Müasir ədəbiyyatımızın Vaqifi
Xalq şairinin 75 illik yubileyi təntənəli şəkildə qeyd edildi
İyunun 5-də Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında müasir Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, Xalq şairi Vaqif Səmədoğlunun
75 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçirildi. Yubiley tədbirində dövlət
rəsmiləri, millət vəkilləri, mədəniyyət,
ədəbiyyat, elm xadimləri, ictimaiyyət
nümayəndələri iştirak edirdi.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Xalq şairinin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açdı. Vaqif Səmədoğlunun müasir Azərbaycan ədəbiyyatına mühüm töhfələr verdiyini qeyd edərək onun yubileyinin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirdi: “Vaqif Səmədoğlunun yaradıcılığı Azərbaycan mədəniyyətinin təkrarolunmaz səhifələrindəndir. Mən onu uzun illərdir tanıyıram və tanıdığım üçün xüsusi olaraq qeyd etməliyəm ki, o, ölkədə baş verən ictimai-siyasi hadisələrə hər zaman reaksiya verib, öndə gedib. O, xalqı və vətəni olan Azərbaycanı çox sevir, xalq da onu sevir. Onun fitri istedadı və təvazökarlığı ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmışdır”.
Vaqif Səmədoğlunun yaradıcılığının dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayan Ramiz Mehdiyev ölkə Prezidentinin 5 iyun tarixli sərəncamı ilə şairin “İstiqlal” ordeni ilə təltif edildiyini bildirdi. Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin şairə ünvanladığı təbrik məktubunu, onun “İstiqlal” ordeni ilə təltif olunması haqqında sərəncamın mətnini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Səhnəyə çıxan Xalq şairinə “İstiqlal” ordeni təqdim edildi. Ürək sözlərini bölüşən şair ölkə başçısına təşəkkürünü bildirdi, istiqlaliyyət, milli azadlıq uğrunda hərəkatda iştirak etdiyinə görə bu ordenin onun üçün əziz olduğunu bildirdi.
Gecədə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, Xalq artisti Ramiz Həsənoğlu çıxış edərək yubilyara təbriklərini çatdırdılar. Ədəbiyyatımızın altmışıncılar nəslində özünəməxsus yeri olan qələm sahibinin yaradıcılıq məziyyətlərindən, orijinal üslubu, poetik tapıntıları ilə fərqlənən poeziyasının yaddaqalan nümunələri haqqında söz açdılar. Eyni zamanda özünü dramaturq kimi tanıdan şairin istedadının məhsulu olan ədəbi nümunələri xatırlatdılar. XX əsr Azərbaycan poeziyasında müxtəlif ədəbi nəsillər və yaradıcılıq formaları arasında körpü yarada bilən Vaqif Səmədoğlu poeziyasının xüsusiyyətlərindən söz açıldı.
Çıxışlardan sonra tədbir bədii proqramla davam etdi. Proqramda “Qaya” vokal instrumental, “Dan ulduzu” instrumental ansambllarının müşayiəti ilə Xalq artisti Mübariz Tağıyev, müğənnilər Aqşin Abdullayev, Şəhla Həmidova, eləcə də Akademik Milli Dram və Sumqayıt Dövlət Musiqili Dram teatrlarının aktyorlarının iştirakı ilə müəllifin pyesləri əsasında səhnələşdirilən tamaşalardan parçalar nümayiş olundu, şeirlərindən nümunələr səsləndirildi.
Həmidə
Mədəniyyət.- 2014.- 6 iyun.-
S. 2.