Oynamayan qadın
yaxud Tutudan qatil müəlliməyə Şükufə yolu
Onu uşaqlıq yaddaşımın mübariz
qadını saymışam bir zamanlar. İkinci cahan savaşında min bir məhrumiyyətlərin qadını ola bilməsi, hakimi-mütləq iddialı kolxoz sədrinə namus dərsi
vermə cəsarəti məni hələ o
zamandan təsiri altına
salmışdı. Əslində, müharibənin insan taleyinə
zərbəsindən öz zəriflik və
zəifliyində gizlənən qadınların dramını
mükəmməl şəkildə ifadə edən “Tütək
səsi” filmində onun oynadığı
rol ayrı bir özəllik
daşıyır.
Bu filmdə həyat da var, məhəbbət də.
Sarsıntı da var, sevinc də.
Amma hər şeydən öndə orada qadın, onun yaşantısı və içində boğduğu ən müxtəlif hislər
var. Bax
o, həmin hissi mükəmməl ifadə
edə bilib. Çünki burada gənc aktrisa özü ola
bilib, daha doğrusu, qəhrəmanı
Tutunu özününküləşdirməyi
bacarıb. O vaxtdan başlanan hüsn-rəğbətim
Milli Dram Teatrının
səhnəsində Xalq
yazıçısı Elçinin
məşhur “Qatil” dramında biçarə müəllimə obrazı
ilə tam daşlaşdı.
Canlı səhnədə
ilk dəfə gördüyüm
bu qadın yaşı keçmiş,
bütün sevgisini sənətinə və dərs dediyi uşaqlara vermiş bir müəlliməni də ən az Tutu qədər
hiss edə bilmişdi.
Çünki o obrazların
hər ikisində ondan - bu gün
sirli-sehrli bir gənclik təravəti ilə 60-dan soraq verən Xalq artisti, “Şöhrət” ordenli gözəl və füsunkar qadın - Şükufə
Yusupovadan çox şey var idi...
Bir qadını duymaq üçün
Hə, onu duymaq üçün mütləq o qadının
yaşantısını özündən
keçirməlisən. Bu özününküləşdirmə Şükufə xanımda
daim yaxşı alınır. Məsələn
o, “Qatil”də gecələr
yoxlama dəftərləri
üzərində işini
qurtaran kimi tənhalıqla mücadilə
aparan, iztirabları təpədən-dırnağa onu ağuşuna alan müəllimə
ola bilirdi. Yatağına girib xısın-xısın
ağlayır, boş
qəlbi onun özünə qarşı
üsyan edirdi. Sonra birdən yelbeyin qıza çevrilirdi.
Belə ki, o özündən, hislərindən bezmiş
məqamında bir gün qarşısına
çıxan keçmiş
şagirdinə inanır,
onun guya illərdir qəlbində gəzdirdiyi, aça bilmədiyi sevgi izharını acgözlüklə
qəbul edir. Beləcə,
müəllimənin qaranlıq
dünyasına gur bir işıq seli düşür, kiməsə gərəkli
olduğuna məmnun halda inanır, alışır.
Lakin hadisələrin
axarında məlum olur ki, bu
səfil keçmiş
şagirdi müəllimənin
pulu, qızıl üzüyü maraqlandırırmış. Sadəlövh qızcığaz kimi aldanmış, alçaldılmış
müəllimə sonda
qatilə çevrilir.
Bütün bunları, onu
qatilə çevirən
həyatı aktrisa elə canlı, inandırıcı ifa edirdi ki, onun
tərəf-müqabilini tamaşaçının
özü öldürmək
istəyirdi. Bu təzadlar içində sevgili olması və onu mükəmməl
oynaması səhnədən
tam anlaşılır, hər
hansı ehtirasın məhsulu olmadığı,
bir qadının içindəki sevgini verə bilmək kimi müqəddəs hissinin təzahürü olaraq ecazkar görünürdü.
Sənətin “Şöhrət” zirvəsində
Aktrisa mətbuata meyl göstərməyən sənət
adamlarından olduğundan
60 ilin və sənətinin “Şöhrət”
gətirən sevincini
onunla müsahibəsiz,
geniş söhbətsiz
bölüşdüm. Ona görə
də bir-iki sözü və haqqında oxuduqlarımla kifayətlənməli oldum.
1954-cü ildə Bakıda doğulub. İndiki Mədəniyyət və
İncəsənət Universitetində
böyük rejissor Mehdi Məmmədovun kursunu bitirib. Tələbə ikən Milli Dram Teatrında M.Məmmədovun hazırladığı
“İnsan” tamaşasında
(S.Vurğun) Tatyana rolunu
oynayıb, sonra görkəmli rejissor Tofiq Kazımovun quruluşunda M.S.Ordubadinin
“Qılınc və qələm” əsərinin
tamaşasında Rəna
rolu ilə ştata götürülüb.
Şükufə Yusupova Akademik Milli Dram Teatrında bir-birindən fərqli obrazlara sənət həyatı verib. Onların
arasında Anyuta
("Daşqın", A.Safronov),
Təhminə ("Xurşidbanu
Natəvan", İ.Əfəndiyev),
Zara xanım ("Bizim
qəribə taleyimiz",
İ.Əfəndiyev), Sədaqət
("Büllur sarayda",
İ.Əfəndiyev), Həmidə
xanım ("Sizi deyib gəlmişəm",
Anar), Xavər ("İblis", H.Cavid), Gülnar ("Vaqif", S.Vurğun), Şölə
xanım ("Lənkəran
xanının vəziri",
M.F.Axundzadə), Zəhra
xanım ("Köhnə
ev", Ə.Əmirli),
Sona Ərəblinskaya
("Mesenat", Ə.Əmirli),
Həsənzadənin arvadı
("Boy çiçəyi", İ.Əfəndiyev) xüsusi
qeyd olunmalıdır.
Əslində, oynadığı bütün
irili xırdalı rolları saymaq da olar, onları
bir-bir analiz etmək də. Amma bütün bunların məntiqi izahında bir fikir tam yerinə
oturur: Şükufə
Yusupova hər bir obrazında özünü oynaya bilib. Demək, aktrisa olaraq
rejissordan asılı
olmayan bir sənət mifi formalaşdırıb.
Kinoda özünə baxmasa da...
Aktrisa barədə
aldığım məlumatlar
arasında ən çox diqqətimi çəkən və təəccübümə səbəb
olan məhz bu cəhət oldu. Oynadığı, rol aldığı
filmlərə baxmamaq
kimi bir vərdişə malik aktrisa öz rolunu ilk və son olaraq elə məhz “Tütək səsi” filminin səsləndirməsində görüb.
Belə ki, görkəmli rejissor Rasim Ocaqov filmin səsləndirmə
prosesində fikrini dəyişir və aktrisaya “Çox sevdiyim epizodda sənin öz səsinin olmasını istəyirəm” deyir.
Beləcə, aktrisa kolxoz sədrinin Tutuya işi təhvil ver deməsinə cavab olaraq hikkəylə dediyi “Qisas alırsan,
köpəyoğlu, o gün
Sayalı ilə gələndə sizi evdən qovmuşdum axı...” kimi məşhur epizodla özünün ekran təcəssümünü izləmiş
olur.
Onu da deyim ki, akademik
teatrın aktrisaları
arasında kinoya ən çox çəkilən sənətkarlardan
biri də məhz Şükufə xanımdır. 1975-ci ildən
başlayaraq "Dörd
bazar günü"
(Ustanın qızı),
"Ad günü" (Rəna),
"Asif, Vasif, Ağasif" (ana),
"Nar ağacı haqqında
xatirələr" (Mədinə),
"Gümüşgöl əfsanəsi" (Səidə),
"Ümid" (ana)
- ümumilikdə 20-dək filmə çəkilib.
Bundan başqa,
Azərbaycan Dövlət
Televiziyasında N.Hacızadənin
"Yaşa, ey haqq" (Ümbülbanu),
J.Koktonun "İnsan
səsi" (Qadın),
M.Normanın "Gecən
xeyirə qalsın, ana!" (qız) teletamaşalarında da maraqlı oyunu ilə seçilib.
Kino barədə fərqli
yozumu olan aktrisa rol bölgüsü,
onun irili-xırdalı,
mənfi, müsbət
olması arasında seçim etməsə belə, hər ekran işində də özünü görmür. Kinorejissorun tələblərinə də
fərqli yanaşması
var: “Rejissor mənə deyir ki, burda soyunmalısan,
deyirəm yox. Sevgini oynamaq üçün soyunmaq lazım deyil, onu baxışımla
da verə bilərəm”.
Bir daha Şükufə özü
Səhnədə çox rollar oynayan aktrisanın həyat, yaşam, insan, onun missiyası
barədə özünəməxsus
fəlsəfəsi var. O, fəlsəfəsi
ilə həyatda oynamadığını deyir. Övlad, ana,
həyat yoldaşı,
bacı, xala, bibi olan Şükufə
xanım onların sevən və sevilən obrazlar olduğunu, lakin heç birində oynamadığını, onlara
funksiya kimi yanaşdığını, müqəddəs
olduğunu düşünür.
Daim şaqraq,
realist, optimist təsiri bağışlayan
aktrisanın həyatla
münasibətində barışcıl
mövqeyi də maraqlıdır. “Həyatın
hər anı üçün şükür
etmək, bir də onu gözəl
görməyi bacarmaq lazımdır. Gözünə görünən hər şey, hər olay sənin onu necə görməyindən
asılıdır. Çalış,
yaxşı gör, o
da yaxşı təsir bağışlasın”,
- deyir, düşünür
və buna əməl edir. Yəqin
60-ın bələdçiliyində gənclik təravətini
qoruya bilməsinin və üzünə qonan 18-lik təbəssümün
onu heç vaxt tərk etməməyinin də sirri bundadır.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2014.- 13 iyun.-
S. 7.