Cizgi filmlərimiz Daşkənddə nümayiş olunub

 

İyunun 5-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yeni cizgi filmlərimizin nümayişi olub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göndərilən yeni cizgi filmlərini Daşkənddəki orta məktəblərin, habelə türk liseyinin şagirdləri izləyiblər.

 

Tədbirdə Azərbaycanın və Türkiyənin Özbəkistandakı səfirliklərinin, həmçinin Özbəkistan Uşaq Kitabxanasının nümayəndələri, özbək uşaq yazıçıları iştirak ediblər. Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan uşaq jurnallarının və kitablarının sərgisi təşkil olunub, uşaqlar Azərbaycan şirniyyatlarına qonaq ediliblər.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək cizgi filmlərinin uşaqların intellektual inkişafı üçün əhəmiyyətli olduğunu bildirib. Özbəkistandakı Türkiyə səfirliyinin mədəniyyət və təhsil üzrə müşaviri Cihan Varlıq Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirib, cizgi filmlərinin uşaqların özlərini dərk etməsi, ətraf aləmi kəşfi üçün önəmli rola malik olduğunu vurğulayıb.

Mərkəzin nəzdindəki rəqs kollektivinin üzvləri Azərbaycan rəqslərini ifa ediblər. Daha sonra nümayiş olunan "Cırtdan", "Tık-tık xanım", "Meşəyə insan gəlir" və s. Azərbaycan cizgi filmləri uşaqlar tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2014.- 6 iyun.- S. 4.