Ölkəmiz qeyri-maddi mədəni irs
nümunələri sərgisində təmsil olunub
İyunun 8-9-da Macarıstanın Sentendre şəhərində yerləşən
Skanzen Açıq Hava
Muzeyində UNESCO-nun himayədarlığı
və təşkilatçılığı ilə bu qurumun “Qeyri-maddi
mədəni irs siyahısı”nda yer alan nümunələrin
beynəlxalq sərgisi keçirilib.
Sayca altıncı dəfə təşkil olunan sərginin budəfəki mövzusu fermer təsərrüfatı və kənd həyatı ilə bağlı olub. 60 hektar sahəyə malik və ərazisində 6 kənd, 2 şəhərcik salınmış Skanzen Açıq Hava Muzeyində Macarıstanın müxtəlif bölgələrinin kənd təsərrüfatı nümunələri, tikililəri, insanların yaşayış tərzi əyani şəkildə nümayiş etdirilir. Sərgidə bu sahələrlə bağlı qeyri-maddi mədəni irs nümunələri yer alıb.
Azərbaycan, İtaliya, Slovakiya və Monqolustanın Macarıstandakı səfirlikləri tədbirə xüsusi qonaq qismində dəvət olunublar. Sərgidə Azərbaycanın UNESCO-nun “Qeyri-maddi mədəni irs siyahısı”na daxil edilmiş xalçaçılıq sənəti nümunələri, ölkəmizin tarixinə, mədəniyyətinə dair kitablar, xalça toxuma sənətini özündə ehtiva edən qısa filmlər nümayiş etdirilib. Azərbaycan guşəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Təxminən 5 min nəfərin iştirak etdiyi tədbirdə ziyarətçilərə xalçalarımızın tarixi, toxuma üsulları, müxtəlifliyi barəsində məlumat verilib, xalçaçılıqla bağlı kitablar hədiyyə edilib.
Tədbirin sonunda ölkəmizin
Macarıstandakı səfiri Vilayət Quliyev
ilə görüşən Skanzen
Açıq Hava Muzeyinin
direktoru Mikloş Çeri səfirliyin çoxlu
sayda eksponatla tədbirə
qatılmasından məmnunluğunu bildirib,
Azərbaycan mədəniyyətinə olan
heyranlığını ifadə edib.
Mədəniyyət.- 2014.- 11 iyun.-
S. 8.