Xalq artisti Məlik Dadaşovun xatirəsi yad edilib
İyunun 9-da Cəfər Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasının
kollektivi II Fəxri xiyabanda Xalq artisti Məlik Dadaşovun məzarını
ziyarət edib. Görkəmli aktyorun xatirəsi ehtiramla yad edilib, məzarı
üzərinə əklil
qoyulub.
“Azərbaycanfilm” kinostudiyasının
direktoru Müşfiq Hətəmov sənətkarın
milli kino sənətimizə, mədəniyyətimizə
verdiyi töhfələrdən
danışıb. Bildirilib
ki, Məlik Dadaşovun böyük aktyor kimi teatr
və kinoda, bir pedaqoq kimi
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetində
tələbələrin yetişməsində
əvəzsiz rolu olub: “Belə sənətkarlarımızı yaddan çıxarmamalıyıq.
“Azərbaycanfilm” kinostudiyasında əməyi olan korifeyləri yad etmək mənəvi borcumuzdur”.
Bu il Məlik
Dadaşovun 90 illik yubileyinin qeyd edildiyini diqqətə çatdıran kinostudiyanın
direktoru aktyorun sənətkarlığından, fitri istedad və
peşəkarlığından söz açıb.
Əməkdar artist Ənvər Həsənov
və digər çıxış edənlər
unudulmaz sənətkarın
yaradıcılığı haqqında fikirlərini söyləyib, xatirələrini
bölüşüblər. Məlik Dadaşovun
aktyorluq məharətinin,
kinoda yaratdığı
rolların bu sənətdə ilk addımlarını
atan gənclər üçün məktəb
olduğu vurğulanıb.
Məlik Dadaşov 1924-cü ildə
Bakıda dünyaya gəlib. Orta məktəbi
bitirəndən sonra Asəf Zeynallı adına Musiqi
Texnikumunda, Azərbaycan
Dövlət İncəsənət
İnstitutunun aktyorluq
fakültəsində təhsil
alıb. Zaqatala və Şəmkir
dram teatrlarında, Gənc
Tamaşaçılar Teatrında,
Akademik Dram Teatrında
aktyor kimi çalışıb, Dövlət
Rus Dram Teatrına rəhbərlik edib.
Kinoda 1947-ci ildə “Fətəli xan” tarixi-bioqrafik filmində debüt edib. Aktyorun kinodakı rolları sırasında “Dəli Kür” bədii filmində molla Sadıq surəti və “Axırıncı aşırım” filmindəki Qəmlo rolu xüsusilə seçilir. Görkəmli sənətkar “Birisi gün, gecəyarısı”, “O dünyadan salam”, “Fəryad”, “Hacı Qara” kimi filmlərdə yaddaqalan və maraqlı obrazlara da ekran həyatı verib. 1996-cı ildə dünyasını dəyişib.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 11 iyun.-
S. 5.