“Müstəqil dövlətin övladlarıyıq”

 

İyunun 13-də Şirvan şəhər Mərkəzi kitabxanasında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Biz müstəqil dövlətin övladlarıyıq” adlı tədbir keçirildi. Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açaraq qeyd etdi ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda siyasi hakimiyyətə qayıdışı ölkəmizdə yeni tarixi dövrün əsasını qoyub. Azərbaycanın inkişaf etməsi, dövlətçiliyinin qorunub möhkəmləndirilməsi məhz bu gündən sonra başlayıb. Milli Qurtuluş Günü hər zaman xatırlanmalı olan bir tarixdir.

Xidmət şöbəsinin müdiri Alma Cəfərova 1993-cü ildə Azərbaycanın dərin siyasi böhranla üzləşdiyini, vətəndaş qarşıdurmasının yarandığını, ölkənin parçalanmağa doğru getdiyini və respublikanı bu ağır vəziyyətdən ümummilli lider Heydər Əliyevin xilas etdiyini dedi. Bu gün xalqın və onun liderinin möhtəşəm zəfəridir.

Kitabxananın direktor müavini Vəzufə Xudiyeva ulu öndərin xilaskarlıq missiyasından, dövlət və xalq qarşısında misilsiz xidmətlərindən danışdı. Azərbaycanın gələcəyinin təməli olan Milli Qurtuluş Gününün tarixi məqamlarına nəzər salaraq Heydər Əliyevin gənclərə, uşaqlara göstərdiyi diqqət və qayğıdan söz açdı. Qeyd etdi ki, azadlıq, müstəqillik hər bir xalq üçün ən müqəddəs nemətdir. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə apararaq bu yolda şəhidlər verib.

Tədbir iştirakçıları “15 İyun - Milli Qurtuluş Günüdür” başlıqlı kitab sərgisi ilə də tanış oldular.

 

Mehriban Novruzova,

Şirvan şəhər Mərkəzi kitabxanasının oxu zalının müdiri

 

Mədəniyyət.- 2014.- 18 iyun.- S. 11.