Epizodik rolların baş
qəhrəmanı
Ağahüseyn Cavadov - 120
Deyirlər, gülüş üçün
yaş həddi yoxdur.
Kim gülə və güldürə
bilirsə, o, həmişə gəncdir. Çünki gülüş
təkcə insan ömrünün
deyil, bütünlükdə tarixin əbədi gəncliyidir. Deməli, nə
qədər ki insan
gülməyi bacarır, onları güldürən aktyorlar - bu nadir peşənin yükünü
çiyinlərində daşıyan, sevgisini
ürəklərdə yaşadan sənətkarlar
da əbədiyaşardır.
Ömrünün 60 ilini sənətdə keçirən, xarakter maskalarından məharətlə istifadə edən, tipaj yaratmaqda səriştəli aktyor, satirik obrazların ifasında qroteskdən həssaslıqla bəhrələnən Xalq artisti Ağahüseyn Cavadov da məhz bu əbədiyaşar sənətkarlardandır. Ustad aktyor epizodik rolların mahir ifaçısı “O olmasın, bu olsun”, “Bir qalanın sirri”, “Qızmar günəş altında”, “Bəxtiyar”, “Görüş”, “Sehrli xalat”, “İstintaq davam edir”, “Şərikli çörək”, “Əhməd haradadır?”, “Bir qalanın sirri”, “Qərib cinlər diyarında” filmlərində yaratdığı obrazlar qalereyası ilə tamaşaçıların könlündə taxt qurub.
120 ilin yolayrıcında
Anadan olmasının 120-ci ildönümü münasibətilə Akademik Milli Dram Teatrında sənətkarın yubiley gecəsi keçirildi. Gecədə aktyorun böyük sənətkarlıq nümunəsi olan teatr tamaşaları və filmlərdə yaratdığı obrazlardan söz açıldı, epizod olmasına baxmayaraq, hər biri az qala bütün ekran əsərinə bərabər rolları kinolentlərdən boylandı. Beləcə, tamaşaçılar teatrşünas, kinoşünas və Ağahüseyn Cavadov sənəti barədə söz söyləyən tanınmışların bələdçiliyində bir şanlı aktyor ömrünə səyahət etdilər.
Teatrın foyesində təşkil olunan munis, əsl sənət söhbəti ortamlı gecənin aparıcılıq yükünü məharətlə daşıyan sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə böyük aktyorun yaradıcılıq yoluna nəzər saldı. Unikal oyun üslubu, özünəməxsus dəst-xəttindən, bənzərsiz ifaçılığından ətraflı söz açdı. Qeyd etdi ki, rolun böyüyü-kiçiyi yoxdur, aktyorun böyüyü-kiçiyi var. Xalq artisti Ağahüseyn Cavadov da öz yaradıcılığı ilə bu həqiqəti bir daha təsdiqləyir.
Xalq artisti Rafiq Əzimov ustad sənətkarın obrazlar qalereyasından və onların hər birində mükəmməl fərqlilik yaratmasından bəhs etdi: “Onun yaratdığı obrazlar onun üz mimikaları, duzlu-məzəli deyimləri, təkrarsız ifası ilə ölməzlik qazanıb. O rolların çoxunu xatırlayanda istər-istəməz insanın üzünə təbəssüm qonur. O, həyatda da çox həlim, təvazökar və sadə insan olduğundan oynadığı rollar da çox xoş və yaxın, inandırıcı təsir bağışlayırdı”.
Sonra sənətkarın həyat tarixçəsi vərəqləndi. Qeyd olundu ki, Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü il aprelin 22-də Bakı yaxınlığındakı Xırdalan qəsəbəsində doğulub. İlk təhsilini mollaxanada alıb. 1919-cu ildə “Səadət” məktəbini bitirib. Anası Hürmət xanım oğlunun oxumuş bir şəxs kimi nüfuz sahibi olmasını arzulayırdı. Lakin mühiti bir çoxları kimi onun da qarşısına əngəllər çıxarırdı. O, tapdığı hər fürsətdə teatr sənətinə maraq göstərir, zəmanəsinin görkəmli aktyorlarının, xüsusilə Sidqi Ruhullanın, Mirzəağa Əliyevin, Cahangir Zeynalovun, Hacıağa Abbasovun ifalarına tamaşa edirdi. Teatra, səhnəyə ən fədakar insanların üz tutduğu dövrdə o, nə böyük əngəllərə, nə də maddi sıxıntılara məhəl qoydu, sənəti ilə tamaşaçıların rəğbətini qazana bildi.
Teatrımızın
fədailərindən
Teatr sənətinə tələbəlik illərindən maraq göstərən, bəzi tamaşalarda sözsüz və epizodik rollarda çıxan Ağahüseyn Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə Milli Dram Teatrında işləyib. İlk addımlarını isə “Tənqid-təbliğ” teatrında atıb. Sənət taleyi uğurlu olan aktyor “Çin tanrısı”, “Fırtına”, “Ovod”, “Anamın kitabı”, “Qanlı səhra”, “Bəxtsiz cavan”, “Paris - Noterdam kilsəsi”, “Romanovların son günləri”, “Namus” tamaşalarında obrazlara həyat verib.
Aktyor Milli Dram Teatrının səhnəsində Məmişov, Cəlal, Soraq kişi (“Məhəbbət”, “Həyat” və “Yaxşı adam” - M.İbrahimov), Dəmirçi Musa, Bərbərzadə, Mirzə Salman (“Toy”, “Xoşbəxtlər” və “Nişanlı qız” - S.Rəhman), Ocaqqulu, Xosməmməd, Həmzə, İmamverdi, Oddamdı (“Almaz”, “Dönüş”, “Solğun çiçəklər”, “1905-ci ildə” və “Od gəlini” - C.Cabbarlı), Qənimət (“Cavanşir” - M.Hüseyn), Mürsəl (“Qaçaq Nəbi” - S.Rüstəm), Usta Murad (“İldırım” - C.Məcnunbəyov), Bəbir Bəbiroviç, Qoşqar baba (“Yadigar” və “Yol ayrıcında” - İ.Səfərli), Almurad (“Mənim günahım” - İ.Əfəndiyev) və başqa rollarda çıxış edib.
Ağahüseyn Cavadov Musiqili Komediya Teatrının repertuarının zənginləşməsində də önəmli rol oynayıb. 1938-ci ildə o, yenicə təşkil edilmiş bu teatra dəvət olunub. Burada “Ər və arvad”, “Əlli yaşında cavan”, “Beş manatlıq gəlin”, “Arşın mal alan”, “Toy kimindir”, “Evli ikən subay” və başqa əsərlərdə öz sözünü layiqincə deyib. Sənətkar Mirzəağa Əliyev, Kazım Ziya, Fatma Qədri, Mustafa Mərdanov, Möhsün Sənani, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Hökumə Qurbanova, Ağasadıq Gəraybəyli kimi ustadlarla bir qrupda uğurlu tamaşalara imza atıb, yaratdığı 200-dən artıq obrazla o ansamblda heç də təsadüfi olmadığını isbatlayıb.
Kinomuzun mahir
güldürəni
Aktyorun yaradıcılığının önəmli bir mərhələsi Azərbaycan kinosu ilə bağlıdır. Yubiley gecəsində onun kino fəaliyyəti ayrıca qeyd olundu. Qocaman kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə yaratdığı obrazlarla geniş tamaşaçı kütləsinin sevgisini qazanan sənətkarın bir-birinin ardınca ən gözəl filmlərdə rol aldığını dedi. Kinematoqrafiyamızın həm də borclu qaldığı aktyorlardan olan Ağahüseyn Cavadovun yüksək peşəkar oyun üslubundan söz açdı. Çəkildiyi “Bəxtiyar” (Rza), “Qızmar günəş altında” (Pirioğlu), “Əhməd haradadır?” (Əhməd), “O olmasın, bu olsun” (Bəy), “Bir qalanın sirri” (Rəmmal), “Sehrli xalat” (Vəzir), “Görüş” (Əbülfəz), “Şərikli çörək” (İsmayıl baba) kimi filmlərindəki obrazların özünəməxsus keyfiyyətlərindən bəhs etdi: “Onun yaratdığı Rza rolu Rəmmaldan, Rəmmal isə Əbülfəz obrazından tam fərqli cizgilərə malikdir. Amma bütün obrazları birləşdirən ümumi bir cəhət var - yüksək sənətkarlıqla tamaşaçını güldürmək məharəti. Ağahüseyn Cavadovun kinoda əbədi yaşaması üçün bu üç rol da yetərli sayıla bilərdi. Onun gülüşü səmimi, içdən gələn, qana-cana hopmuş bir istedad idi. Aktyorun güldürmək üçün artıq söz oyununa ehtiyacı yox idi. O, kiçik bir mimika, atmaca, ştrixlə belə seyrçisini sehrləyə bilirdi. Azərbaycan kinosunun parlaq dövrünə təsadüf edən o filmlərin yarandığı illər, həqiqətən də, kinomuzun qızıl mərhələsi sayılır. Bu korifey sənətkarlardan ibarət aktyor ansamblı milli kinomuzda silinməz bir iz qoydu”.
Sadəcə sənət
üçün
Bəli, o, bütün ömrünü sənət üçün yaşadı. Nə ad, nə şan-şöhrət, nə də əbədiyyət barədə düşünmədi. Sadəcə səhnəyə çıxdı, rolunu oynadı, alqışını qazandı və getdi. Danılmaz faktdır ki, o, geniş tamaşaçı sevgisini gərgin əmək, çalışmalar və fədakarlıqla əldə edib. Səhnədə və çəkildiyi filmlərdəki rolları ilə böyük auditoriyanın rəğbətini qazanan aktyorun sənət sirri də elə bu fədakarlıqda idi. Onun gülüşü insanın ömrünü uzadan, həyatına gözəllik və rəng qatan gülüş idi. Buna görə belə gülüşün uzun illər solmadan, səmimiliyini zərrə qədər itirmədən yaşamasında da qeyri-adi heç nə yoxdur.
Böyük ustad sənətdəki uğurları ilə bərabər, həm də uzun bir ömür yaşayıb. Onu sağlığında sənətinin dəyərini almış insanlardan hesab etmək olar. İlk və əsas qiymətli mükafatı milyonların sevgi və rəğbəti olan aktyor mədəniyyətimiz qarşısındakı xidmətlərinə görə müxtəlif təltiflərə layiq görülüb. O, Xalq artisti kimi yüksək fəxri adı ən mürəkkəb zamanda - 1938-ci ildə alıb. İki dəfə “Şərəf nişanı” ordeni ilə təltif edilib. Səhnələrdən və ekranlardan milyonların dodağını qaçıran böyük sənətkar 1981-ci ildə dünyasını dəyişib. Ancaq mənalı və zəhmət yüklü sənətkar ömrü ilə bu gün də, gələcəkdə də sənətsevərlərin qəlbində sevilərək yaşamaqdadır.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 18 iyun.-
S. 7.