Tarix və mədəniyyət abidələrimiz gənc rəssamların gözü ilə

 

Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşəbbüsü ilə Milli Qurtuluş Gününə həsr olunmuşTarix və mədəniyyət abidələrimiz gənc rəsamların gözü ilə” adlı rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqənin məqsədi ulu əcdadlarımızdan bizə miras qalmış tarixi abidələrimizin öyrənilməsi və gənc rəssamların tanıdılmasıdır.

Qədim yurdun daş kitabəsi hesab edilən “Keşikçidağmağaralar kompleksirayon ərazisində yerləşən digər abidələrimiz əsrlər boyu yadelli hücumlarına məruz qalsa da, qismən dağılsa da, daşlara həkk olunmuş tarixin izlərini silmək mümkün olmamışdır. Rayon ərazisindəki abidələrin qədimliyi, unikallığı, memarlıq baxımından zənginliyi məktəbli rəssamların böyük marağına səbəb olmuş, onlar abidələrimizi öz rəsmlərində əks etdirməyə çalışmışlar.

Rayon məktəblərindən 30-a qədər gəncin iştirak etdiyi müsabiqədə 50-dək rəsm çəkilmişdir. 1-ci, 2-ci və 3-cü yerləri tutan məktəbli rəssam fəxri fərman və hədiyyələrə layiq görülmüşdür. Yer tutmayan məktəblilərə də həvəsləndirici hədiyyələr verilmişdir.

Qeyd etmək lazımdır ki, tolerant bir ölkə olaraq Azərbaycanda müxtəlif dövrlərdə yaradılmış, fərqli dini etiqadlara xidmət edən abidələrə münasibət həmişə müsbət olmuşdur. Həmin abidələrdən biri olanKeşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğundakı maddi-mədəniyyət nümunələri və rayon ərazisindəki digər abidələrimiz fiziki təsirlərə məruz qalmasına baxmayaraq, öz tarixi simalarını indiyədək qoruyub saxlaya bilmişlər. Həmin mədəniyyəti bizə miras qoyub gedənlər müxtəlif etiqadlara inam gətirsələr də, mahiyyət etibarilə eyni məqsədə - mənəvi-əxlaqi kamilliyə can atmış, tanrıçılıq fəlsəfəsinin carçısı olmuşlar.

Rayon ərazisində belə məkanların həm müqəddəs yer kimi ziyarət edilməsi, həm də oraya turistlərin cəlbi dini azadlığın, tolerantlığın təntənəsi olmaqla yanaşı, bu abidələrin dünyaya tanınmasında əhəmiyyət kəsb edir. Məktəblilər arasında bu cür tədbirlərin keçirilməsi tarix və mədəniyyət abidələrimizə marağın daha da artırılması deməkdir.

 

Musa Mursaquliyev

Mədəniyyət.- 2014.- 20 iyin.- S. 15.