“Qarabağın arxeoloji abidələri xəritəsi” tərtib edilib

 

Azərbaycanın Qarabağ ərazisində aparılan arxeoloji tədqiqatların nəticələri açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında ArxeologiyaEtnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib ki, araşdırmalar 2010-2013-cü illərdə Qarabağ düzənliyində, Ağdamın işğal edilməmiş ərazilərində və Ağcabədi rayonunun şimal-qərbində aparılıb. Tədqiqat işləri Qarabağ Neolit-Eneolit ekspedisiyası tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun ayırdığı qrantın dəstəyi ilə həyata keçirilib.

İnstitutun aparıcı elmi işçisi Xəqani Alməmmədov nəticələr barədə “Qarabağ ərazisində aparılmış yeni arxeoloji tədqiqatlar” adlı məruzə ilə çıxış edib. Bildirib ki, arxeoloji kəşfiyyat təxminən 990 kvadratmetr ərazini əhatə edir. Ümumən 169 arxeoloji abidə elektron qeydiyyata alınıb və “Qarabağın arxeoloji abidələri xəritəsi” tərtib edilib. Bu fakt Qafqaz arxeologiyası üçün yenilikdir. Abidələrin qeydiyyatı ilə yanaşı 2011-2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu ilə birgə Füzuli rayonunun Babı kəndində yerləşən XIII-XIV əsrlərə aid Şeyx Babi türbəsində arxeoloji qazıntı və bərpa-konservasiya işləri aparılıb, nəticədə 2700 kvadratmetr ərazidə xanəgah kompleksi tamamilə qazılaraq üzə çıxarılıb.

Məruzəçi Qarabağ ərazisində yerləşən erkən oturaq əkinçi-maldar tayfalarına məxsus yaşayış məskənlərində aparılan arxeoloji araşdırmalardan da bəhs edib. Belə ki, ekspedisiya qrupu İsmayılbəytəpə Neolit dövrü yaşayış məskənində 400, Leylatəpə mədəniyyətinə aid Fərmantəpə yaşayış yerində isə 100 kvadratmetr ərazidə arxeoloji qazıntı işləri aparıb. Abidənin mədəni təbəqəsinin qalınlığı və stratiqrafiyası müəyyənləşdirilib. Hər iki abidənin xronoloji dövrünün təyini üçün götürülmüş nümunələr analiz məqsədilə Yaponiyaİsrailin müvafiq laboratoriyalarına göndərilib.

 

Mədəniyyət.- 2014.- 13 iyun.- S. 13.