Ağstafa mədəni həyatın yeni mərhələsində

 

Son illərdə, ölkəmizin digər bölgələri kimi, Ağstafa rayonunda geniş tikinti-quruculuq, abadlıq işləri aparılır. Görülən işlər rayonun mədəni həyatına da təsirsiz ötüşmür. Təkcə son bir neçə ayda təşkil olunan tədbirlər, həyata keçirilən layihələr mədəni mühitdə canlanmadan soraq verir.

 

Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan müəssisələr bu ilNovruz bayramını yüksək səviyyədə qeyd etdilər. Təqdim olunan möhtəşəm konsert proqramı isə uzun müddət tamaşaçıların yaddaşından silinməyəcək. Rayon ərazisində yerləşən hərbi hissələr də bu bayram təntənəsindən öz paylarını aldılar.

Tədbirlər proqramına müvafiq olaraq 31 Mart - Dünya Azərbaycanlılarının Soyqırımı Günü ilə də bağlı mədəniyyət müəssisələrində tədbirlər keçirildi, xalqımızın tarixi faciələrinin mahiyyətindən söz açıldı.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar bədii-qiraət, inşa-yazı, rəsm müsabiqələri, gülkitab bayramları təşkil olundu. Bu münasibətlə keçirilən konsertdə Şəmkir şəhər uşaq musiqi məktəbi kollektivinin də çıxışı tədbirə əlavə rəng qatdı.

Böyük Vətən müharibəsində qələbənin 69-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə rayonun incəsənət ustalarının hazırladıqları konsert proqramı da bir-birindən maraqlı ifalarla sakinlərin könlünü oxşadı.

Görkəmli ədib, ssenarist, Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) vəfatı ilə əlaqədar Ağstafada xatirə gecəsi keçirildi. Gecədə sənətkarın ömür yolundan və yaradıcılığından söhbət açıldı, xatirələr canlandırıldı.

Tanınmış teatrkino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Tariyel Qasımovun 75 illiyinə həsr olunan yubiley tədbiri də rayonun mədəni həyatında yaddaqalan hadisə oldu. Bir çox incəsənət xadimlərinin qatıldığı tədbir sənətsevərlərin qəlbində silinməz izlər buraxdı.

Ağstafa rayonu istedadlı gəncləri ilə də həmişə fəxr edib. Onlar ölkəmizdə və xaricdə keçirilən müsabiqələrdə uğur qazanır, mədəniyyətimizi təbliğ edirlər. Bu mənada saz ifaçısı Qoca Ərəbovun gənc istedadların respublika baxış-müsabiqəsində II yerə çıxması bunun əyani sübutudur. Türkiyədə keçirilən ənənəvi “23 aprel - Uşaq bayramı”nda ölkəmizi artıq üçüncü ildir təmsil edən “Ləman” rəqs qrupunun II yerə layiq görülməsi mədəniyyət və incəsənətimizə dövlət tərəfindən göstərilən qayğının nəticəsidir. Bundan başqa, Ağstafa rayon komandasının Şəkidə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan milli atüstü oyunlar festivalında sürpapaq oyunu üzrə I yerə çıxması bu sahənin də inkişafının göstəricisidir.

Ağstafada mədəni-kütləvi tədbirlər ilboyu davam edəcək. Yaxın vaxtlarda Xalq şairi Hüseyn Arifin 90, tanınmış qələm sahibi Eyvaz Qələmçəlinin 85 və yazıçı Fəridə Ləmanın 50 illik yubileyləri ilə bağlı tədbirlər keçiriləcək.

 

Laiq Qələndərli,

Ağstafa şəhər Heydər Əliyev Muzey Mərkəzinin baş elmi işçisi

 

Mədəniyyət.- 2014.- 11 iyun.- S. 12.