Lənkəranda uşaqlar üçün bayram tədbiri

 

İyunun 1-də Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında 1 iyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə bağlı bayram tədbiri keçirildi. Tədbirdə Lənkəran Dövlət Rəsm Qalereyası və uşaq rəssamlıq məktəbi tərəfindən rəsm və tətbiqi sənət əsərlərinin sərgisi təşkil olunmuşdu. Uşaqlar üçün klounların və cizgi film qəhrəmanlarının iştirakı ilə əyləncəli səhnəciklər və müxtəlif nominasiyalar üzrə viktorinalar keçirildi. Qaliblərə hədiyyələr və diplomlar verildi.

Tədbirin bədii hissəsində yerli sənətçilərin ifasında musiqilər səsləndirildi, bağçaların rəqs kollektivləri maraqlı rəqs nömrələri təqdim etdilər. Günün ikinci yarısında rayonun Mədəniyyət və Turizm Şöbəsi tərəfindən O.Mirzəyev adına qarışıq tipli uşaq evində balacalar üçün bayram şənlikləri təşkil olundu.

 

İlqar Əzimov,

Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi

 

Mədəniyyət.- 2014.- 4 iyun.- S. 12.