Poznan Universitetində “Azərbaycan günü

 

Polşanın Adam Mitskeviç adına Poznan Universitetində “Azərbaycan günü” adlı tədbir keçirilib.

 

Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov ölkələrimiz arasında diplomatik əlaqələrin yaranma tarixindən danışıb, iki xalqın keçmişinin oxşar olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanda çoxsaylı milli azlıqların birgə yaşaması, müxtəlif dinlərin yanaşı mövcudluğu azərbaycanlıların tolerant xalq olmasına əyani sübutdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın son 10 ildə əldə etdiyi nailiyyətlərdən söz açan diplomat tələbələrin suallarını cavablandırıb.

Tədbirdə Azərbaycanın Polşadakı səfirliyi tərəfindən polyak dilində nəşr edilmiş 25 adda kitabın təqdimatı keçirilib. Təqdimatdan sonra kitablar tələbələrə və universitet kitabxanasına hədiyyə edilib. Sonda Azərbaycan haqqında film nümayiş etdirilib, iştirakçılara milli mətbəximizin nümunələri təqdim olunub.

 

Mədəniyyət.- 2014.- 6 iyun.- S. 5.