Tovuzda Mikayıl Azaflının 90 illik yubileyi qeyd olunub
Tovuz rayon Mədəniyyət evində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ustad aşıq Mikayıl Azaflının 90 illik yubileyi qeyd olunub. Gənc aşıqların çıxışı ilə başlanan tədbirdə Mikayıl Azaflının çoxşaxəli yaradıcılığından, ifaçılıq məharətindən söhbət açılıb.
Bildirilib ki, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Mikayıl Cabbar oğlu Zeynalov 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində doğulub. Sənətkarın “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı dünyası”, “Azaflı gəraylısı”, “Azaflı himni”, “Mikayılı”, “Azaflı dağları”, “Azaflı bəhri”, “Məzahiri”, “Azaflı müxəmməsi”, “Şah sarayı” adlı saz havaları dillər əzbəri olub. Ustad aşıq Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb, haqqında televiziya verilişi hazırlanıb. Sənətkarın “Qoca qartal” adlı kitabı nəşr edilib.
Tədbirdə aşıq
Gülarə Azaflı və Hakim
Azaflı, Solmaz Kosayeva,
“Çeşmə” qrupunun üzvlərindən
Günel Qurbanova,
Əfsanə Kərimova və başqalarının
ifasında görkəmli el sənətkarının
sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.
Mədəniyyət.- 2014.- 13 iyun.-
S. 11.