“Bu festivalla
demək istəyirik ki, kulinariya mədəniyyətin bir hissəsidir”
“Ümid edirəm ki, gələcəkdə
Azərbaycanın şef
aşpazları da layihəmizin iştirakçısına
çevriləcəklər”
Zəngin ənənələrə, özəlliklərə
malik Fransa mətbəxi dünya kulinariyasında məxsusi
yer tutur. Mayın 31-də Bakıda ilk dəfə keçirilən Fransa kulinariya festivalının
da məqsədi bu özəlliklərin təqdimatı idi. “Fairmont Baku” hotelində (“Flame
Towers” - “Alov qüllələri”)
gerçəkləşən tədbir həm də maraqlı konsert və əyləncəli proqramla
yadda qaldı. Layihənin rəhbəri, əslən
Rusiyanın Şimali Osetiya bölgəsindən
olan Natalya Marzoyeva ilə müsahibəmizdə
festivalın əsas məqamlarına toxunduq.
- Əvvəlcə
rəhbəri olduğunuz
“Fransa kulinariya festivalı” layihəsi haqqında oxucularımıza
qısa məlumat verə bilərsinizmi?
- Bildiyiniz kimi, Fransa kulinariyası
UNESCO-nun irs siyahısına daxil olub və bu
ölkənin əsas
vizit kartlarından biridir. Fransanın kulinariya evləri,
məşhur aşpazları
və onların hazırladıqları yeməklər
dünyada brendə çevrilib. Festivala gəlincə,
bu layihə artıq beşinci ildir həyata keçirilir. Layihə ilk dəfə
“Fransa-Rusiya kulinariya mövsümü” adı altında 2010-cu ildə Parisdə keçirilib.
Biz oraya Moskvanın
baş aşpazlarını
dəvət etmişdik.
Festival zamanı rusiyalı və fransız aşpazlar menyu mübadiləsi etmişdilər. Yəni tədbirdə
rus-fransız menyusu təqdim edilmişdi.
Ötən müddətdə layihəni Monakoda, Kannda, Moskvada gerçəkləşdirmişik. Bu il isə
ilk dəfə tanınmış
fransız baş aşpazlarının iştirakı
ilə kulinariya festivalını Bakıda
keçirdik. Bunun özü
də bir tanıtım tədbiri idi. Bakıya gələn fransalı baş aşpazlar kulinariya vasitəsilə Fransa mədəniyyətini
təqdim etdilər və azərbaycanlılar
da bu mətbəxin
özəlliyi ilə
tanış olmaq imkanı əldə edə bildilər. Biz bu
festivalla demək istəyirik ki, kulinariya mədəniyyətin
bir hissəsidir.
Məsələn, hər hansı
ölkəyə və
ya şəhərə
ayaq basdıqda, hava limanından birbaşa restorana getmək istəyirsiniz.
Bu isə o ölkənin
mədəniyyəti ilə
ilk tanışlıqdır. Hətta ölkənin kulinariyası
onun insanlarını tanımağa da kömək edir. Biz masa arxasına
toplaşırıq, söhbət
və nahar edirik. Beləliklə, masa arxası
ənənə ilə
insanlar bir-birilərini
tanıyırlar. Mədəniyyətin bir hissəsi olmaqla yanaşı, kulinariya həm də təyinedici faktordur ki, bu
da aşpazlara stimul verir. Belə ki, aşpazlar yemək hazırlamaq üçün daha keyfiyyətli ərzaq axtarırlar. Misal üçün,
mən də Bakıya gəldiyim ilk gün restorana gedib Azərbaycan mətbəxinin dadına baxmaq istədim. Restoranda nahar edərkən ofisiantlar yeməkləri bizə belə təqdim edirdilər: bizim Bakı pomidorları, gözəl pendirimiz, göyərtimiz... Əlbəttə, bütün bunlar sizin fermerlər tərəfindən istehsal
olunur. Fermer istehsal edir,
şef aşpazlar onları alır, yeməklər hazırlayır
və təqdim edirlər. Bu bütöv bir prosesdir və hardasa kənd təsərrüfatına da
stimulverici rol oynayır.
- Festivalın ideyası necə yarandı?
- Bu mənim layihəmdir. Əvvəlcə məndə belə
bir ideya yarandı ki, ölkənin mədəniyyəti
haqqında danışım,
onu təqdim edim. Əlbəttə, mədəniyyət deyəndə - ədəbiyyat,
rəssamlıq, musiqi
yada düşür.
Amma unuduruq ki, kulinariya
da ölkənin mədəniyyətidir. O zaman
düşündüm ki,
ölkəni mətbəxi
ilə tanıdım.
Beləliklə, şef aşpazlar
vasitəsilə ölkələrin
kulinariya görüşmələrini,
mübadiləsini keçirməyi
qərarlaşdırdım. Yuxarıda qeyd etdiyim kimi,
ilk dəfə bunu Parisdə təqdim etdim. Həmin ildə Parisdə
Rusiya mədəniyyəti
günləri keçirilirdi
və bu festival da həmin proqrama
daxil edildi. Fransa Mədəniyyət Nazirliyi
nümayəndələrinin də daxil olduğu
60 nəfərlik heyətin
yüksək səviyyədə
şam yeməyini təşkil etdik. Bunun ardınca layihəni Monako, Monte-Karlo və Rusiyada reallaşdırdıq. Rusiyadakı tədbirdə
fransız, rus və gürcü aşpazları arasında
təcrübə mübadiləsi
aparıldı. Ötən
il Kannda
keçirdiyimiz layihədə
gürcü aşpazları
da iştirak etdilər. Layihənin adı “Kannda
Rusiya-Fransa kulinariya mövsümü” idi.
Bu həqiqətən də, çox maraqlı təcrübə
idi və insanların xoşuna gəldi. Yeni zövqlər, yemək
reseptləri nümayiş
olundu. Ümid edirəm ki,
Bakıdakı festivaldan
sonra Azərbaycanın
baş aşpazları
da layihəmizin iştirakçısına çevriləcək.
- Ötən müddətdə layihəyə
hansısa yeni ideyalar əlavə olunubmu?
- Bu festivala tez-tez musiqini, fotoqrafiyanı, kino, modanı da birləşdiririk. Məsələn, Monakoda keçirdiyimiz
layihəyə tanınmış
modelyer-dizayner Maks Şaulu (Max Chaoul) dəvət etdik. O, Beyons, Sofi Marso
kimi ulduz sənətçilərin modelyer-dizayneridir.
Bundan başqa, layihələrimizin
birində koreyalı fotoqraflar iştirak edirdi. Bütün bunlar yemək
ətrafında baş
verir və kulinariyanı kompleks halda təqdim etməyə imkan verir. Məsələn, koreyalı fotoqraf
yeməklərdən maraqlı
fotolar hazırlamışdı.
Baş aşpaz isə Maks Şaulun modalarını əks etdirən desert hazırlamışdı.
Festivala əlavə etdiyimiz yeniliklərdən biri də budur ki,
baş aşpazların
ustad dərslərini təşkil edirik. Bu isə, başqa
kulinariya ənənələrini
kəşf etmək üçün gözəl
imkandır. Bir sözlə,
hər dəfə bu festivala bir
yeni detal əlavə edib onu kompleks halda
təqdim edirik. Məsələn, moda və kulinariya və ya kino, opera və kulinariya. Bu dəfə isə
Bakıya opera müğənnisi,
beynəlxalq müsabiqələr
laureatı, kinoaktrisa və televiziya aparıcısı Anna Zaytsevanı
dəvət etmişdik.
Bakıda keçirdiyimiz tədbirdə
Fransanın ən tanınmış baş aşpazlarından olan
Frank Porsi və Laurent
Moreno iştirak edirdi. Ümid edirəm
ki, növbəti dəfə də bu tədbiri Bakıda keçirəcəyik.
Eyni zamanda ona da
ümid edirəm ki, növbəti dəfə Azərbaycan şef aşpazlarını
Monakoya dəvət edəcəyik və oradakı insanlar Qafqazın yeni yemək dadlarını, zövqünü kəşf
edə biləcək.
- Nə üçün məhz qaşığı
layihənin simvolu seçmisiniz?
- Bilirsiniz, qaşıq uşaq vaxtı istifadə etdiyimiz ilk mətbəx əşyasıdır.
Bu haradasa bütün
dünyada dadlı yeməyi simvollaşdıran
alətdir.
- İlk
dəfə idi ki, Fransa kulinariya
festivalı Bakıda keçirilirdi. Tədbirdən, şəhərimizdən hansı
təəssüratlarla ayrılırsınız?
- Bakıda keçirilən
tədbirdən zəngin
təəssürat əldə
etdim. Bu şəhərin
özü ilə yanaşı, insanları da çox gözəldir.
Müasir inkişaf burada
çoxlu layihələr
həyata keçirməyə
imkan verir. Dənizkənarı bulvar, şəhərin
görünüşü çox
möhtəşəmdir. Ümid edirəm ki, biz növbəti dəfə Bakıya digər baş aşpazlarla gələcəyik və onların azərbaycanlı
həmkarları ilə
maraqlı bir layihəni gerçəkləşdirəcəyik.
Bu layihənin adı isə “Fransa-Azərbaycan kulinariya
mövsümü” olacaq.
- Yeni planlarınızda daha nələr var?
- İyulda Monakoda,
sentyabrda Parisdə, sonra isə Cenevrədə festival təşkil
edəcəyik. Və dediyim kimi, ola bilsin ki, növbəti dəfə Bakıya gəldik. Niyə də yox?
Doğrudan da, gözəl
təcrübə olardı.
Son olaraq Bakıya
demək istərdim ki, qonaqpərvərliyinizə
görə sağ olun.
Mehparə
Mədəniyyət.- 2014.- 18 iyun.-
S. 10.