“Gəncliyimizi “əsrin bəlası”ndan qoruyaq”

 

İyunun 18-də Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Ə.Vahid adına kitabxana-muzeydə (Yasamal rayon MKS-nin 1 saylı filialı) “Gəncliyimizi qoruyaq” - “Əsrin bəlası” adlı kütləvi tədbir keçirildi.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 17-21 iyun tarixində elan etdiyiNarkomaniyaya qarşı mübarizə həftəsi” çərçivəsində gerçəkləşən tədbirdə MKS-nin oxucuları, rayon sakinləri, gənclər və tələbələr iştirak edirdi.

Tədbirdə qonaq qismində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Səbinə Məmmədova, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları, “Qarabağ” qəzetinin jurnalisti Əntiqə Rəşid, İdman Jurnalistləri Assosiasiyasının əməkdaşı Hikmət Əliyev, Azərbaycan Silahlı Qüvvələrinin zabiti Rüfət XudayarovMilli Aviasiya Akademiyasının tələbəsi Günel Namazova iştirak edirdi.

Tədbir “Narkomaniyaya yox deyək” adlı video-slaydın nümayişi ilə açıldı. Sonra qonaqlar çıxış edərək maarifləndirmə məqsədilə gənc nəslə öz tövsiyələrini verdilər. Tədbirdə Yasamal rayon MKS-nin nəzdində fəaliyyət göstərən rəssamlıq kursunun şagirdlərinin mövzu ilə bağlı əl işləri nümayiş olunurdu. İştirakçılar narkomaniya bəlasından bəhs edən kitabların, jurnal və qəzet məqalələrinin sərgisi ilə də tanış oldular.

Sonda oxucular belə tədbirlərin keçirilməsinin gənc nəslin təlim-tərbiyəsində mühüm əhəmiyyəti olduğunu vurğuladılar. Qeyd olundu ki, narkomaniya ilə mübarizəyə ilk növbədə gənc nəslin asudə vaxtının səmərəli təşkilindən başlamaq lazımdır.

 

Mədəniyyət.- 2014.- 20 iyin.- S. 13.