Büllur sarayda

 

yaxud “qızıl taxt”ın kabusları...

 

Demək, həqiqətə çatmaqözünü xoşbəxt hiss etmək üçün yeganə yol içindəki səsi dinləmək və onun diktəsi ilə yol yoldaşı olmaqdır. Bu isə elə də asan və hər kəsin işi deyil. Biz cəmiyyət “qanun”larına tabe, yan-yörəmizə əqli-hissi möhtac olduqca heç mümkün görünmür də. Demək, aqibət eynidir. Büllur sarayda məhbəs əzabı çəkən, bunu anlayan və sadəcə özünə əzab verən qəhrəman kimi...

 

Bu ağır və daim müasir mövzu yenidən teatrımızın səhnəsindən hayqırdı. Azərbaycan ədəbiyyatının hələ sağ ikən klassikləşən ustadlarından biri, Xalq yazıçısı İlyas Əfəndiyevin bütün zamanlarda məşhur olan və teatrların repertuarında özünə yer tutanBüllur saraydapyesi əsasında eyniadlı tamaşa sənətsevərlərlə görüşdü. Bu dəfə Dövlət Rus Dram Teatrının və onun özünəməxsus yozumu və yanaşması ilə seçilən baş rejissoru, Xalq artisti Aleksandr Şarovskinin traktovkasında.

Ədibin 100 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru tamaşada müəllif ideyasının müasirliyinin qorunub saxlanmasına nail olub. Dekorasiya üzrə rəssamlar Səkinə ZeynalovaAleksandr Fyodorov, geyim üzrə rəssam Olqa Abbasova tamaşanı baxımlı etmək üçün gözəl fon yarada bilmişdilər. Məsələn, səhnədə qurulan hovuz, onun ətrafındakı zəngin həyatının təsviri və hündür dekor elementləri vizual baxımdan öz işini mükəmməl icra etdi. Səhnədə qurulmuşbüllur qala” isə əsərin adının ifadəsi baxımından uğurlu idi. Rejissor müxtəlif insan xarakterləri yaradan müəllifin bu gün üçünaktual olan tendensiyalarını qabarıq şəkildə tamaşaçı ilə qovuşdurdu.

Tamaşanı yarımçıq arzuların nisgilli şərqisi də saymaq olar, zamanın insanlığın üzünə vurduğu tərs sillə də. Hər halda, əsərin gənc qəhrəmanları, ürəyi arzularla dolu sevgililər Aynur (Həcər Ağayeva) və Həbibin (Cövdət Şükürov) nisgilli və ibrətamiz hekayəsində hər şey çox aydın idi: insan getdiyi yolu özü müəyyən edirsonunu da təxmini bilir. Həcərin qəhrəmanının simasında biz bu sonrakı peşmanlığın acı dramının şahidinə çevrildik.

Səhnə əsərinin əvvəlində gənc qız sevgilisi Həbiblə qurduğu gələcək planlarda, doğulacaq övladına adqoymada, səyahətlərdən evdarlığa, çılğın gənclikdən nikbin qocalığadək bütün plan-proqramlarda emosiyasını itirmədi. Bu halına tamaşaçılarını da ən az elə zavallı Həbib qədər inandıra bildi. Aktrisanın mükəmməl oyunu və aydın çıxışı onun obrazı öz daxilindən keçirməkdə elə də əziyyət çəkmədiyini göstərirdi.

Beş ildən, verdiyi vədlərdən ötən bu uzun və ağrılı zamandan sonra Aynur artıq aşiq deyil, utancaqromantik qız illər keçmişdə qalıb. O, cah-calal içində yaşayır. Mənasız və sonsuz bir kef içindədir. Atası Ağahüseynin (Fuad Poladov) bu dibi görünməyən quyunu xatırladan var-dövlətinin haradan qaynaqlandığı, pulları hansı yolla qazandığı da ona maraqlı deyil. Çünki bu sonsuz var-dövlət üçün verdiyi qurbanı - Həbibi də unutmaq istəyir. Səbəbi də yenə maddiyyat və valideynləridir. Belə ki, kasıb sevgilidən ayrılan Aynuru valideynləri ərə getməyə məcbur edirlər və buna nail olurlar. Lakin bu nikah qızı xoşbəxt etmirqurama ailə tezliklə dağılır. Və beləcə, gənc qadının boş və mənasız həyatı başlayır. Dost-tanışları da Aynur kimidir, ona ömrünü puç etməkdə “kömək” edir, öz maraqlarından başqa heç nə haqqında düşünmürlər. Ağahüseyn və arvadı Cəvahir xanım (Natalya Şarovskaya) da Aynur üzərindən yeni planlar qurur, qızlarını bu dəfə çox nüfuzlu və zəngin Qədimə (Fuad Osmanov) ərə vermək istəyirlər. Bu nikahdan ailə zənginliyinin daha da möhkəmlənməsi marağını güdən valideynlər istəklərinə çatmaq üçün hər vasitəyə əl atırlar.

Qədim çox zəngin, yaraşıqlı və əliaçıqdır. Onun arvadı olmağı çoxları arzu edir. O isə Aynuru, Həbibə xəyanətinə, zənginliyə satdığına görə özünü bağışlaya bilməyən qadını istəyir. Əslində, Qədim Aynura yaxşı bələddir. Onun beş il əvvəl kiçik mənzildə anası ilə birgə yaşayan Həbibi necə tərk etdiyini bilir. Ona görə də gənc və gözəl xanıma zavallı Həbibin verə bilmədiklərini səxavətlə vəd edir. Amma, necə olmasa, “qızıl qəfəs”də də həyat elə sadə deyil. Xəyanət, alçaqlıq və intriqalar zənginləri ağuşuna alıb sürükləyir.

Bütün bunlar Aynuru sıxır və o, bataqlıqdan qopmağa, qaçmağa çalışır. Təbii ki, çıxış yolunu illər əvvəl tərk etdiyi Həbibdə axtarır. Lakin hər şey üçün artıq çox gecdir. Qürurlu kişi keçmişlə vidalaşıb, xəyanəti bağışlamadan xarakterindəki dürüstlük sayəsində özünə pakdoğru yol seçib. O yolun sonunda, mənzil başında isə onu Aynur yox, tam başqa arzular, fərqli qadın, yeni əbədi təsəvvürlər gözləyir...

Sonluq həzin musiqinin, “Mənim məhəbbətim” mahnısının (bəstəkar, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə) və onun mükəmməl ifasının (Xalq artisti Brilyant Dadaşova) sayəsində daha təsirli və kövrək alındı. Tamaşanın əsas qəhrəmanlarının ifaçıları ilə yanaşı, onların tərəf-müqabilləri də obrazların öhdəsindən ustalıqla gələ bildilər.

Dramatik pyesin səhnə həllində komik detallara da ara-sıra yer verən rejissor bununla tamaşaçıları dərin kədərdən xilas etməyə nail olmuşdu. Xalq artisti Fuad Poladov, Əməkdar artistlər Natalya Şarovskaya, Fuad Osmanov, Natalya Balıyeva, aktyorlar Olqa Arsentyeva, Rüfət Nəzərov, İnna İmranova, Ramil Əliyev, Rüstəm Kərimov, Fatimə Əliyeva, Olesya Qasımova, Oksana VatolinNadir Abdürəhimbəyovun oyunu, rollarının miqyasından asılı olmayaraq, yaddaqalan idi.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 6 iyun.- S. 7.