Qarmonun sehrli
ifaçısı
İnstrumental ifaçılığın inkişafında hər bir musiqi alətinin özünəməxsus yeri var. Ölkəmizdə bu məzmunlu ifaçılığın formalaşmasında solo musiqi aləti kimi qarmonun da səciyyəvi xüsusiyyətləri, təsir qüvvəsi böyükdür. Azərbaycanda bu alətin ustad ifaçıları çox olub. Onlardan Əhəd Əliyev (Kor Əhəd), Abutalıb Yusifov, Teyyub Dəmirovun adları dillər əzbəridir. Belə istedadlı qarmon ifaçılarından biri də adı çox az-az hallarda yada salınan musiqişünas Ələkbər bəy Nəzərlidir.
Əslən Xızıdan olan sənətkar 1882-ci ildə Bakıda dünyaya gəlib. Əlli ildən çox sehrli ifası ilə musiqisevərlərin ruhunu, zövqünü oxşayıb. Görkəmli musiqiçilərimiz Cabbar Qaryağdıoğlu, Üzeyir Hacıbəyli, Bülbül və başqaları Ələkbər bəy Nəzərlinin sənətkarlığını yüksək qiymətləndiriblər. Üzeyir bəy onu “Koroğlu” operasının premyerasını müşayiət edən musiqiçilər heyətinə daxil edib.
Musiqiçinin qızı Gülsüm xanım atasının yaradıcılığı, dostları, görkəmli sənətkarların iştirakı ilə evlərində keçirilən müxtəlif məclislər barədə qələmə aldığı xatirələrdə maraqlı məqamlara toxunub: “Evimizdə tez-tez məşhur sənət adamlarının iştirakı ilə mərasimlər olurdu. Atam Qarabağın muğam ifaçılarını, musiqiçilərini çox sevirdi. Üzeyir bəy, Cabbar Qaryağdıoğlu, Bülbül tez-tez evimizdə olurdu. Atam Cəfər Cabbarlı, Abdulla Şahbazov (Tağı Şahbazinin qardaşı), Şəmsəddin Abbasovla dostluq edirdi. Opera teatrında işinin çox olmasına baxmayaraq, şagirdlər yetişdirirdi. Onun ən görkəmli yetirməsi məşhur qarmon ifaçısı Teyyub Dəmirov olub. Atam onu özü ilə konsertlərə, qastrollara da aparardı...”
Ailənin Dağlı məhəlləsində böyük evi əsl sənət məkanı olub: “Sənət adamlarının “Abşeronun İsa bulağı” adlandırdığı məkan o zaman Azərbaycana rəhbərlik edən Mircəfər Bağırovun da diqqətini çəkmişdi. O, general Əliağa Şıxlinski ilə bir neçə dəfə bizə gəlmişdi. Atam həyətdə “Musiqi muzeyi” yaratmışdı. Orada Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Qurban Pirimov, Cabbar Qaryağdıoğlu, Bülbül, Bəhram Mənsurovla bağlı çoxsaylı tarixi sənədlər toplanmışdı. “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və digər operaların proqram və afişaları, qəzet məqalələri, fotoşəkillər, rəsm əsərləri, dövlət tərəfindən verilmiş təltifnamələr və digər sənədlər də həmin muzeydə saxlanılırdı...”
Qeyd edək ki, Nəzərlilər nəsli mədəniyyət tariximizə bir neçə tanınmış sima bəxş edib. Ələkbər Nəzərlinin qardaşı, nəfəs alətlərinin məşhur ifaçısı Mehdi Nəzərli (1892-1952) də 1937-ci il aprel ayının 30-da Üzeyir Hacıbəylinin “Koroğlu” operasının premyerasında onunla birlikdə orkestrin heyətində yer alıb. Bu heç də təsadüfi olmayıb. Çünki Üzeyir bəy musiqi sərrafı idi, onları böyük ustalıqla seçir, istedadlarını qiymətləndirirdi. Digər qardaşı Nəcəf Rasim Nəzərli (1890-1929) isə Sankt-Peterburqda təhsil alıb, istedadlı rəssam kimi tanınıb.
Vətəninə, elinə sonsuz sevgisi olan Ələkbər Nəzərli 1951-ci ildə dünyasını dəyişib.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 13 iyun.-
S. 14.