“Humay”
mükafatı qaliblərə təqdim edilib
Azərbaycan
mədəniyyətinin ayrı-ayrı sahələrində fəaliyyət
göstərən və onun
inkişafına öz töhfələrini
verən insanların, incəsənət xadimlərinin
müxtəlif mükafatlarla təltif
olunması və bu yolla
yaradıcı fəaliyyətin stimullaşdırılması
artıq ənənə
halını alıb. Belə nüfuzlu təltiflərdən
biri də 1993-cü ildə
“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti
və “Humay” Milli
Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay”
mükafatıdır.
Mayın 30-da “Humay” mükafatı ayrı-ayrı nominasiyalar üzrə 2014-cü ilin qaliblərinə təqdim olunub. Mərasimdə “Humay” Akademiyasının üzvləri - Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, kinorejissor, Xalq artisti Oqtay Mir Qasım və başqaları çıxış edərək mükafatlarla təltif olunan insanların sənət fəaliyyətləri, uğurlu yaradıcılıqları barədə söz açıblar.
Bu il təqdim olunan mükafatçılar arasında musiqi, teatr və kino sahəsində əməyi olanlar xüsusilə seçiliblər.
Musiqi nominasiyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru, Xalq artisti Rauf Abdullayev, milli musiqimizin, muğamımızın təbliği yönündə xidmətlərinə görə isə Xalq artisti Səkinə İsmayılova “Humay” mükafatına layiq görülüblər.
Teatr nominasiyası üzrə mükafat Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Qurban İsmayılova təqdim edilib. İstedadlı aktyor Azərbaycan Teatr Xadimləri İttifaqının təqdimatı ilə Gənc Tamaşaçılar Teatrının repertuarında olan İsveç dramaturqu Lars Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) əsərində canlandırdığı Kor ata obrazına görə mükafatlandırılıb.
Kino sahəsində Xalq yazıçısı Elçinin ssenarisi əsasında ekranlaşdırılan “Məryəm” sənədli filminin rejissorları Elməddin Əliyev və Xəyyam Abdullayev mükafata layiq görülüblər.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Azərbaycan Prodüserlər Gildiyasının rəhbəri Müşfiq Hətəmov “Uğurlu prodüser” nominasiyasında “Humay” mükafatı ilə təltif olunub. Kinostudiya direktoru son illər prodüser kimi fəaliyyətinə və milli kino nümunələrimizin ölkədən xaricdə təbliğatına görə bu mükafata layiq görülüb.
Kino üzrə daha bir istiqamət - “Sənətin fədaisi” nominasiyasında Əməkdar mədəniyyət işçisi Əli Əhmədov mükafatlandırılıb.
Həmidə
Mədəniyyət.- 2014.- 4 iyun.-
S. 4.