Tarzən və
xanəndə
“Muğamı bilən musiqinin bütün qapılarını açmış olur”
Zəngin tarixə
malik Azərbaycan tar
ifaçılıq sənəti əsasən XIX yüzillikdən
başlayaraq inkişaf
edib. XX əsrdə görkəmli sənətkarların
ifasında bu ulu musiqi alətimiz əsl intibah
dövrünü yaşayıb. Müstəqillik illərində isə Azərbaycan
tarının səsi-sorağı daha
mötəbər konsert salonlarından, nüfuzlu beynəlxalq təşkilatlardan gəlməyə
başladı. 2012-ci ildə Azərbaycan tar
ifaçılıq sənəti UNESCO-nun
qeyri-maddi mədəni irs
siyahısına daxil edildi...
1931-ci ildə görkəmli musiqiçilər Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin təşəbbüsü ilə yaradılmış ilk notlu xalq çalğı alətləri orkestrində tar aparıcı alət kimi əsas yeri tutub. Üzeyir bəy tarın ifaçılıq imkanlarına, akustik səslənmə xüsusiyyətlərinə istinad edərək yazır: “Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür”.
Əsası dahi bəstəkar tərəfindən qoyulmuş notlu ifaçılıq məktəbi tarın texniki və bədii imkanlarını daha da artırıb. Tar muğam üçlüyünün tərkibində (tar, kamança, qaval) aparıcı alət kimi istifadə edilib və bu gün də muğam sənətinin inkişafında müstəsna rol oynayır. Bu alətin virtuoz ifaçıları isə hər zaman el arasında tanınaraq şöhrət qazanmışlar. Belə tarzənlərdən biri də Şirulla İmanov (1909-1976) olub.
Şirulla İmanov ötən əsrin əvvəlində Bakıda təşkil olunan konsertlərə həvəslə qatılırdı. Tarzənin bacarığını yüksək qiymətləndirən Ü.Hacıbəyli opera tamaşalarında tar ifaçılığını məmnuniyyətlə ona həvalə edirdi. Ş.İmanov yaradıcılığa başladığı ilk dövrlərdə iki premyeranın iştirakçısı olur. Bunlardan biri 1916-cı ildə “Tağıyev teatrı”nda Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Əhməd Bədəlbəyli və digər korifey sənətkarların iştirakı ilə səhnəyə qoyulan Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, digəri isə 1919-cu ildə Müslüm Maqomayevin “Şah İsmayıl” operası olur. Bu premyeraların uğurundan ruhlanan gənc Şirulla söz verir ki, nə vaxtsa bu səhnədə özünü xanəndə kimi də sınayacaq. Bir neçə ildən sonra arzusu reallaşır. O, Opera və Balet Teatrı və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərir. M.Maqomayevin “Şah İsmayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Şeyx Sənan” operalarında sənətkar həm vokal, həm də tar ifaçısı kimi tamaşaçıların rəğbətini qazanır.
Böyük Vətən müharibəsi (1941-1945) illərində tarzən öz sənət yoldaşları ilə birlikdə hospitallarda yaralılara baş çəkir, ifası ilə dərdlərinə məlhəm olmağa çalışır, eyni zamanda əsgərlər qarşısında çıxışlar edərək onları qələbəyə ruhlandırır.
* * *
Sənətkarın Çəmbərəkənddə yerləşən evində mütəmadi olaraq dostları yığışar və muğam gecələri təşkil edilərdi. Onun gəlini Cənubə İsmayılova həmin günləri belə xatırlayır: “Bizim evdə muğam ustadları və biliciləri Xan Şuşinski, Firudin Şuşinski, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Məmmədəli Əliyev, Qurban Pirimov qonaq olardılar. Dost məclisləri çox zaman improvizasiya gecələrinə çevrilər, muğamlardan parçalar ifa olunar və bu ifaların xoş sədasına qonşular da yığışaraq böyük sənətkarları heyranlıqla dinləyərdilər. Şirulla İmanov görkəmli sənətkarlardan Sara Qədimova, Rübabə Muradova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova və başqaları ilə birlikdə çalışıb, qastrol səfərlərində olub. Onu kollektivlə birlikdə əsasən Orta Asiya respublikalarına qastrola dəvət edərdilər. Sənətkar deyərdi ki, “Muğam sənətini bilən insan musiqi sənətinin bütün qapılarını açmış olur”.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 6 iyun.-
S. 11.