Muzeyin yeni
eksponatları
Qəbələ
Tarix-Diyarşünaslıq Muzeyi öz zənginliyi ilə daim
diqqət mərkəzindədir. Muzeyimizə gələn ziyarətçilər
buradan xoş təəssüratlarla
ayrılırlar.
Bu yaxınlarda muzeyimizə daxil olan materiallar da çox maraqlıdır. Bu materialları bizə təqdim edən Xanlar Bahəddin oğlu Mustafayev (Qutqaşınlı) Qəbələ şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinin məzunudur. Şeir, hekayələrin müəllifidir, qəzet və jurnallarda elmi məqalələrlə də çıxış edir. Özünün bir neçə kitabını və əl işlərini muzeyimizə təqdim etmişdir.
“Qəzəllər” kitabında istedadlı şair və miniatürçü rəssam Xanlar Qutqaşınlının qəlbinin harayı hiss olunur. Alban kitabələri üzərində tədqiqatı onun “Qafqaz Albaniyasından bir yarpaq” əsərinin işıq üzü görməsinə səbəb olmuşdur. Etnoqrafik əsərlərində Azərbaycan xalqının qədim tarixi kökləri, müdrikliyi və vətənpərvərliyindən söz açır. Müəllifin “Urartu mixi yazıları və azəri türk dili” adlı kitabı muzey işçiləri üçün nəzərdə tutulub. Bundan əlavə, ağac lövhə üzərində hazırladığı “Fikrət Qoca”, “Bibiheybət”, “Qəbələ şəhərinin qala divarları XVll əsrdə”, “Şəmkirin Zəyəm kəndində istehkam” barelyefləri və “Qız qalası”, “Muğam ansamblı” maketləri tamaşaçılarda xoş təəssürat yaradır.
Biz bu yolda Xanlar Qutqaşınlıya yeni-yeni müvəffəqiyyətlər arzulayırıq. Muzeyimiz daim yeni eksponatların axtarışındadır, hər il yüzlərlə material qəbul olunur və xalqa təqdim edirik.
Ağgül İmranqızı,
Qəbələ
Tarix-Diyarşünaslıq Muzeyi
fondlarının baş mühafizi
Mədəniyyət.- 2014.- 13 iyun.-
S. 11.