Xalçaçı
rəssamın yubiley sərgisi
İyunun 3-də Muzey
Mərkəzində Xalq rəssamı
Aydın Rəcəbovun anadan
olmasının 70 illik yubileyinə həsr
olunmuş sərgi açıldı.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açılışda çıxış edərək Aydın Rəcəbovun yaradıcılığından söz açdı, onun sənətdə özünəməxsus iz qoyduğunu vurğuladı: “Bu sərgi son illərdə xalçaçı rəssamların əsərlərinin nümayiş olunduğu ən böyük tədbirlərdən biridir. Xüsusi istedadı ilə seçilən Aydın Rəcəbov qədim xalçaçılıq ənənəsinə sahib mədəniyyət tariximizdə dərin iz qoyub. Xalçaçı rəssam Lətif Kərimovun sinfində təhsil almağı onun yaradıcılığına xüsusi təkan vermişdir. O, qədim xalçaçılıq sənətinin ənənələrini yaşadaraq öz düşüncə tərzi ilə daha da zənginləşdirməyə nail olmuş, müasirliklə sintez etməyi bacarmışdır”.
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov yubilyarla birlikdə keçən gənclik, tələbəlik illərindən danışdı. Aydın Rəcəbovu istedadlı sənətkar, əsl dost, etibarlı insan kimi xarakterizə edərək onun özünəməxsusluğunun əsərlərinin də ana xəttini təşkil etdiyini dedi.
Digər çıxış edənlər də Aydın Rəcəbovun yaradıcılığını yüksək qiymətləndirdilər. Rəssamın xalçalarında ölçüyə uyğun sıxlıq, zərif ilmə üsulu və əlvan rənglərin harmonik düzülüşünün əsərlərinə incə poetiklik gətirdiyi vurğulandı.
Xalq rəssamı Aydın Rəcəbov çıxış edərək sərginin təşkilində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu cür diqqət və qayğı yaradıcı insanı daha da məsuliyyətli işləməyə sövq edir.
Sonra iştirakçılar sərgi ilə tanış oldular. Aydın Rəcəbovun əsərləri estetik gözəlliyi ilə bərabər qədim xalq yaddaşından süzülüb gələn elementlərlə də zəngindir. Onun əsərləri Azərbaycan Xalça Muzeyində, Dövlət Rəsm Qalereyasında, Türkiyə, Almaniya, İtaliya, İspaniya, İsveçrə, Fransa və digər ölkələrdə müxtəlif şəxsi kolleksiyalarda saxlanılır. Rəssam öz xalça və naxış yaradıcılığında poeziya, orta əsr miniatür sənətimizin nümunələrinə və kompozisiya quruluşuna müraciət edir. “Şirinin Bisütuna gəlməsi”, “Bahar qızı”, “Şərq gözəli”, “Ud ifaçısı”, “Şahın elçiliyi” və başqa əsərləri onun süjetli xalçalarının əsas rəngarəngliyini təşkil edir. Aydın Rəcəbovun əsərlərinə baxarkən bir daha anlayırsan ki, rəssam ta qədimlərə, “Pazırık” kurqanının dərin qatlarına gedib çıxan milli xalça sənətimizin bütün incəliklərini bilir, onu zəmanəmizə daşıyaraq gələcək nəsillərə ötürür.
Rəssamın 40-a yaxın əsərinin nümayiş olunduğu sərgi iyunun 7-dək davam edəcək.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 4 iyun.-
S. 2.