Ədəbi tənqid məktəbi
yaradan alim
Məmməd
Arif - 110
Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə qeyd olunan
yubileylər
Azərbaycan ədəbiyyatşünaslıq
elminin, xüsusilə ədəbi tənqidinin
inkişafında müstəsna xidmətləri olan elm xadimlərinin
adı çəkiləndə ilk xatırlananlardan biri də
akademik Məmməd Arifdir. Zəngin yaradıcılıq yolu
keçən görkəmli alimin istər ədəbi tənqid
istiqamətində, istərsə də ədəbiyyat nəzəriyyəsi,
müasir ədəbi prosesə dair araşdırmaları ilə
ədəbiyyatşünaslığımızda Məmməd
Arif məktəbi formalaşdırmışdır.
Təsadüfi
deyil ki, Prezident İlham Əliyevin böyük alimin anadan
olmasının 110 illiyinin qeyd edilməsi haqqında 15 aprel
2014-cü il tarixli sərəncamında da
bu məqam xüsusi vurğulanır. Qeyd olunur
ki, “Məmməd Arif XX əsr Azərbaycan ədəbiyyatşünaslığının
və ədəbi tənqidinin formalaşdırılması və
inkişaf etdirilməsində böyük rol
oynamışdır. Milli ədəbiyyat
tarixinin yaradılmasında yaxından iştirak edən alim
respublikada yüksək ixtisaslı elmi kadrların
hazırlanması işinə töhfələrini əsirgəməmişdir”.
Məmməd
Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyunun 10-da Bakıda anadan olub. Dövrün
çətinliklərinə baxmayaraq, təhsil almağa sonsuz
həvəsi olur və bu istəklə 1920-ci ildə
Bakıdakı rus-tatar məktəbini bitirir. Görkəmli
alim haqqında axtarış apararkən özünün belə
bir xatirəsinə rast gəlirik: “İlk dəfə
oxuduğum Abdulla Şaiqin hekayələri və “Məktəb”
jurnalı oldu”. 1920-1930-cu illərdə
Süleyman Sani Axundovun müdiri olduğu I dərəcəli
5-ci sovet məktəbində müəllim işləmişdir.
Eyni zamanda o, 1925-ci ildə Xalq Maarifi
İnstitutunu bitirmişdir. 1925-1930-cu illərdə
Azərbaycan Dövlət Universitetində təhsil
almış, sonra Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat
İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.
Mənəvi
zənginlik
Məmməd
Arifin həyat yoluna onun nəvəsi, Əməkdar incəsənət
xadimi, Bakı Musiqi Akademiyasının professoru Zümrüd
Dadaşzadə ilə nəzər saldıq:
-
Çexov deyirdi ki, insanda hər şey gözəl
olmalıdır. Mənim babam da məhz belə
bir şəxsiyyət idi. Qəlbi də
fikirləri kimi gözəl idi. Onun
görkəmi, daxili mədəniyyəti, üzünün
nuru, nəcibliyi, mənəviyyatı bir-birini
tamamlayırdı. Çox təmkinli bir
insan idi. Yəqin elə buna görə də
zamanın fırtınalarından alnıaçıq
çıxa bilmişdi.
Məmməd
Arif Azərbaycan oxucusunu müasir ədəbiyyat və
dünya ədəbiyyatı ilə tanış
etmək istəyirdi. Bu sahəyə çox həssas
yanaşırdı. Babam milli köklərə
bağlı insan idi. Biz qardaşımla ötən əsrin
60-cı illərində Bülbül adına
orta ixtisas məktəbində oxuduğumuz zaman dərs
proqramımızda əsasən qərb bəstəkarlarının
əsərləri üstünlük təşkil edirdi. O
zaman babam deyirdi ki, mütləq öz milli musiqimiz də
uşaqlara tədris edilməlidir. Bir gün bizi opera teatrına
apardı və dedi ki, sizi Üzeyir Hacıbəylinin
yaradıcılığı ilə tanış
edəcəyəm. Biz uşaq dünyamızla
“Əsli və Kərəm”in dərinliklərini tam başa
düşməsək də, həmin günü xoş xatirələrlə
xatırlayıram. Bizi hər zaman
böyük ədəbiyyat oxumağa
çağırırdı. Mənə belə gəlir
ki, onun iş otağından süzülən işıq,
makinasının taqqıltısı qardaşımla məni
tərbiyə edirdi.
1920-ci ildə artıq Məmməd Arifin özü də
yazmağa başlamışdı və bir neçə
şeir və hekayəsi dərc olunmuşdu. 16
yaşından müəllimlik fəaliyyətinə
başlayan babam vaxtaşırı “Molla Nəsrəddin”
jurnalına felyetonlar göndərərmiş. 1932-1941-ci illərdə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunda baş müəllim, “Rus ədəbiyyatı”
kafedrasının dosenti olmuşdur. Uzun illər
Azərbaycan Dövlət Universitetində
çalışmış, 1941-1950-ci illərdə burada “Rus
ədəbiyyatı” kafedrasının müdiri olmuş,
1955-ci ildə professor elmi adını almışdır.
Eyni zamanda o, 1930-1940-cı illərdə Azərbaycan
maarif nazirinin (komissarının) müavini vəzifəsini
tutmuş, 1941-1947-ci illərdə “Vətən uğrunda”
jurnalının baş redaktoru işləmişdir.
Z.Dadaşzadə
qeyd edir ki, görkəmli alim ədəbi
yaradıcılığını davam etdirsəydi, bəlkə
də məşhur yazıçı və ya şair ola bilərdi:
- Amma o
daha çətin bir yol seçdi - ədəbi tənqid. Məmməd Arifin elmi yaradıcılığı
XX əsrin böyük bir mərhələsini - 50 illik ədəbiyyat
tarixini əhatə edir. O, müasirləri arasında
ustad tənqidçi kimi tanınırdı. Tənqidçinin
istedadı nadir istedaddır. Bu mənada
deyə bilərəm ki, bədii əsərlərə məhəbbət,
dərin və hərtərəfli tədqiqetmə, obyektivlik
kimi keyfiyyətlər babamın fəaliyyətində bir vəhdət
təşkil edirdi. Qibtə ediləsi
enerjiyə malik olan Məmməd Arif həm klassik ədəbi
irsimizdən, müasir ədəbiyyatın problemlərindən
yazır, həm də rus klassiklərindən tərcümələr
edirdi. Ədəbiyyata tənqidi və
publisistik məqalələrlə gəlsə də, sonradan
teatr və dramaturgiya məsələləri ilə məşğul
olmuşdu. Onun tamaşalar haqqında məqalələri
teatrımızın inkişafında böyük rol
oynayır. Teatrımızın problemləri
barədə həmişə ürək yanğısı ilə
yazardı.
Tədqiqatlar
və təşkilatçılıq
Məmməd
Arif tənqid məktəbinin davamçısı, akademik
Kamal Talıbzadə ustadı haqqında yazırdı: “Məmməd
Arifin tənqidi heç vaxt ancaq faktı sadəcə qeydə
alan, əsər və müəllif barədə
quruca məlumat verən tənqid olmamışdır. O, bir tənqidçi
kimi təhlil etdiyi əsərin mövzusu ilə əlaqədar
mühüm ictimai, siyasi, əxlaqi məsələlər
qaldırmış, oxucuya düşünmək
üçün əlavə fikri material vermiş,
yazıçı qarşısında yeni
yaradıcılıq vəzifələri qoymuşdur”.
Tədqiqat
diapazonu milli məhdudiyyət tanımayan alim öz məqalələrində
Nizami, M.Gəncəvi, Füzuli, Natəvan, S.Ə.Şirvani
ilə yanaşı, Nəvai, Şekspir, N.Qoqol,
İ.Qonçarov, T.Şevçenko, A.N.Ostrovski,
M.Saltıkov-Şedrin, İ.Franko, R.Taqor və digər
görkəmli şair və yazıçıların əsərlərini
ciddi surətdə təhlil etmişdir. Ədəbiyyatşünasın
“Cəfər Cabbarlının yaradıcılığı”,
“Səməd Vurğunun dramaturgiyası”, “Azərbaycan ədəbiyyatının
tarixi” (rus dilində) və digər monoqrafiya və
kitabları, məqalələri bu gün də
aktuallığını itirməyən dəyərli elmi mənbələrdir.
Akademik Məmməd Arif eyni zamanda elm təşkilatçısı
olaraq böyük işlər görmüşdür. Belə ki, Azərbaycan Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat
və Dil İnstitutunun təşəkkülündə,
strukturunun, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində
onun xüsusi xidmətləri var. O, bu elm ocağında 1938-ci
ildən çalışmağa başlamış, institutun
direktoru vəzifəsinə qədər yüksəlmişdir.
Ancaq zamanın qara yelləri digər elm və mədəniyyət
fədailərimiz kimi Məmməd Arifdən də yan
keçmir. Elm adamlarına qarşı təqib
və qarayaxma kampaniyasında iştirak etməkdən boyun qaçıran
alim Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
qəzəbinə tuş gəlir və institutun direktoru, habelə
universitetdə kafedra müdirliyindən azad edilir. Hətta
partiya sıralarından və Yazıçılar
İttifaqından da xaric edilən Məmməd Arif bir
neçə il ev dustağı vəziyyətində
olur. Lakin 1957-ci ildə o, Ədəbiyyat və
Dil İnstitutunun direktoru vəzifəsinə bərpa edilir,
1960-cı ildən ömrünün sonunadək Elmlər
Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərir.
Bu dövrdə humanitar elmlər sahəsində
bir sıra fundamental tədqiqatların aparılmasında onun
xüsusi xidmətləri vardır.
Eyni
zamanda tərcüməçi, pedaqoq, nasir kimi tanınan,
Əməkdar elm xadimi fəxri adına və
Dövlət mükafatına layiq görülən fədakar
alim 1975-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Ziyalılığın
təcəssümü
Qeyd edək
ki, görkəmli alimin 110 illik yubileyi çərçivəsində
formalaşması və inkişafına böyük töhfələr
verdiyi Nizami adına Ədəbiyyat
İnstitutunda elmi konfrans keçiriləcək. İnstitutun əməkdaşı,
tənqidçi, filologiya üzrə elmlər doktoru Vaqif
Yusifli də ədəbiyyatşünaslıq elminin
inkişafında mühüm rol oynayan Məmməd Arifin xidmətlərindən
fəxrlə danışdı:
- Məmməd Arif geniş təxəyyülə malik
bir elm adamı idi. Onun yaradıcılığını bir neçə
sahəyə bölmək olar; Məmməd Arif və tənqidçilik
məktəbi, Məmməd Arif və klassik irs,
dünya ədəbiyyatı, teatr məsələləri, ədəbiyyat
nəzəriyyəsi və s. Görkəmli elm adamı həm
də ədəbiyyat tarixçisi idi. Onun tənqidində
müasirlik, novatorluq, ənənə, yəni tənqidin əsas
problemləri öz əksini tapıb. O, Səməd
Vurğun, Rəsul Rza, Məmməd Rahim və başqaları
haqqında geniş məqalələr yazıb. Xalq yazıçıları Anar və Elçin
haqqında da ilk tənqidi məqalələri məhz Məmməd
Arif yazıb. O dövrdə qələmə alınan
yazılar sonrakı illərdə də sübut etdi ki, o nə
qədər uzaqgörən bir elm adamı idi. Yazdıqları
təkcə tənqid və tərifdən ibarət deyildi.
O, yaradıcılıqla bağlı bütün qüsurlara
aydınlıq gətirməyi bacarırdı.
Məmməd Arif XX əsr Azərbaycan
ziyalılığının parlaq bir təcəssümü
idi.
Onun yaradıcılıq dünyası və ədəbi
irsi çox zəngindir. Etiraf edək ki, bu irs nəzərə
alınmadan 1930-1975-ci illər ədəbi mənzərəsini
təsəvvür etmək çətindir. Məmməd
Arif deyiləndə ədəbiyyat tarixçisi, bu sahədə
fundamental tədqiqatlar müəllifi, klassik və müasir ədəbiyyatın
nəzəri problemləri ilə məşğul olan bir nəzəriyyəçi,
dərsliklər müəllifi, milli kadrların yetişməsində
böyük əməyi olan bir pedaqoq, professional tərcüməçi
yada düşür. Lakin tənqidçi
Məmməd Arif bu sıralamalarda birincidir. Çünki ədəbiyyatşünaslığımızda
hələlik onun adı ilə müəyyənləşdirilən
ilk tənqid məktəbi olmuşdur. Böyük
alimin irsi həmişə müasirliyini hifz edir və o bizim
müasirimizdir.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 11 iyun.-
S. 10.