrları, modern musiqi nümunələri ilə bəstəkarın ideya-estetik prioritetlərinin vəhdətindən yaranan rok-operanın yeni versiyasında əsas amil A.Rıbnikovun musiqisidir.

Rusiyanın tanınmış musiqili teatr rejissorlarından olan Aleksandr Rıxlovun quruluş verdiyi səhnə əsərində məşhur simalar yer alıb. Onun vokal nömrələrini Rusiyanın Əməkdar artisti, Rıbnikovun operalarında əsas partiyaların ifaçısı, məşhur aktrisa Janna Rojdestvenskaya səsləndirir.

Qraf Rezanovun rolunu teatrın aktyorları Nikolay Drozdovski, Konçita rolunu Natalya Krestyanskix ifa edir. Tamaşada həmçinin Rıbnikov teatrının aparıcı aktyorları Dmitri Boqdanov, Nikita Pozdnyakov, Yevgeniya Blaqova, Nikolay Lyutov, Yekaterina Kulçitskaya, İvan Aqafonov, Yeqor Nikolayev, Mariya Savina, Pavel Zibrov, Svetlana Skurixina, Leonid Seveç və başqaları iştirak edirlər.

Yüksək səmimi hislərdən danışan opera sədaqət və səadət, cəsarət və alicənablıq haqqında ən gözəl balladadır. Süjeti real, çox kədərli bir hadisənin - rus səyyahı, diplomat Nikolay Rezanovispan kolonistinin, qubernatorun qızı Konçita Arquellonun sevgi hekayəsi üzərində qurulan tamaşa mükəmməl vokal və xoreoqrafiyası ilə tamaşaçını ayrı bir sevgi aləminə apara bilir. Sevgililər arasındakı yaş fərqi (Rezanov 42, Konçita 16 yaşında) və minlərlə kilometrlik məsafə onların xoşbəxt yaşamasına imkan vermir. Bu nisgilli maneə musiqi və intizarlı oyunla tam həllini tapırdı.

Tarixi şəxsiyyətin dramını ustalıqla yaradan aktyorlar qəhrəmanların ruh halını həmin dövrün reallığında əks etdirməyi bacarırlar. Fakta görə, Rusiya-Amerika kompaniyasının rəhbəri olan qraf Rezanov 1806-cı ildə “Yunona” və “Avos” adlı iki yelkənli gəmi ilə ispan koloniyaları arasında ticarət əlaqələri qurmaq üçün Kaliforniyaya səyahət edir. Burada balda San-Fransiskonun qubernatoru ispan gözəli Konçitaya aşiq olur. Onların sevgisi Konçitanın nişanlısı Fernandonun qəzəbinə səbəb olur. Hiddətli sevgili Rezanovu duelə çağırır qraf Kaliforniyanı tərk etməli olur. Lakin heç bir maneə sevgililərin qarşısını kəsmir Konçita ilə Rezanov gizlicə evlənib, əhd-peyman bağlayırlar. Amma acı sonluq onları tərk etmir. Rezanov Peterburqa qayıdarkən yolda, Krasnoyarskda soyuqdəymədən ölür. Konçita isə buna heç cür inanmır, düz 35 il Rezanovun yolunu gözləyir, onun ölümünə əmin olduqdan sonra isə monastıra qapanır orada həyatla vidalaşır...

Beləcə, bir sevgi nağılı da nisgillə bitdi. Amma bu yekun, bu əsrarəngiz həzin musiqinin, xoreoqrafiya vokal imkanlarının zəngin çalarlarla təqdimi tamaşaçını keçmişə apara bildi. Səhnə, yatqın emosiyalar, musiqiyə qoşulan uğultulu külək tamaşaçını sevgililərin iztirabını içindən keçirməyə vadar etdi. Hamı hər gün, düz 35 il usanmadan pəncərə önünə şamlar düzüb sevgilisinin yolunu işıqlandırmağa çalışan Konçitanı, uğursuz həyatını qınayan daim özü ilə vuruşan, sonda isə vaxtsız təslim olan Rezanovu anladı, duydu, hiss etdi. Demək, əsl sənət elə bunda, tamaşaçını əyləşdiyi kreslodan alıb səhnənin uzaqlarına daşıya bilməkdir.

 

 Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 4 iyun.- S. 7.