Milli ifaçılıq sənətində tükənməyən istedadlar

 

Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsinə yekun vuruldu

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi keçirilib.

 

Müsabiqədə 6 ixtisas (tar, kamança, qanun, qarmon, balaban, saz) və 3 yaş qrupu (10-12 yaş, 13-15 yaş, 16-18 yaş) üzrə respublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərindən, musiqi kolleclərindən, Azərbaycan Milli Konservatoriyasından, Respublika İncəsənət Gimnaziyasından, Bülbül adına orta ixtisas musiqi məktəbindən, Qafqaz Universitetindən 600-ə yaxın şagird və tələbə iştirak edib. Müsabiqənin I turu 14 aprel-12 may tarixində zonalar üzrə Mingəçevir, Abşeron, Goranboy, Şəki, Xaçmaz, Ağcabədi, Şirvan və Bakıda, II turu isə 14-16 may tarixində paytaxtda keçirilib. Münsiflər heyətinin qərarına əsasən müsabiqənin laureatları, fərqlənən məktəblər, şagirdlər, müəllim və konsertmeysterlər müəyyənləşib.

İyunun 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında müsabiqənin mükafatlandırılma mərasimi və qaliblərin yekun konserti keçirildi. Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması və onların peşəkar səviyyəsinin yüksəldilməsidir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bütün sahələrlə yanaşı, mədəniyyətimizin və incəsənətimizin inkişafına daim böyük diqqət və qayğı göstərdiyini deyən nazir müavini bildirdi ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizin, incəsənətimizin inkişafı və dünyada təbliği istiqamətlərində irimiqyaslı layihələr həyata keçirilir. Azərbaycan muğamı, xalçalılıq, aşıq və tar ifaçılıq sənətlərimiz UNESCO-nunQeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilib. Bütün bunlar Azərbaycan mədəniyyətinin keçmişi və gələcəyinin təminatıdır.

Müsabiqənin münsiflər heyətinə təşəkkürünü bildirən nazir müavini bütün qalibləri təbrik etdi, onlara sənət yollarında uğurlar arzuladı.

Münsiflər heyətinin sədri, Xalq artisti Ramiz Quliyev çıxış edərək Mədəniyyət və Turizm Nazirliyinə, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzə müsabiqənin keçirilməsində yaxından iştirakına görə təşəkkürünü bildirdi. Görkəmli tarzən xalq çalğı alətlərinə gənc nəslin marağının artırılmasının və gənc istedadların yetişdirilməsinin vacibliyini vurğuladı, mədəniyyətimizə dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirdi.

Bildirildi ki, müsabiqədə fərqlənənlər Mədəniyyət və Turizm Nazirliyinin I, II, III dərəcəli diplomlarına, pul mükafatlarına və laureat adlarına layiq görülüblər. Nazir müavini Sevda Məmmədəliyeva və Xalq artisti Ramiz Quliyev qaliblərə diplomları təqdim etdilər. Müsabiqədə iştirak edən ifaçıların müəllim və konsertmeysterləri də fəxri fərmanlar və diplomlarla təltif edildilər. I dərəcəli diplom və 300 manat pul mükafatına isə 18 iştirakçı layiq görüldü. Onları təqdim edirik: Kamal Şükürov (Ağdam şəhər C.Qaryağdıoğlu adına 1 nömrəli uşaq musiqi məktəbi), Tayfun Ağabəyli (Sumqayıt Musiqi Kolleci), Xasay Gülməmmədov (Qubadlı şəhər Ə.Mehdiyev adına uşaq musiqi məktəbi), Orxan Zeynalov, Hafizə Mehdiyeva (Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi), Fidan Əliyeva (T.Quliyev adına 12 saylı musiqi məktəbi), Şükür Ömərli (R.Hacıyev adına 15 saylı musiqi məktəbi), İlkin Ələkbərov (K.Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbi), Behnam Məmmədzadə (Ş.Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbi), Elvin Səfərov (L.və M.Rostropoviçlər adına 21 saylı musiqi məktəbi), Mustafakamal Eyyubov (Niyazi adına 22 saylı uşaq musiqi məktəbi), İlkin Məmmədov, Sədəf Abdullazadə (G.Şaroyev adına 35 saylı musiqi məktəbi), Məhəmməd Xanlarov, İbrahim Babayev, Rəhilə Məhərrəmova (Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci), Fəridə Rüstəmova (Azərbaycan Milli Konservatoriyası nəzdində Respublika İncəsənət Gimnaziyası), Musa Quliyev (Qafqaz Universiteti).

Tədbir bədii hissə ilə davam etdi. Qaliblərin yekun konserti böyük maraqla qarşılandı.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 11 iyun.- S. 2.