Oxu, yar...
“Yenə o bağ olaydı”nı yenə o çağ, yenə o sağ olaydı kimi oxu...
...Yox, söhbət onun
yaşadığı bütöv siyasi-dramatik çağdan
yox, ayrıca poetik dəmlərdən
gedir. Və bunları onun
cansız (?!) bir əşyadan umduğu şanlı var kimi oxu, yar!
Qeyri-maddi mənəvi irsvari
oxu. Təkrarsız antikvarsayaq
oxu...
Səsindən ələtdirib şeirlər dinlədiyi o qəlbçalan alət kimi - sözün yaxşı üzünə - ruhumuzu tar-mar edən Tar kimi oxu. Nəğməsini su kimi alışan ruhuna çilətdirdiyi Tar kimi. Geniş kütlənin acısı, şərbəti, alovlu sənəti kimi oxu, bu Şairi...
Otuzca yaşına yetməmiş, sevimli-sevdalı Dilbərilə bir əməllicə kamına yetməmiş bu əbədi cavanı, lirika xanını bir daha oxuyun, yarlar! Hər ilin 5 iyununda özünüzü onun bu dünyaya gəliş-görüşünə sazlayın, 6 yanvarında isə bu dünyadan gedişinə sızlayın. Axı, “Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki - boşdur!” demiş bu ali, bu ümummilli Aşiq sizin hamınızı sevib! Keçmişdəkiləri də, indikiləri də, gələcəkdəkiləri də...
Yox, yox, onun ümumzaman “baxıcı”lığına şəkk etməyin və xatircəmlik üçün “Hayır, hörüklərin deyildir ilan, Bunu əski şair söyləmiş yalan!”, “Gecələr darayaydı saçlarını Ay, gözəl! Sən gözəlsən, Ay gözəl?”, “Şair yeni-yeni sözlər bulacaq, Kainat olduqca şeir olacaq!” misralarını xatırlayın...
Ölümü barədə daha çox düşünüb-daşındığımız bu əbədiyyət Aşiqinin bir göz qırpımına bənzər -
Olumu...
Bu “Bir göz qırpımı” sözü dastanlarda tez-tez işlənən və ən çox yaddaqalan bir deyimi də çəkir özünə: “Saçını orda islat, burda qırxdır”. Şeirlərindəki qeyri-adi mənaları, heyrətamiz təşbehləri, sirri-xuda qafiyələri bütöv bir aləmə bənzəyən bu Söz bahadırı otuzca ilə necə sığışıb, görəsən? Hansı ki, özü - tərcümeyi-halı bir-ikicə abzasda qapanır...
...Əslən Xızı rayonundan olan bu həmişəcavan azman 1908-ci il iyunun 5-də Bakıda - ziyalı ailəsində doğulub. Rus-tatar məktəbində ibtidai təhsil alıb, Bakı darül-müəllimində, 12 saylı II dərəcəli məktəbdə oxuyub, Azərbaycan Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsini bitirib.
Əmək fəaliyyətinə orta məktəbdə pedaqoq kimi başlayan Mikayıl, böyük sənətkarlıq aləminə, adlı-sanlı Müşfiq qələminə 1926-cı ildə - “Gənc işçi” qəzetində çıxan “Bir gün” şeirilə qədəm qoyur və elə həmin vaxtdan aramsız şimşək çaxışlı, ildırım sürətli, siyasi qəzayadək dayanacaqsız maşın-marşrutlu bir yaradıcılıq ömrü yaşayır. Sağkən - əslində, həbs edilənə qədər (...vur-tut 27 yaşınadək!) 10 kitab çap etdirə bilir, ədəbi ictimaiyyət tərəfindən “ikinci müəllif” kimi qiymətləndirilən xeyli tərcümələr edir, 1938-ci ilin 6 yanvarında güllələnir, Stalin erasında adının çəkilməsi belə yasaqlanır. Sonra siyasi buzlar əriyir, şəxsi gizlinlərdə, yaddaşlarda, könüllərdə göz bəbəyi kimi qorunan bu ümumxəlqi Sözbəzəyi yavaş-yavaş üzə çıxır, ədəbiyyat dərsliklərinə düşür və nəhayət, 1968-ci ildə vəfalı Dilbərinin “Müşfiqli günlərim” adlı xatirələr kitabı ilə otuz il idi ki, bağlanmış kitabı açılır...
Və... Xızı əsilli, İsmayılzadələr nəsilli, Əbdül Qadir atalı bu milli Azərbaycan oğlu haqda -
Oxu, söz!..
Yaranmışların birincisi
hesab edilən Söz,
sən də oxu! Onun “oxu!” dediyi tardan sonra
oxu! Könlümüz
qədim Xızıya,
sən ordan çox-çox müasir
yazıya meyllən və oxu!
Lap öncə qədim Xızının elə bəri başından başlanan ulu dağlarını, ürək-göbəyi
boyunca çeşməli-sulu
bağlarını, meşələrini,
qos-qoca xarakterini, uca mərdliyini, hər şeydə özəllik-gözəlliyini oxu...
Bu yumru Yer üzünün
Xızı ucalığına
- oranın biləndərlərindən
olan Sənan müəllimin təbirilə
- “Xızr peyğəmbər
məkanı”na yollanarkən,
təbii, bizi ilk olaraq ulu dağlar
qarşılayacaq. Ozanların eyzən
tapındığı dağlar.
Eynən
də aşıqların
aşiq olduğu, ədiblərin əbədi
mövzusu dağlar.
Dağlara da ki, təbiət gözüylə
baxsan - döşündə
cənnətlənər, qaşında
təblənərsən. Bəsirət gözüylə də baxa bilsən
- bütün ucalıqlardan
ucada əbədi bərqərar Rəbbimizi
görərsən. Gözəgörünməz Tanrını görmədən
görənlərəsə yerlər amin deyər, göylər zamin durar.
Bunları bir qəlbin diktəsilə yaddaşıma
yazıram ki, orada “neynim-neceləyim”də
qalmayım. Nə olsun ki, Cəfərini, Müşfiqini
söz-sirab etmiş bir yurda gedirəm,
axı, bəzən “söz çıxır ceyran belinə”. Ha deginən “darıxma, a qələm, darılma kədər, o mövzu doğmadırsa, qayıdıb
gələr”. Bir də
ki, axı, bu bəndəniz sözü sonalayıb-xanalayan
şair ha deyil; olayları halaylayıb-yolaylayan,
bu bəndəlik həyatın gündəlik
mər-mənzərəsini imla-inşavari hərzələyib-mirzələyənlərdən
birisi.
Budur, ulu, çeşməli-sulu dağlar. Bir az irəlidəki
kənddə yüz altı il öncə
yerli doğulub, yetmiş iki il bundan qabaq
yersizlər tərəfindən
qəribə-qərib öldürülmüş
bir şairə könül kişnər,
qəlb ağlar. O vaxtadək ağlar ki, bu dağların
birinin döşündə
bir melo-abidə görünər və könül də belə bir umu
üstə köklənər:
bu dağlar qoynunda da “Yenə
o bağ olaydı”dan beş-on misra:
Yenə
o bağ olaydı,
Yenə
yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca
Fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə
o bağ olaydı,
Səni
tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni
nəğmə,
Hər gün bir yeni
ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim,
Tellərindən incəmi?
Söylə, ürəyincəmi?..
Belə
təklif, belə sözlər kimin ürəyincə olmaz ki, İlahi?!.
Hə, odur, yolun solunda - ən qədim bayatıya bənzəyən
Sayaqlar kəndi - Müşfiqin ata-baba yurdu. Bir xeyli uzaqda isə tənha bir tikili.
Hə, daha söz bir daha
çıxmaz qəhətə;
o düzəngahi “ada”-odada - Müşfiq muzeyində nə hikmət desən tapa bilərsən; axı ora “Şair
yeni-yeni sözlər bulacaq, Kainat olduqca şeir olacaq!” bünövrəsi
üstə inşa edilib. Orayacan 5-10 millik məsafə,
5-10 minlik söz istəyimiz qalıb.
Təəssüf ki, bünövrə-bazisi
bu sayaq incilərdən qoyulmuş
bu binanın üstqurumu ustada layiq formada deyil.
Deyim ki, ölkəmizdə bəzi
sənətkarların abidə
və ev-muzeyləri özlərindən də
böyük yapıldığı
halda, bu - sənətkarlıq yaşı
senziycə yeniyetmə,
eşqcə, od-alovca,
ilham və təbcə qos-qoca Müşfiqimizin muzeyi onun “Oxu, tar”ının
sarı simi kimi...
Elə yolun sağında - dağ döşündə yaradılmış
tar abidəsi də ürəklərin sarı
siminə toxunub, könülləri duruldur. Deyirəm, o abidənin
altındakı təbii
“reklam” - “Oxu, tar” sözləri yazılmasaydı
da, burdan keçən hər kəs bilərdi ki, söhbət Müşfiqdən gedir.
Ümumiyyətlə, harda
tar var - orda Müşfiq var!
Maşından düşün, havalı-həyəcanlı
addımlarla muzeyə
yaxınlaşın. Əvvəlcə
Müşfiqin öz əllərilə əkdiyi
yeddi çinardan, belə deyək, “yerdə qalanlara”, sonra büstünə salam verin və
rəngarəng əleyküm-salamlar
alın ki, onlardan bir də
bu: “Bilməm, harda qaldı, o nazlı durnam?!”.
İçəri daxil olun. Çoxrəngli, geniş coğrafiyalı böyük Azərbaycan poeziya evinin Xızı gözünə
keçin. “Poeziya” söz-gözünü
vurğulamağım əbəsdən
deyil; axı, Xızının dramatik gözü də var - Cəfər Cabbarlının ev-muzeyi.
Düşünürəm... bu muzeyləri
adınalayan iki nəhəngin yaşını
toplasan, heç orta bir sənətkar
ömrü də eləməz. Dərindən-sərindən
hesablayanda isə bu əbədi sağolmuşların hər
birinin sənət yükü, uzun ömürlər sürüb
çox yaşamış
neçə-neçə “ağolmuşlar”ın dizini
yerə gətirərdi!
Bu muzeyin həyəti
də adını daşıdığı nakamın
həyatı kimi qəmli. Binanın interyeri
də fasadı kimi - bir qəm
cah-calalı... Nə yaxşı
ki, Müşfiqin öz ab-havası, fotolarda adamı hipnoz edən odlu-yanğılı baxışları,
alovlu misraları varmış. O baxışlar
baxanların gözlərini
yaşartdıqca, məlum
misralar bir ipək yaylıq kimi qurulayar...
Buradakılar... Nə deyək, nə
adlandıraq buradakıları?
Eksponatlar? İnventarlar? Demək olmur. Müşfiq kimi həmişəcanlı
duyğu hara, “eksponat”, “inventar” kimi yatılı-yuxulu uyğular hara?! Yaxşı,
bəs, nələr?
Amma o ustad söz kanı, məna kankanı özü tapıb deyə bilərdi... Ki, buradakılar sənətdən kamlığın,
həyatdan nakamlığın
maddi qafiyələri!
Deyərdi, bax bu sağdakı 39 şəkil həyat eşqli dəmlərin təcəllası, sol yandakı
40-cı isə qanlı
hakimiyyətin doğurduğu
qəmlərin məcəlləsi...
“Oxu, söz!” deyə, çox sözlər deyərdi - sənədcə yeniyetmə,
sənətcə baba
Müşfiq! Özü
də bizim kimi uzun-uzadı yox - sözü bir deyərdi, mənanı minbir...
Tahir Əhmədalılar
Mədəniyyət.- 2014.- 6 iyun.-
S. 12.