Rəssamlıq Akademiyasında özbəkistanlı qonaqlarla görüş

 

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri ilə daha bir görüş iyunun 5-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) keçirildi.

 

Akademiyanın rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov qonaqları səmimi qarşılayaraq təhsil ocağının fəaliyyəti haqqında məlumat verdi. Qeyd olundu ki, 2000-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaranan akademiya qısa müddət ərzində zəngin inkişaf yolu keçib. ADRA-da respublikanın görkəmli heykəltəraş və rəngkarları, qrafik və dizaynerləri, dekorativ-tətbiqi sənətin tanınmış nümayəndələri çalışır. Akademiya güclü yaradıcı və intellektual potensialı olan sənət ocağıdır. Rektor zəngin sənət ənənələrinə malik Özbəkistanla sıx əlaqələrdən söz açdı, Azərbaycan tədqiqatçılarının bu ölkədə dissertasiya müdafiə etdiklərini vurğuladı. Ömər Eldarov dost ölkədə bir neçə heykəlin müəllifi olduğunu da diqqətə çatdırdı.

ADRA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı Fuad Salayev, beynəlxalq əlaqələr üzrə prorektor, Xalq rəssamı Səlhab Məmmədov, tədris işləri üzrə prorektor, professor Validə Məmmədova da təhsil ocağının imkanlarından danışdılar. Bildirildi ki, buradakı muzey-sərgi kompleksi tədris prosesində özünəməxsus yer tutmaqla yanaşı, mədəniyyət mərkəzi kimi də fəaliyyət göstərir, yerlixarici rəssamların sərgiləri nümayiş olunur, müsabiqələr keçirilir. Akademiyadaİstedad” hazırlıq kursları, xarici vətəndaşlar üçün yay məktəbləri fəaliyyət göstərir.

Qonaqlar səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirdilər. Qarşılıqlı əlaqələr və təcrübə mübadiləsi barədə fikirlər səsləndi. Kəmaləddin Behzod adına Daşkənd Rəssamlıq və Dizayn İnstitutunun prorektoru, professor Dilfuza Raxmatullayeva Özbəkistanda rəssamlıq sənətinin köklü ənənələri olduğunu vurğuladı. Hazırda ölkədə bir neçə rəssamlıq məktəbinin və müasir sərgi salonlarının fəaliyyət göstərdiyini, ayrıca gənclər üçün müasir və ənənəvi sərgi qalereyalarının da olduğunu nəzərə çatdırdı. Qeyd olundu ki, Azərbaycana səfərlərinin məqsədi bu sahələrdə əlaqələrin daha da genişləndirilməsidir.

Sonra qonaqlar akademiyanın binası və muzey-sərgi kompleksi ilə yaxından tanış oldular, tələbələrin əl işlərini və tədris prosesini izlədilər.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.-6 iyun.- S. 6.