“Varlı deyiləm,
amma xoşbəxtəm”
Onun adını
eşidən orta və yaşlı nəsil istər-istəməz
sovet dövrünü xatırlayır. O illərin
ən məşhur müğənnilərindən biri, öz
gözəl səsi ilə bu gün də insanların ürəyini
fəth etməyi bacaran Radmilla Karaklaiç. Keçmiş
Yuqoslaviya Sosialist Federasiyasının və Serbiyanın Xalq
artisti Radmila Karaklaiç iyunun 4-dən 6-dək Bakıda səfərdə
olub. Ötən əsrin 70-80-ci illərindən
etibarən dəfələrlə respublikamıza gələn,
Azərbaycan musiqisevərlərinin dərin rəğbətini
qazanan sənətçi budəfəki səfəri
gedişində paytaxtımızın mədəni həyatı,
görməli yerləri ilə tanış olub, konsert
proqramlarını izləyib.
Müğənni Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib. Həmçinin zəmanəmizin böyük musiqiçisi, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin xatirəsini anıb. Daha sonra Şəhidlər xiyabanını ziyarət edən musiqiçi ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə çiçəklər düzüb. Buradan paytaxtın mənzərəsini seyr edən qonağa şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Onunla müsahibəmiz Fəxri xiyabanı ziyarətindən sonra baş tutdu. Sənətçi öncə xatirələrini dilə gətirdi:
- Heydər Əliyev və Zərifə xanım Əliyeva haqqında xatirələrim çox təsirlidir. Xüsusilə Zərifə xanımla tez-tez görüşürdük, aramızda bir duyğusal bağlılıq var idi. Sonradan mən Sevil Əliyevanın yazdığı mahnılarla tanış oldum. İlk dəfə 70-ci illərin sonu 80-ci illərin əvvəllərində Bakıya gələndə konsertdən sonra Sevil xanımla tanış oldum. Beləcə, dostlaşdıq. Sonra hər dəfə Bakıya gələndə onlarla görüşürdüm. Heydər Əliyevi də bir neçə dəfə görmüşdüm. Belə insanlar nadir şəxsiyyətlərdir. Bu şəxsiyyətləri Allah Yer üzünə ona görə göndərir ki, öz böyük missiyalarını yerinə yetirsinlər. Heydər Əliyev Azərbaycanın rəhbəri kimi bütün dövlətlərlə əməkdaşlıq etməyi bacarırdı. Əlbəttə, bunu balanslaşdırmaq, məncə, asan deyil.
- Sizin hitlərinizdən biri olan «Budu!» (“Malenkiy malçişka, malenkiy korablik” - “Balaca oğlan, balaca gəmi”) mahnısı da Sevil Əliyevanın bəstəsidir. Mixail Taniçin sözlərinə yazılmış bu ifanın tarixçəsi çox maraqlıdır...
- Sevil xanımla görüşlərimizdən birində mənə dedi, Radmilla, mənim mahnımı dinlə. Mahnı uşaqlara həsr olunmuşdu. Mahnını çox bəyəndim. Sevil xanım çox ağıllı, ciddi və hissiyyatlı insandır. Beləcə, bizim əməkdaşlığımız başlandı. Mahnı tezliklə hitə çevrildi və bu gün də sevilir. Sevil Əliyeva yalnız mənə və Müslüm Maqomayevə mahnı yazırdı və bu mahnılar uğurlu alınırdı.
- Mahnılarınızdan biri də İstanbula həsr edilib...
- Bu çox qədim mahnıdır. Bəlkə də 100 ildir ki, ifa olunur. Sadəcə olaraq mən ona serb dilində mətn yazdım və bu mahnını sevirəm. Onu da deyim ki, mənim nənəm türk olub. Axı biz beş əsr Osmanlı imperiyasının tərkibində yaşamışıq. Bu baxımdan çoxlu qarışıq nikahlar olub. Məsələn, mən Osmanlı imperatoru Sultan Süleymandan bəhs edən “Möhtəşəm yüz il” filmini çox sevirəm...
- O halda
necə düşünürsünüz, sizdə türk
elementi var? Ümumiyyətlə, bunu daha
çox nə zaman hiss etmisiniz?
- Əlbəttə var. Bilirsiniz, mən ilk dəfə
İstanbula gedəndə bu şəhərdə nə varsa,
mənim xoşum gəldi. Bu elə təsirli anlar idi ki... Sözlə ifadə etmək olmur. O zaman mən
bunu daha çox hiss etdim.
-
Müğənnilər hər zaman içlərindən gələn,
onları daha çox həyəcanlandıran mahnıları
ifa edirlər. Sizin repertuarınızda
qaraçı mahnıları da var. Məsələn,
“Balalayka” kimi mahnınız dinləyicilərinizə
yaxşı məlumdur. Bu janra sevgi sizdə
haradandır?
-
Bilirsiniz, mən adətən konsertlərdə öz hit mahnılarımı
ifa edirəm. Amma fasilədən sonra bir
neçə qaraçı mahnısı oxuyuram. Qaraçı mahnıları məni hər zaman
özünə cəlb edib. Yəqin bunu həm
də mənim dinləyicilərim istəyir. Ümumiyyətlə, əgər sən insanları
sevmirsənsə, onların hisslərini başa
düşmürsənsə, nəyə lazımsan. Deməli, sənin sadəcə forman var. Mənim həmişə
ən yeni aranjirovkalarım olur. Elə
müğənni var ki, bütün mahnıları, səhnədə
onu müşayiət edən rəqslər eynidir. Məncə, əgər həyat sevgisi yoxdursa,
artıq bu incəsənət deyil. Bəlkə
də başqaları belə düşünmür. Mənim isə baxışım belədir. Əgər sən öz ifalarınla
tamaşaçıya nə isə verə bilirsənsə,
onda bu, incəsənətdir.
- İfalarınız da hər zaman pozitiv olur. Yəqin bu sizin təbiətinizdən
irəli gəlir...
- Hər
bir müğənninin özünəməxsus xarakteri var. Mən
hətta kədərli anlarımda da
düşünmüşəm ki, həyat davam edir,
özünə inanıb ona davam etməlisən. Bu mənim həyat prioritetimdir. Zəifliyə
qalib gəlməlisən. Mən Allaha
inanıram. Hər kəs insanları sevməli,
valideyninə hörmət etməli, övladları
üçün bacardığını etməli və
heç kimə ziyan vurmamalıdır. Bir
sözlə, mən həyatı çox sevirəm.
- Sizin
bioqrafiyanızdan, verdiyiniz müsahibələrinizdən də
bəlli olur ki, heç vaxt ulduz həyatına can
atmamısınız. Bu nədən irəli gəlir?
- Mən
Belqradda Qərb Dilləri Universitetini bitirmişəm. Bir müddət ingilis dili müəlliməsi
işləmişəm. Ailəmizdə hər
kəs gözləyirdi ki, ixtisasım üzrə işimi
davam etdirəcəyəm və hətta doktorluq işi
yazacağam. Amma belə olmadı və
dostlarımın təkidi ilə bir beynəlxalq müsabiqəyə
qatıldım, qalib oldum və beləliklə,
ifaçılığı seçdim. Bilirsiniz,
müğənni olduqda sən məşhurlaşırsan, sənin
pulun olur. Əlbəttə, bütün
bunlar yaxşıdır, həyatını təmin edir.
Amma ən əsası odur ki, sən başqası ola bilmirsən. Sən öz
daxilindən zövq ala bilirsən. Bütün
bunlardan başqa sənə heç nə lazım deyil.
Müğənni olmaq üçün ulduz
olmaq vacib deyil. Sənə sevgi
yaranmalıdır ki, ondan zövq ala biləsən. Bu da səni müəyyən mərtəbəyə,
zirvəyə qaldırır. Çünki
şan-şöhrət, populyarlıq zamanla çıxıb
gedəcək, amma malik olduğun intellektual səviyyə həmişə
qalacaq.
Bir də ki, mənim hər zaman gərgin həyatım
olub. Ev işləri - yemək bişirmək, təmizlik,
paltar yumaq mənim üzərimdə olub. Görürsünüz,
bu mənim əllərimdə də özünü göstərir
(gülümsəyərək əllərini göstərir).
Hətta saçlarımı da bu günə qədər
özüm boyayır, makiyajı özüm edirəm.
Demək istəyirəm ki, mənə işlərimdə
heç kim kömək etmir. Həmişə qaçaqaçdayam.
-
Deyirsiniz ki, populyarlıq zamanla keçib gedir, amma intellektual səviyyə
həmişə qalacaq. Bu baxımdan peşəkar
kimi gənc nəslə nələri tövsiyə edərdiniz?
- Hər
halda bunun üçün məktəb keçmək
lazımdır. Dediyim kimi, insanın məşhurluğu
zamanla yoxa çıxır. İntellektual
səviyyə isə ona hər zaman qalır. Ona görə də gənc nəslə tövsiyəm
budur ki, daim mütaliə etsinlər və öz üzərində
işləsinlər.
- Bu
gün sizi dinləyən, adınızı eşidən hər
kəs bir anlıq sovet dövrünə qayıdır. Həmin illərdə ən məşhur müğənnilərdən
biri olmusunuz. O zaman sizə hətta İngiltərədə,
Amerikada işləməklə bağlı təkliflər də
gəlmişdi. Nə üçün getmədiniz?
- O zaman
Yuqoslaviyaya gələn məşhur Amerika estrada
ulduzu bütün müğənnilər arasında məni
seçmişdi. Bəlkə bu həm də ona
görə idi ki, mən ləhcəsiz ingilis dilində
danışırdım. Əgər
razılaşsaydım, beş il orada
yaşamalı idim. Düşündüm ki, ailəmi,
həyat yoldaşımı, ətrafımı qoyub gedə
bilmərəm. Bilmirəm, doğru qərar
idi, yoxsa səhv. Hər halda mən o zaman
Sovet İttifaqında, Bakıda sevildim. Bunun
özü də zənginlikdir. Sən o
zaman zənginsən ki, insanlar səni sevir. Mən varlı deyiləm, amma xoşbəxtəm.
- Peşəkar
musiqiçi kimi necə düşünürsünüz, bu
gün dünyada musiqi ilə bağlı necə proses gedir?
-
Düşünürəm ki, dünya inkişaf edir, hər
şey irəliyə doğru gedir. İnsanlar və
musiqi dəyişir. Ona görə də,
müəyyən proseslər baş verməlidir. Mənim yeganə oğlum Oqnen DJ-dir. Bu baxımdan mən
müasir musiqini də sevirəm. Yeri gəlmişkən,
2011-ci ildə “Eurovision” mahnı müsabiqəsində Azərbaycandan
Eldar və Nigar dueti qalib olanda çox sevindim. Onlar istedadlı gənclərdir və çox
yaxşı ifa edirdilər. Bundan başqa,
builki müsabiqədə ölkənizi təmsil edən Dilarənin
ifasını çox bəyəndim. Yeri gəlmişkən,
deyim ki, sizin milli musiqilərinizlə serb
milli musiqisi arasında oxşarlıq var. Ona görə də,
Azərbaycan musiqisini çox sevirəm.
- Vaxtilə,
istər Serbiya, istərsə də Azərbaycan sosializm
rejiminin bir parçası olub. O zaman münasibətlər də
bu çərçivədə bəlkə bir az da məhdud idi. İndi isə
dünyada çox sürətlə qloballaşma gedir.
Bu fonda mədəni qloballaşmaya
münasibətinizi bilmək maraqlı olardı...
- Bu
gün biz istəsək də, istəməsək də
qloballaşma baş verəcək. Ona görə
də deyirəm ki, öz adət-ənənələrini və
özünəməxsusluğunu saxlamalısan. Nə üçün Serbiya və Azərbaycan
bir-birinə bu qədər yaxındır? Bizim avtoritetimiz, ailə ənənəmiz, əsrlərlə
formalaşan dəyərlərə hörmətimiz var. Ona
görə biz hər şeyə açıq gözlə
baxa bilirik. Qloballaşmanın daha
yaxşı elementlərini götürmək lazımdır.
Amma bunu da müəyyən hədlər daxilində
etməlisən.
- Yeri gəlmişkən,
Azərbaycan-Serbiya mədəni əlaqələrinin
inkişafı sizdə hansı təəssüratı
yaradır?
-
Düşünürəm ki, mədəni əlaqələrimiz
uğurla inkişaf edir. Əlbəttə, əlaqələrin
inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin
mühüm xidmətləri var. İki ölkənin
müvafiq nazirlikləri də bu istiqamətdə addımlar
atır. Azərbaycanın Serbiyadakı səfirliyi
xalqlarımız arasında əlaqələrin
sıxlaşmasına səy göstərir. Belqradda
Taşmaydan parkında Azərbaycan xalqının milli lideri
Heydər Əliyevin və serb
yazıçısı Milorad Paviçin abidələri
ucaldılıb. Bakının mərkəzində serb xalqının böyük oğlu, görkəmli
alim Nikola Teslanın abidəsi qoyulub. Şairlərimizin əsərləri
qarşılıqlı şəkildə serb
və Azərbaycan dillərinə tərcümə olunur,
teatr tamaşalarımız nümayiş olunur və bu da əlaqələrimizi
daha da möhkəmləndirir. Hətta serb
dilində çoxlu türk sözləri var. Bizim müəyyən
dərəcədə oxşar tariximiz, xarakterimiz var. Beləliklə,
mədəniyyət insanları yaxınlaşdırır.
- Uzun illərdən
sonra bu dəfə sizə doğma olan şəhəri -
Bakını necə gördünüz?
- Bakı
son 10 ildə çox gözəlləşib. Onu
sadəcə tanımaq olmur. Bakının
özünəməxsusluğu qorunub-saxlanılmaqla o,
çox müasirləşib. Bilirsiniz, Bakıda
dəfələrlə olmuşam, istərdim ki, Azərbaycanın
rayonlarına da səfər edim və onların gözəl təbiətini
görüm. İndi Azərbaycanda turizm
inkişaf etdirilir və ona görə növbəti dəfə
turist kimi gəlmək istərdim. Sizin mətbəxi
də sevirəm. O qədər dadlı yeməkləriniz
var ki, bu qısa müddətdə kilo almışam. Yeməklərinizin belə dadlı olması da sizin
zəngin mədəniyyətinizdən xəbər verir.
Mehparə
Mədəniyyət.- 2014.- 11 iyun.-
S. 7.