“Günay” teatr studiyasının mövsümdə son premyerası
Bakı Uşaq Teatrının nəzdində fəaliyyət
göstərən “Günay”
teatr studiyası özünün 9-cu mövsümünü
başa vurur. Kollektivin
mövsümdə son çıxışı
iyunun 15-də R.Behbudov
adına Dövlət Mahnı Teatrında olacaq. İkihissəli tədbirdə əvvəlcə
vokal və xoreoqrafik nömrələr,
sonra isə E.Hofmanın eyniadlı nağılı əsasında
hazırlanmış “Şelkunçik”
tamaşasının premyerası
təqdim ediləcək.
Birinci hissədə beynəlxalq
müsabiqələr laureatları
Səbinə Məmmədova
və Leyla Yusubova, Moskvada keçirilən “Canlı
klassika” müsabiqəsinin
qalibi Nəzrin Arıxova, beynəlxalq vokal müsabiqələrinin
qalibi Eldar Tahirov, “Günay” rəqs qrupu çıxış edəcək.
Daha sonra nümayiş olunacaq “Şelkunçik” tamaşasının
quruluşu və musiqi tərtibatı teatr studiyasının rəhbəri Larisa Tarusovaya,
rəqslərin quruluşu
isə Günəş
Talıbovaya məxsusdur. Tamaşada P.Çaykovskinin
musiqisindən istifadə
olunub. Baş rolları Elina Kainbekova, Maksim Korşunov, Leyla Yusubova, Leyla Mürşüdova, Gülər
Aslanova və Akim Şeqlov oynayırlar.
Mədəniyyət.- 2014.- 13 iyun.- S. 6