“Premyerada
görüşərik!”
Biz böyüdükcə
uşaqlıqda ən xoş hissləri
bizə yaşatmış insanları görməyə daha çox can atırıq. Təəssüf ki, yaşımız artdıqca belə xoş hisslərin xeyirxah
baiskarları həyatımızda azalır... Amma
nə qədər ki onlar
var, bu
görüşlərdən imtina etmək
olmaz! Həm onların xətrinə, həm
də özümüzə görə.
Ötən
cümə günü Azərbaycan
Dövlət Filarmoniyasındakı izdiham
və ən müxtəlif yaşlarda
gülərüz insanların çoxluğu
göstərdi ki, mənim kimi
düşünənlər az deyilmiş. Nə yaxşı!
Təəssürat
Filarmoniyada Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü, görkəmli bəstəkar, pedaqoq Oktay Zülfüqarovun 85 illik yubileyi qeyd olunurdu.
Yubilyar qonaqlarını foyedə şəxsən qarşılayır, hər kəsə ayrıca diqqət yetirir, təbrikləri qəbul edirdi. Vaxt yetişincə salona keçdik.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bəstəkar Oktay Zülfiqarovun Azərbaycan musiqisinin inkişafında rolundan, 20 il ərzində Uşaq Filarmoniyasının bədii rəhbəri kimi fəaliyyətindən danışdı. Nazir çıxışının sonunda yubilyara möhkəm cansağlığı və onun iştirakı ilə 90 illik yubileyini qeyd etməyi arzuladı.
Xalq artisti, maestro Rauf Abdullayevin idarəsi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifa etdiyi «Şənlən, mənim xalqım» uvertürası bir növ yubilyarın bu təbrikə cavabı kimi səsləndi.
Musiqişünas Ceyran Mahmudova bəstəkarın yaradıcılıq yolu barədə çıxış edəndən sonra səhnə yenidən musiqiyə verildi. Bir neçə il öncə Oktay müəllimin nəvəsi Əminə Zülfüqarova üçün bəstələdiyi «Fleyta ilə simfonik orkestr üçün konsert»i istedadlı musiqiçi Nicat Məmmədov ifa etdi.
Yubilyarın sevdiyi alət üçün yazdığı «Violonçel ilə orkestr üçün konsert» simfonik orkestr ilə Xalq artisti Eldar İsgəndərovun ifasında alqışlarla qarşılandı...
Birinci hissənin sonunda bəstəkar gördüyü diqqət və qayğıya görə təşəkkür etdi.
* * *
İkinci hissə büsbütün uşaqların, Oktay müəllimin ömrünü həsr etdiyi uşaq musiqisinin ixtiyarına verildi. Balacaların çıxışlarından əvvəl Əməkdar artist, pianoçu-cazmen Emil Əfrasiyabın səhnəyə çıxaraq yubilyarın mahnıları əsasında improvizasiyanı ifa etməsi də səbəbsiz deyildi. Emilin sənət yolu məhz Oktay Zülfüqarovun «Tumurcuq» uşaq teatrında başlayıb.
Gənc müğənni Çinarə də Oktay müəllimin yetirmələrindəndir. Onun gur səsi, səhnədəki davranışı göstərirdi ki, müğənni məktəb keçib. Bu yerdəcə ağlıma gəldi ki, əgər müasir estradamızda yalnız Oktay müəllimin yetirmələri olsaydı, yəqin populyar musiqi ifaçılığında vəziyyət fərqli olardı. Nə isə...
Nəhayət, 4-9 yaşlı balaca müğənnilər səhnəyə çıxdılar, Ceyran xanımın təqdimatı ilə bir-bir mahnı oxudular. Neçə nəslin uşaqlıqdan yol yoldaşı olmuş nəğmələr - «Abşeron bağları», «Kim sevirsə idmanı», «Futbolçular», «Oturmuşam evdə tək», «Ad günü» kimi sevimli mahnılar böyükləri də keçmişə qaytardı.
Qayıdış...
...Yaşıdlarım fikrimi təsdiq edərlər: ötən əsrin 60-70-ci illərində Azərbaycanın mədəni mühitində bir neçə məşhur uşaq olub ki, onların şöhrəti illərlə azalmayıb. «Ögey ana», «Qaraca qız» və «Sehrli xalat» filmlərinin baş qəhrəmanları, bir də 70-ci illərin əvvəllərində tez-tez televiziya ilə göstərilən «Leyla və dostları» musiqili sənədli filminin baş qəhrəmanı Leyla Zülfüqarova... Əgər birincilər bədii filmlərin qəhrəmanı və onların məşhurluğu rejissor təxəyyülünün məhsulu idisə, atası Oktay Zülfüqarovun uşaqlar üçün bəstələdiyi maraqlı və süjetli mahnıları ifa edən qızılı saçlı Leyla gerçək qəhrəman idi...
Leylanın yaşıdı olan biz qızlar onun yerində olmağı, həmin mahnıları ifa etməyi elə istəyərdik ki!.. Bu yazı üzərində işləyərkən internetdə həmin filmi tapıb baxdım və bir də uşaqlığıma qayıtdım. Və birdən anladım ki, nahaq Leylaya həsəd aparmışam!.. Axı, həmin sənədli filmdə səslənən «Bilirsiniz, mən kiməm?» mahnısını ikinci sinif şagirdi ikən sinif yoldaşlarımla birgə mən də səhnədə ifa etmişəm... Özü də «yaxşı bir dərziyəm mən, hər iş gəlir əlimdən» deyə oxuyanda məni də alqışlayıblar. Düzdü, bu əhvalat məktəb səhnəsində olub, ondan video görüntü yox, fotoşəkillər yadigar qalıb. Olsun, idmançılar demişkən, əsas iştirakdır, qələbə yox!..
Avtoritet
Oktay müəllimi sözün gerçək mənasında, şəksiz-şübhəsiz avtoritet saymaq olar. Nəvələrinin çıxışını izləmək üçün həmin tədbirə gəlmiş Sevil xanım deyir:
- Qızımın vaxtı olmayanda uşaqları məşqə mən aparıb-gətirirəm. Bir görəsiniz ki, filarmoniyada balaca, ipə-sapa yatmayan 3-4 yaşlı uşaqlar Oktay müəllimin sözünə necə baxırlar, dediklərini necə həvəslə yerinə yetirirlər!.. Kişi əsl pedaqoqdur, uşaqlarla işləməkdən yorulmur.
Əlində gül dəstəsi olan başqa bir xanım söhbətimizə qoşulur:
- Nə musiqiçiyəm, nə də Oktay müəllimi şəxsən tanıyıram. Amma mən onun mahnıları ilə böyümüşəm. Həmin mahnıları övladlarıma da öyrətmişəm. İndisə 10 aylıq bir nəvəm var. Uşaq ağlayanda ona da bu mahnıları oxuyuram... Bir görsəniz, «Can nənə»ni ona oxuyanda dördcə dişini necə ağardır, guya rəqs edirmiş kimi özünü necə tərpədir, sonra da məni qucaqlayır. Məhz bu hissləri yaşadığıma, vaxtilə musiqi zövqümün formalaşmasında əvəzsiz xidmətlərinə görə gəlmişəm ki, Oktay müəllimi təbrik edib ona ürək sözlərimi deyim.
Yeri gəlmişkən, fasilə zamanı gənc nənə olan həmin xanım Oktay müəllimə yaxınlaşıb onu təbrik edəndə kənardan baxanlar elə zənn edərdilər ki, bəstəkar öz doğması ilə söhbətləşir. Elə Oktay müəllimi bizə sevdirən həm də onun bu cəhəti deyilmi?
Deyirlər ki, dostluğu və məhəbbəti sınamaq üçün illər gərəkdir. Bu illərin sınağından çıxdınsa... Oktay müəllim hələ tədbirdən əvvəl onun başına yığışan mətbuat işçilərinə tələbəlik dostunu təqdim edir. Konservatoriyada onunla bir parta arxasında əyləşmiş, pedaqoji elmlər doktoru, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya məktəbləri üçün musiqi proqramlarının müəllifi Yuli Əliyev dostunun yubileyində iştirak etmək üçün məxsusi Moskvadan gəlib.
- Mən Oktayı parlaq violonçel ifaçısı kimi ümidverən gənc olduğu vaxtdan tanıyıram. Hamı elə zənn edirdi ki, o, gözəl musiqiçidir, uğurlu karyera qurur. Amma o, uşaqlar üçün musiqiyə meyl etdi və çox ciddi modern bəstəkar oldu.
...Violonçel!.. Bu yerdə həmyerlimiz, dünya şöhrətli Mstislav Rostropoviçin bu nəcib alət barədə dediklərini xatırlayıram: «Violonçeli gözəl qadın kimi sevmək lazımdır. Məhz bu sevgi sayəsində o, gözəl səslənir». Əslində Oktay müəllimin gözəl İnarə xanımla tanışlığına da violonçel səbəb olub. İnarə xanımın valideynləri qızlarına özəl musiqi təhsili vermək qərarına gəliblər. Tanışlar konservatoriyanın istedadlı tələbəsi gənc Oktayı məsləhət görüblər. Beləcə, talelər qovuşub. İnarə xanım təkcə Oktay müəllimin həyat yoldaşı, üç övladının anası yox, həm də onun bütün işlərində, təşəbbüslərində sirdaşı, əsl ömür-gün dostu olub və olmaqdadır!...
Yubiley tədbirində fasilə zamanı tez atalarına yaxınlaşan övladlarına Oktay müəllimin bircə sualı oldu:
- Anan hanı?
Cahangir müəllim soruşur:
- Ata, nə lazımdır?
Qocaman bəstəkar:
- Sən bilməzsən, ananı tap!..
Bu səhnəni seyr etmək elə xoş idi ki!.. Nəhayət, qonaqlardan təbrikləri
qəbul edən, gözəlliyini illər soldurmamış İnarə
xanım həyat yoldaşına yaxınlaşır,
Oktay müəllim ondan sakitcə nəyisə soruşur, təsdiq cavabı alandan sonra sakitləşir.
Bu ayrılmaz cütlüyə yaxınlaşıb
«Allah sizi bir-birinizə
çox görməsin»
diləyi ilə təbrik edirəm.
Hələ çox görüşəcəyik!
- Oktay müəllim, sizi qəzetimizin kollektivi və oxucuları adından təbrik edirəm. Özünüzü necə
hiss edirsiniz?
- 85 yaşında uşaq kimi!.. Allahdan
arzu edirəm ki, mənə heç olmasa, bir il də möhlət versin. Opera və
Balet Teatrında baletim tamaşaya hazırlanır. Onun
premyerasını görüm,
sonra da...
- Allah gecindən versin!.. Sizinlə hələ çox premyeralarda görüşəcəyik!..
- Yaxşı, baletimin də tamaşasına gələrsən, beləcə, müsahibə alarsan! Premyerada görüşərik!
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2014.- 11 iyun.-
S. 6.