İstanbulda Qarabağ münaqişəsi qurbanlarına həsr olunmuş fotosərgi

 

Siz onların gözlərindən və üzlərindəki qırışlardan ağrı və acını hiss edə bilərsiniz”

 

İstanbuldakı Memar Sinan Universitetinin XIV əsrə aidTophane-i Əmir” mədəniyyət və incəsənət mərkəzində Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına həsr olunmuş fotosərgi açılıb.

 

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Türkiyə nümayəndəliyi tərəfindən təşkil edilən sərgidə tanınmış alman fotoqrafı Filip Ratmerin işləri nümayiş olunur. Alman fotoqraf Mixael Şumaxer, Sofi Loren, Luçiano Pavarotti kimi bir çox məşhurların fotoşəkillərini çəkib.

Sərgidə yer alan 50 fotoşəkil isə Azərbaycanın Ağcabədi rayonu ərazisində yerləşən Taxtakörpü və Ağdamın Quzanlı qəsəbələrində, eləcə də Bakının Dərnəgül və Qızılqum məcburi köçkün düşərgələrində çəkilib.

TEAS-ın Türkiyə nümayəndəliyinin rəhbəri Rəna Rzayeva sərginin açılış mərasimində çıxış edərək Azərbaycan torpaqlarının təxminən beşdəbirinin 20 ildən artıqdır ki, erməni işğalı altında olduğunu, bu torpaqlardan azərbaycanlı əhalinin didərgin salındığını diqqətə çatdırıb. Qeyd olunub ki, sərgidə nümayiş olunan hər foto ayrı-ayrı insanların şəxsi faciəsini açıqlayır.

Layihədə fotosu yer almış ən qocaman məcburi köçkün 86 yaşlı Səmayə Məmmədovanındır. Onun üzündəki qırışlar sanki bu insanın əzablı və çətin həyatını təsvir edir. Erməni işğalı zamanı o, ailəsi ilə birlikdə Şuşanı tərk edib. Oğlu müharibədə iştirak edib, 1992-ci ildə itkin düşüb.

Filip Ratmer bu mövzuya öz yanaşmasını belə izah edib: “Mən bu insanların simalarını iri miqyasda çəkməklə onların ağrı və acılarını təqdim etmək istədim. Hər sima, dolayısı yolla işıqlandırılmış qara fonda, eyni qaydada çəkilmişdir və bu zaman diqqətimi simalardakı həyat hekayələrinin göstərilməsinə yönəltmişəm. Onların hər biri mənə öz arzu-istəklərini danışmışdır. Öz torpaqlarına qayıtmaq bu insanların ümumi arzusudur. Siz onların gözlərindən və üzlərindəki qırışlardan ağrı və acını hiss edə bilərsiniz”.

 

Mədəniyyət.- 2014.- 13 iyun.- S. 11.