Beynəlxalq
konfransın iştirakçıları Qəbələ və
Şəkidə olublar
Xəbər verdiyimiz kimi, 10-11 iyun tarixində Mədəniyyət və Turizm Nazirliyi və
AMEA-nın İnsan Hüquqları İnstitutu tərəfindən "Qafqaz Albaniyasının tarixi
və mədəni irsi insan
hüquqları kontekstində" mövzusunda
beynəlxalq konfrans təşkil olunub.
Müəllif Hüquqları Agentliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə gerçəkləşən tədbirdə Azərbaycan, Rusiya, Gürcüstan, Litva, Qazaxıstan və İsraildən alimlər iştirak ediblər. Konfransın açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov çıxış edib.
AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayevanın moderatorluğu ilə keçən plenar iclasda Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov və AMEA İnsan Hüquqları İnstitutunun elmi işçisi Rizvan Hüseynov "İşğal olunmuş Qarabağ ərazisindəki Gəncəsar kilsəsinin nümunəsində Qafqaz Albaniyası mədəni irsinin erməniləşdirilməsi", BDU-nun “Beynəlxalq ümumi hüquq" kafedrasının müdiri Rüstəm Məmmədov "Qədim alban abidələrinin beynəlxalq-hüquqi müdafiəsi", Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova "Qafqaz Albaniyasının memarlıq irsi", Rusiya Mədəniyyətşünaslıq İnstitutunun Sankt-Peterburq şöbəsinin elmi işlər üzrə direktor müavini Alina Venkova "UNESCO mənəvi dəyərlərin müqayisəli tədqiqi, mədəniyyətlərin spesifikası və dinlərarası dialoq", Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Volqoqrad filialının professoru Riçard Danakari "Udilərin qədim simvolları, obrazları və varlığının mənası", BDU-nun "Qafqaz xalqları tarixi" kafedrasının müdiri İradə Hüseynova "Qafqaz Albaniyasının tarixi irsi Azərbaycan xalqının tarix və mədəniyyətinin qiymətli abidəsi kimi" mövzusunda məruzələrlə çıxış ediblər.
Sonra konfrans professor Rüstəm Məmmədovun, BDU-nun böyük elmi işçisi, "Alban-udi" xristian icmasının sədri Robert Mobilinin və memarlıq doktoru, dosent Səbinə Hacıyevanın moderatorluğu ilə üç paralel sessiyada davam etdirilib. Sessiyalar Qafqaz Albaniyası mövzusu üzrə hüquqi, dini və mədəni irs aspektlərini əhatə edib. Konfransda çıxış edən məruzəçilər ölkəmizdə Qafqaz Albaniyası irsinə göstərilən yüksək diqqət və qayğını təqdir edərək, milli azlıqların hüquqlarının müdafiəsinin yüksək səviyyədə olmasını bir daha vurğulayıb, Azərbaycanın dünyada tolerantlığın ünvanı kimi tanındığını qeyd ediblər.
İyunun 11-də konfrans iştirakçıları üçün Qafqaz Albaniyasının tarixi, mədəni və siyasi mərkəzləri olmuş Qəbələ və Şəki rayonlarına səfər təşkil olunub, məruzəçilərə layihədə iştiraka dair müvafiq sertifikatlar təqdim edilib.
Konfransda səsləndirilmiş
fikirlər və təqdimatı keçirilmiş
məruzələrin yer alacağı toplunun nəşr edilməsi nəzərdə
tutulur.
Mədəniyyət.- 2014.- 13 iyun.-
S. 3.