Ortaq mədəniyyətimizi ümumi səylərlə təbliğ etməliyik

 

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri ölkəmizdə səfərdədir

 

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov, cəmiyyətin üzvləri və tanınmış elm xadimlərindən ibarət nümayəndə heyəti iyunun 2-də ölkəmizə səfərə gəlib. Səfərin məqsədi Azərbaycanın mədəniyyət və təhsil sahəsi ilə yaxından tanışlıq, bu sahələrdə əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılmasıdır.

 

Nümayəndə heyətinin üzvləri iyunun 3-də Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin qəbrini ziyarət edib, məzarın önünə tər gül dəstələri düzüblər. Qonaqlar daha sonra Şəhidlər xiyabanına gedərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının xatirəsini yad ediblər.

İyunun 3-də Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə Özbəkistan nümayəndə heyəti ilə görüş keçirildi.

Mərkəzin direktoru Vilayət İsmayılov qonaqları səmimiyyətlə qarşılayaraq müəssisənin fəaliyyəti haqqında onlara geniş informasiya verdi. Azərbaycanda mədəniyyətin müxtəlif sahələrində olan yeniliklər barədə danışan direktor müasir mədəniyyətşünaslığın prinsipləri, bu sahədə görülən işlər haqqında danışdı. Qonaqlarla mövzu ətrafında fikir mübadiləsi aparıldı. Qeyd edildi ki, iki ölkənin mədəniyyətində ortaq tədqiqata ehtiyacı olan sahələr çoxdur. Bununla bağlı əməkdaşlıq haqqında razılıq əldə edildi.

Özbəkistan nümayəndə heyətinin üzvləri iyul ayının 8-9-da UNESCO-nun dəstəyi ilə Bakıda keçiriləcək “Davamlı inkişaf mədəniyyəti” mövzusunda beynəlxalq konfransda iştirak etməkdə maraqlı olduqlarını da bildirdilər. Qonaqlar həmçinin mərkəzin “Müasir mədəniyyətşünaslıq” elmi, metodiki, publisistik jurnalı ilə tanış oldularbu nəşrə Özbəkistan mədəniyyəti ilə bağlı məqalələri göndərməyi təklif etdilər. Söhbət zamanı qeyd edildi ki, bütün türkdilli xalqları birləşdirən ortaq mədəniyyət ümumi səylərlə təbliğ edilməli, ortaq dəyərlərimizə sahib çıxmalı, mənəvi-mədəni bağları genişləndirməliyik.

Sonra qonaqlar mərkəzin şöbələrinin işi ilə tanış oldular. Musiqi, muzey işi və digər şöbələrlə tanış olan dost ölkənin nümayəndələri Azərbaycan musiqisinin, mədəniyyətinin zənginliyinə heyranlıqlarını ifadə etdilər.

Qeyd edək ki, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Daşkənddəki Nizami adına Dövlət Pedaqoji İnstitutunda yaradılıb. Nümayəndə heyətinə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, cəmiyyət sədrinin müavini, Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri İsroil Şamsimuxamedov, "Türküstan" Respublika Sarayının rəhbəri Raxmatcan Abdullayev, Kəmaləddin Behzod adına Daşkənd Rəssamlıq və Dizayn İnstitutunun prorektoru, professor Dilfuza Raxmatullayeva və başqaları daxildir. Cəmiyyət ölkəmizin Daşkənddəki səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə iki ölkə arasında mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlıqla bağlı layihələr həyata keçirir. Özbəkistan nümayəndə heyətinin iyunun 9-dək davam edəcək səfər proqramına bir sıra görüşlər, mədəniyyət və tədris ocaqlarına tanışlıq ziyarətləri daxildir. İyunun 3-də qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Bundan əlavə, Azərbaycan Rəssamlıq Akademiyası, Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə tanışlıq nəzərdə tutulub. Nümayəndə heyəti iyunun 6-8-də Gəncə şəhərində səfərdə olacaq.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 4 iyun.- S. 4.