Qırmızı dövrün
ağsaqqalı
Siyasi aləmin ələmlərini qələmə
ala bilməməyə məhkum böyük ədib - Maksim
Qorki
Onu “ağsaqqal” tituluyla anmağımın səbəbi var; düz 70 il “formaca
milli, məzmunca sosialist
ədəbiyyat” devizilə yazıb-yarınmış sovet qələmi onu böyük rus oğlu kimi təqdim etsə
də, o, əsl ədəbiyyat aləminə
kökəncə tatar kimi
tanınırdı. “Ana” romanındakı
baş qəhrəmanı - Pelageya Nilovna
obrazının xarakter cizgilərilə
böyük ədib özü
də bunu büruzə verib.
Aleksey Maksimoviç Peşkov (Peşikov, “Beşik”ov) tatar əsilliyini canlı söhbətlərində, hiss və duyğularında da gizlədə bilmirmiş. Məsələn, 1899-cu ilin 31 dekabr gecəsi hündür bir təpənin başında yaxın dostu Vasili Rozanova: “Fərqindəsənmi dostum, biz bir dəqiqədən sonra XX əsrə qədəm qoyacağıq... - deyib, fikrə dalır və əlavə edir - ...XIX əsrdən başlayıb, hələ də bitirə bilmədiyimiz “yeldən sürətli tatar atları” haqda söhbətimizlə birgə...”
Saysız-hesabsız insan surətləri yaratmış bu böyük sənətkarın öz surət-sifəti də rusdan daha çox, sözügedən etnosa çəkmirmi? Bir vaxtlar sovet kinoxronikalarında tez-tez göstərilən və hər görünüşündə proletariat tərəfindən qızğın sevgilərlə qarşılansa da, sir-sifətində mübhəm dərdlər çəkən bu adam “mujik”dən çox, ağsaqqalları xatırlatmırmı?..
Sovetlər dönəmində onun əsərləri də özü kimi məşhur idi. “Ana”, “Foma Qordeyev”, “Artamonovların işi”, “Klim Samqinin həyatı” romanları, “Uşaqlıq”, “Mənim universitetlərim” povestləri, “Meşşanlar”, “Həyatın dibində”, “Yeqor Bulıçev və başqaları”, “Vassa Jeleznova” pyesləri “stolüstü”lükdən, səhnələrdən düşmürdü. Hər kəs bilirdi ki, bu nəhəng SSRİ ədibi 28 mart 1868-ci ildə Nijni Novqorodda doğulub, 18 iyun 1936-cı ildə Moskva vilayətində vəfat edib. Lakin olumu çox aydın olan bu çox xəlqi, insani, vicdani sənətkarın ölümü olduqca qaranlıq, dedikcə dumanlı idi və -
Deməli...
burada bu sənətkarın doğum, yazım-pozum aydınlıqları haqda yox, onun qara-qura sovetizmə bir şəxsiyyət təhlükəliliyilə ilgili qaranlığa (həmkarım Əziz Mustafanın maraqlı araşdırma yazısına istinadla) işıq tutmalı.
Uzun illər sosialist ideologiyasının nəğməkarı, proletar ədəbiyyatının banisi kimi təqdim edilmiş bu ədib bolşevizmin iç üzünü cəsarətlə açan, bəzən onları ya məntiqi, ya psixo-fiziki mənada yerlərində oturtmağı bacarıb. O, bolşevizmin öz əleyhdarlarına qarşı amansızlığının çiçəklənməyə başladığı 1918-ci ilin əvvəllərində yazırdı: “Proletariat genişürəkli, səmimi və ədalətli deyil. Halbuki inqilab ölkədə haqq və ədaləti bərpa etməli idi. Əgər ölkədaxili çəkişmədə Lenin Milyukovun, o da Leninin saçlarını yolsaydı, onda bu bizi narahat etməzdi. Amma çəkişən panlardır, bir-birilərini öldürənlər isə xoloplar! Kasıblar vuruşaraq, bir-birilərini məhv edir, ölkə isə məhvə sürüklənir”.
Dövrün ədəbi atomu kimi səslənən “Ana” romanı ilə təkcə Leninin yox, bütün inqilabçıların sevimlisinə çevrilən Qorki bu rəğbətin azmüddətli əsirinə çevrilmiş, xalqın inqilab yolu ilə azadlığa çıxacağına inanırmış. Amma... mənşəcə xristianlaşan tatar ailəsindən olan bu kişinin çılğın və qaynar qanı ürəyinin yanlış döyüntülərindən vaxtında dönüb. Yaradıcılığının sonrakı mərhələlərində bolşevizmi tərənnüm edən əsərlər yazmayıb və onlara qarşı gizli mübarizəyə başlayıb. Bu isə sonda, əvvəlcə oğlunun, daha sonra özünün aradan götürülməsinə gətirib çıxarıb.
Yazıçının ədəbi aləmdə müxtəlif mübahisələrə səbəb olan “Etiraf” povestini bəzi tənqidçilər sərt şəkildə tənqid edir, Kapridə mühacirətdə olarkən V.Lunaçarski və A.Boqdanov ilə fəhlə dərnəklərində dini təbliğ etməsinə görə isə Leninlə arasında ilk narazılıq yaranır. Həmin vaxtdan bolşevizm Qorki ilə əyişməyə başlayır. Birinci Dünya müharibəsi yazıçının humanist qəlbində insani yanğılara səbəb olur və şeirlərindən birində yazır: “Bundan sonra biz necə yaşayacağıq? Bu müharibə bizə nə verəcək? İnsanların bir-birilərinə nifrətlərimi?! Bəs müharibə fəlakətlərindən ağrıyan mənim qəlbimi nə xilas edəcək?..”
İnsanları fəlakətdən yalnız inqilabın xilas edəcəyinə ümid bəsləsə də, hər addımbaşı gördükləri göstərirmiş ki, bu ümidlər də doğrulana oxşamır. Son məqamda inqilabdan üz döndərən yazıçı 1917-1918-ci illərdə yazdığı əsərlərində Lenini terror və qiyam yolu ilə hakimiyyəti ələ keçirməkdə, ölkəni uçuruma sürükləməkdə, milyonları mənasız qırğına verməkdə günahlandırır. Amma onun xarizması qalmaqda idi; həmin dövrdə öz hörmət-izzət imkanları sayəsində bir çox ziyalıların bolşeviklər tərəfindən güllələnməsinin qarşısını almışdı.
1917-ci ilin dekabrında inqilabdan ay yarım sonra Qorki “Yeni həyat” qəzetində yazırdı: “İnqilab baş verəndən sonrakı qısa müddət ərzində bolşeviklər on mindən artıq əleyhdarlarını məhkəməsiz güllələyiblər. Bu, özbaşınalıqdır. İnqilab Rusiyaya nə isə verə, onun vəhşi məişət tərzini dəyişdirə, xalqı qaranlıqdan işıqlı həyata çıxara biləcəkmi?”
Onun Stalin “dövrü”...
Bu böyük ədəbi qələm və siyasi ələm dahiləri bir-birilə bənzərsiz bir ehtiyatkarlıqla davranırmışlar. Həyatının son illərində Qorki ona qarşı müxalifətə keçib, ölkədə hakimiyyətin rusların əlinə keçməsinin qızğın tərəfdarı olan millətçi Sergey Kirovla dostlaşmışdı. Stalin (və ətrafındakılar) isə, şübhəsiz, bundan xəbərdar idi.
Bir sıra tanınmış ziyalıları bolşeviklərin güllələmə təhlükəsindən xilas etmiş Qorki 1921-ci ildə Leninin israrlı tələbləri ilə İtaliyanın Sorrento şəhərinə “müalicə”yə göndərilir və orada “Artamanovların işi” romanını yazır, “Klim Samginin həyatı” romanı üzərində işləyir. Amma bu mədəni sürgün də Qorkini dəyişdirə bilmir və 1928-ci ildə Stalinin təşəbbüsü ilə SSRİ-yə qayıdır. Stalin dərhal onu SSRİ-ni gəzməyə göndərir. Qorki ölkədə baş verən tikinti-quruculuq işləri ilə əlaqədar Stalini tərifləməyə başlayır. 30-cu illərin əvvəllərində Qorkinin təşəbbüsü və Stalinin razılığı ilə Ədəbiyyat İnstitutu, 1934-cü ildə isə SSRİ Yazıçılar İttifaqı yaradılır və sədrlik Qorkiyə tapşırılır.
Keçmiş çekist, Qorkilər evinin komendantı, sonralar “Bizim uğurlar” jurnalının əməkdaşı olan Koşenkov Qorkinin və ailəsinin hər addımının izləndiyini və bundan onların özlərini olduqca pis hiss etdiklərini yazırdı. Onun qeydlərinə görə, 1936-cı il iyunun 3-də onu bir neçə saatlığa işdən evə göndərmiş və Qorkinin arxivini çıxarıb harasa aparmışlar. Axı bu arxivdə Qorkinin bolşevik hakimiyyətini, Lenini tənqid edən ədəbi-bədii dosyelər vardı!..
Koşenkov Qorkini müalicə edən həkimlərin dediklərini də qələmə alıb və buradan məlum olur ki, onlar arasında ədibin xəstəliyi ilə bağlı fikir ayrılıqları da olub.
Qorkinin vəziyyəti iyunun 8-də daha da ağırlaşır, həkimlər nə edəcəklərini bilmirlər və hamı çıxandan sonra otaqda tək qalan həkim Çertkova onu xilas etmək üçün 20 kubik kamfora vurur. Və möcüzə baş verir; Qorki özünə gəlir. Komendant İ.Stalin, K.Voroşilov və V.Molotovun onu ziyarət etmək üçün gəldiyini xəbər verir. Həmin vaxt Qorkinin yanında son 12 ildə ondan bir addım da ayrılmayan sevgilisi, daha doğrusu, qeyri-rəsmi həyat yoldaşı Mariya Budberq də varmış.
Vəziyyətinin yaxşılaşdığını Stalinə bildirən Qorki ondan “Vətəndaş müharibəsinin tarixi”nin nəşri ilə bağlı məsələni həll etməsini xahiş edir. Buna cavab olaraq, Stalin Qorkinin sağlığına içmək üçün şampan gətirilməsini istəyir. Həkim Çertkova sonralar yazacaqdı: “Kabinetin qapısı ağzında Stalin Kryuçkovdan soruşdu ki, Qorkinin başı üzərində dayanan qara paltarlı qadın kimdir, rahibədirmi? Kryuçkov da dedi ki, o, Mariya Budberqdir - Qorkinin məşuqəsi. Stalin dərhal kəskin şəkildə: “Bircə əllərində şam çatışmır!” Sonra Stalin mənim kim olduğumla maraqlandı. Kryuçkov ona mənim Qorkiyə baxan tibbi personaldan olduğumu söylədi. Nə üçünsə əsəbiləşən Stalin: “Hamısı buradan rədd olub getsin, yalnız ağxalatlı (yəni mən) Qorkinin yanında qalsın”. Şampan gətirdilər. Stalin Qorkiyə müraciətlə: - Aleksey Maksimoviç, yaxşı olardı ki, siz içməyəsiniz, - dedi. Buna cavab olaraq, Qorki içə bilmədiyinə görə kimlərə isə ünvanlanmış kobud bir ifadə işlətdi. Yeməkxanada Stalin Xalq Daxili İşlər Komissarı Henrix Yaqodanı gördü və dərhal da: - O burada nə avaralanır? Gözüm onu bir daha burada görməsin! Kryuçkov, sən mənə burada baş verənlərə görə başınla cavab verəcəksən!” - dedi.
Amma... doğrudanmı
Stalinin Henrix Yaqodadan zəhləsi gedirmiş? Əslində, onun Qorkini
“yoluxmağa” gəlməsi
Yaqodaya verdiyi tapşırığın necə
yerinə yetirilməsilə
bağlı deyilmişmi?
“Böyük rəhbər”in əsəbiləşməsinə
səbəb isə, bu dili uzun,
qələmi “həlləm-qəlləm”
yazıçının öz
arxivinin bir hissəsini bu xanıma tapşırmasından
xəbərdar olmasıyla
izahlanır. Hələ İtaliyada
olarkən Qorki arxivindəki xüsusi sirr dolu sənədləri
Budberqə tapşırmışdı.
İyunun 10-da Stalin yenidən Qorkiyə baş çəkmişdi. Bu vaxt Qorki yatırdı.
Həkim
Levin Stalinin gəlişi
ilə bağlı Qorkini yuxudan oyatmaq istəsə də, Budberq buna razılıq verməmişdi.
İyunun
12-də Qorki özünü
yaxşı hiss edir. Həmin vaxt Stalin və Voroşilov üçüncü
dəfə Qorkini yoluxmağa gəlirlər.
Xəstənin yanından ayrılmayan
Budberq otaqdan çıxmağa məcbur
olsa da, qapı arxasından onların söhbətini dinləyir. Səkkiz dəqiqə sonra
Stalin və Voroşilov
otağı tərk edirlər; onların Qorki ilə danışıqları alınmayıbmış.
Belə ki, bu vəziyyətə salınmasında Kremldən
şübhələnməyə başlamış Qorki özünə qapılaraq
Stalinlə danışmaq
əvəzinə susur,
hərdənsə qırıq
kəlmələrlə cavab
verirmiş...
O vaxtlar Stalinin mənfur niyyətindən
bixəbər xalq “böyük rəhbər”in
sevimli Aleksey Maksimoviçi
beş gündə
üç kərə
yoluxmasından vəcdə
gəlibmiş...
Tahir Əhmədalılar
Mədəniyyət.- 2014.- 18 iyun.-
S.13.