Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində

 

“Azərbaycan xalqının etnogenezini, keçmişini Qafqaz Albaniyası olmadan təsəvvür etmək mümkün deyil

 

İyunun 10-da Mədəniyyət və Turizm Nazirliyinin, Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının birgə təşkilatçılığı ilə “Four Seasons Baku” hotelində “Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində” mövzusunda beynəlxalq konfrans işə başladı.

 

Konfransın təşkilində məqsəd Azərbaycanın Qafqaz Albaniyası irsinin mənəvi varisi olması və bu irsin təbliği ilə bağlı fəaliyyət perspektivlərinə stimul verilməsi, gələcəkdə bu istiqamətdə tədbirlərin görülməsi üçün müzakirələrin aparılmasıdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbiri açaraq Azərbaycanın qədim tarixinin bir hissəsinə həsr olunmuş konfransın əhəmiyyətini yüksək qiymətləndirdi. Ermənistanın işğalı altında olan torpaqlarımızda tarixi abidələrimizin məhv edildiyini diqqətə çatdıran nazir bildirdi ki, bədnam qonşularımız Qafqaz Albaniyasının maddi mədəniyyət nümunələrini öz adlarına çıxmağa cəhd edirlər:Qafqaz Albaniyasının tarixi Azərbaycanın tarixidir, bizim mədəniyyətimizin ayrılmaz bir hissəsidir. Tariximizin müəyyən bir dövrünü əhatə edən, xalqımızın etnogenezini, keçmişinionun nəticəsi olaraq bugünkü Azərbaycanın tarixini Qafqaz Albaniyası olmadan təsəvvür etmək mümkün deyil. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz mədəni irsini beynəlxalq səviyyədə layiqincə təqdim və təbliğ edir. Xalqımıza məxsus kiçik bir daş parçasına da kimsənin sahib çıxmasına imkan verməyəcəyik”.

Azərbaycanda Qafqaz Albaniyasının tarixi və mədəni irsinin araşdırılması ilə bağlı vahid konsepsiya olmadığını diqqətə çatdıran nazir qeyd etdi ki, ayrı-ayrı alimlər bu mövzuya fərqli yanaşırlar: “Lakin bu o demək deyil ki, onların hamısı ziddiyyət təşkil edir. Əksinə, bu cür yanaşmalar, təhlillər, ideyaların çox olması bu böyük mədəniyyətin daha dərindən öyrədilməsinə imkan yaradır”.

Tarixi-mədəni irsə dövlətimiz tərəfindən böyük diqqət göstərildiyini deyən Əbülfəs Qarayev vurğuladı ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında Qafqaz Albaniyasının tarixinin öyrənilməsinə də xüsusi yer ayrılıb: “Azərbaycan tarixinin bütün mərhələlərinin böyük diqqətlə öyrənilməsi bizim borcumuzdur. Bu tarixi həssaslıqla təhlil etmək, o dövrün mədəni-siyasi proseslərini diqqətlə öyrənmək çox önəmlidir”.

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru, millət vəkili Aytən Mustafayeva qeyd etdi ki, bütün dünyada xalqlar öz mədəniyyətinə, milli dəyərlərinə sahib çıxaraq gələcək nəsillərə çatdırmağa çalışırlar. Biztariximizi daha dərindən öyrənməli və təbliğ etməliyik: “İşğal altındakı torpaqlarımızda Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qafqaz Albaniyasına məxsus olan mədəni abidələrin ermənilər tərəfindən mənimsənilməsinə cəhdlər edilir. Abidələrimizin üzərində olan yazıları, xaç işarələrini silir, üzərində erməni dilində yazılar həkk edir, əksəriyyətini isə məhv edirlər”.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva konfransın Azərbaycan tarixinin araşdırılması, Qafqaz Albaniyasının mədəni irs nümunələrinin milli və beynəlxalq səviyyədə qorunması yolunda əhəmiyyətli addım olduğunu vurğuladı.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov və digər çıxış edənlər Qafqaz Albaniyasının tarixinin öyrənilməsi, bu qədim irsin qorunması və digər məsələlər barədə çıxış etdilər. Bildirildi ki, mənfur qonşularımız tərəfindən abidələrimizin, Qafqaz Albaniyasına aid kilsələrin məhv edilməsi tariximizin ən ağrılı məqamlarından biridir. İşğal altındakı ərazilərə beynəlxalq araşdırma missiyasının göndərilməsi məsələsi dəfələrlə qaldırılsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi buna imkan vermir.

Tədbirdə Müəllif Hüquqları Agentliyi tərəfindən hazırlanmış Qafqaz Albaniyasının tarixinə dair sənədli film nümayiş olundu.

* * *

Fasilədən sonra konfrans Qafqaz Albaniyasının mədəni irs nümunələrinin milli və beynəlxalq səviyyədə qorunması, tədqiqi və təbliği mövzularını əhatə edən plenar iclasla davam etdi.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovQafqaz Albaniyası və ön Asiya xalqları” adlı məruzə ilə çıxış etdi. Məruzəçi Qafqaz Albaniyası dövlətinin yaranmasından əvvəlki dövr, burada mövcud olan etnoslar, əhalinin diniictimai dünyagörüşü, tarixi, memarlıq abidələri, toponimləri haqqında ətraflı məlumat verdi.

Plenar iclasdaİşğal olunmuş Qarabağ ərazisindəki Gəncəbasar kilsəsinin nümunəsində Qafqaz Albaniyası mədəni irsinin erməniləşdirilməsi”, “Qədim alban abidələrinin beynəlxalq-hüquqi müdafiəsi”, “Qafqaz Albaniyasının memarlıq irsi”, “Udilərin qədim simvolları, obrazları və varlığının mənası” adlı məruzələr dinlənildi.

Tədbir “Mədəni irsin qorunması üzrə beynəlxalq hüquqi mexanizmlər”, “Albaniya: Aquen qanunları haqqında”, “Albaniya, yoxsa “özgəninkiləşdirilmiş” alban qanunnaməsi?”, “Çoxkonfessional mühitdə dindarlığın tədqiqi modeli” adlı sessiyalarla işini davam etdirdi. Beynəlxalq konfransı iyunun 11-də başa çatacaq.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 11 iyun.- S. 3.