“Buratino”
kimi...
Və ya uşaq düşüncəli böyüklərin teatr sovqatı
Əslində bu elə də asan deyil. Çünki uşaqlar
böyüklərin hər
halını - mimikasını,
jestini, təbəssümünü,
yalan-yapma böyüklüyünü
çox tez duyurlar. Həm böyüklərdən, həm
də onların “böyüklüyündən” küsürlər.
Bu hal sənət-səhnə
anlamında daha təsirli olur. Səhnədə
nümayiş olunanlar
onları “tutmursa”, cəlb etmirsə, bunu dərhal büruzə verir, oynanılan “falş”dan qopmağa, qaçmağa
can atırlar. Valideynlərin məcburi “otur”, “az qalıb”, “bax indi maraqlı
olacaq” vədlərinə
də inanmırlar.
Amma bu dəfə, uşaqları nəzərə
alan qonaq
teatrın sənət
nümayişində başqa
hal yaşandı. Səbirsiz uşaqlar nümayiş sonrası zalı tərk etmək əvəzinə tələsik
səhnəyə qaçır,
personajların nağıl-həqiqətinə
inanaraq qəhrəmanlara
sarılırdılar.
1 iyun - Uşaqların
Beynəlxalq Müdafiəsi
Günündə Heydər
Əliyevin Sarayında
nümayiş etdirilən
səhnə əsərinin
qəhrəmanı hamının
tanıdığı, bütün
uşaqların və
bir zamanlar uşaq olmuş böyüklərin sevimlisi
Buratino idi. Klassik teatr
ənənələrini ən
yüksək səviyyədə
təbliğ edən,
onu tam müasir biçimli əlavələrlə
rəngarəng etməyi
bacaran kollektivin -
Aleksey Rıbnikov teatrının
təqdimatında.
Teatr məşhur
nağıla tamamilə
fərqli aspektdən yanaşaraq onu günümüzün uşaqlarına
tam anlaşıqlı, əyləncəli
və əhatəli təqdim edə bildi.
Tamaşanın əsas özəlliyi A.Rıbnikovun qeyri-adi, özünəməxsus musiqisidir. Səhnə,
dekor, işıq effektləri canlı musiqi, əvvəldən axıradək səhnəni
tərk etməyən
musiqiçilərin ifaları
tam başqa təəssürat
yaratdı. Aydın oldu ki, uşağı
hər hansı rəngarəng elementlər,
qeyri-adi qrim, maska, nə bilim uşaq “aldatmaları” ilə ovutmaqdansa gözoxşayan
geyim, fərqli xoreoqrafiya, bir-birini sürətlə əvəzləyən
rəqs və onlara uyğun uğurlu oyunla daha çox cəlb etmək olar. Məhz bu çalarlar
Buratinonun məzəli
əhvalatlarına yeni
bir ovqat bəxş etdi.
Balaqan estetikasına, del-arte ənənələrinə
söykənən tamaşada
yaradıcı heyət
az qala
hamının əzbər
bildiyi ənənəvi
süjetə fərqli
baxış bucağından
yanaşaraq, uşaqlar,
eləcə də böyüklər üçün
maraqlı olan bir müzikl təqdim etdi. Rusiya teatr ictimaiyyəti tərəfindən böyük
maraqla qarşılanan
“Buratino” ailəvi müzikli Azərbaycan tamaşaçıları üçün
də əsl bayrama çevrildi.
Ağıllı və dəcəl
Buratinonun, tülkü
Alisanın, pişik Bazilionun məzəli və gülünc macəraları haqqında
tarixi sevən uşaqlar və elə böyüklər sovetlər dönəmindən
tanış məşhur
"Buratino"nun doğma,
yatımlı melodiyalarına
alqışlarıyla sevərək
ritm tutdular.
Tamaşanın musiqisi Aleksey Rıbnikova, sözləri Yuri Entinə
məxsusdur. Müziklin quruluşçu rejissoru Aleksandr Rıxlov, xoreoqrafı
Janna Şmakova, libretto müəllifi
Sofya Troitskayadır.
Mükəmməl musiqini tamamlayan
quruluş, xoreoqrafiya və peşəkar aktyor oyunu yaddaşlarda
iz salan Buratino və onun dostlarını canlı səhnədən
daha sevilən etdi.
Tamaşada Arina Kirsanova,
Svetlana Skurixina (Buratino),
İqor Kirilyuk, Sergey Çurbakov (Kot Bazilio), Svetlana Nikolaeva, Yekaterina Kulçitskaya
(Lisa Alisa), Leonid Sivets (Karabas),
Natalya Krestyanskix, Svetlana Skurixina
(Malvina), Yeqor Nikolayev,
İvan Aqafanov (Pyero), Dmitri Boqdanov, Yaroslav Dyakov, Konstantin Pankratov (Arlekin/Artemov), Svetlana Milovanova (Tortila), Vladimir Mironov, İqor Kirilyuk, Dmitri Boqdanov (Duremar), Leonid Siveç (Papa Karlo) və başqalarının
çıxışları uşaqları tam başqa
bir aləmə apardı.
Xronometrajı 90 dəqiqə olan müzikl gərgin hadisələr xətti, orijinal yozumu, maraqlı aktyor ifası və ən əsası, hadisələrin daxili məntiqi ilə səsləşən əsrarəngiz
musiqisi ilə tamaşaçını darıxmağa
qoymadı və sonda uşaqları səhnəyə, personajların
qucağına səslədi.
Həmidə
Mədəniyyət.- 2014.- 4 iyun.-
S. 6.