Kinoda yaratdığı obrazdan həyatda ilham alan
aktrisa
Kino həvəskarlarının yaddaşına
daha çox “İşdə məhəbbət
macərası” filmində
canlandırdığı qalmaqallı
Şura obrazı ilə həkk olunan Rusiyanın Xalq artisti Lyudmila İvanova 1933-cü il iyunun 22-də Moskvada doğulub. Atası İvan İvanov coğrafiyaşünas-professor, anası Faina İvanova isə evdar qadın olub. Lyudmila orta
məktəbdə çox
yaxşı oxuyub, məktəbi qızıl
medalla bitirib.
Sonra Moskva Akademik Bədaye Teatrının (MXAT) məktəb-studiyasına
daxil olub, 1955-ci ildə təhsilini başa vuraraq Moskva səyyar dram teatrında işləməyə
başlayıb. Burada iki il işləməsinə baxmayaraq,
bir çox tamaşalarda oynayıb, qastrollara gedib. 1957-ci ildə Lyüdmila
İvanova “Sovremennik” teatrına keçir və bu sənət
ocağında 50 ilə
qədər çalışır.
Müxtəlif tamaşalarda bir-birindən
maraqlı rollar oynayır.
Teatrla bərabər,
kinoya da çəkilməyə başlayır. “Şans”da Kseniya, “Nəğmə müəllimi”ndə
Klavdiya Petrovna, “Mayamili sevgili”də Klava xala və
başqa rolları ilə tanınır.
Eldar Ryazanovun “İşdə məhəbbət macərası”nda
(1977) fəal ictimaiyyətçi
Şura rolu ilə daha çox
məşhurlaşır. İllər ötsə də, həmin rol aktrisanın ən sevimli rolu olaraq
qalır. O deyir ki, bu rol
ona görə xoşuma gəlir ki, filmdə Şura həmişə insanlara köməklik edir. İşləməyi çox sevən
aktrisa 1990-cı ildə
“Ekspromt” uşaq musiqili teatrını yaradır. Teatrın həm rejissoru,
həm də direktoru olur. Bu teatrı yaratmaqla
o, “İşdə məhəbbət
macərası”nda yaratdığı
personaj kimi ictimai fəal, təəssübkeş yaradıcı
insan olduğunu təsdiq edib. Aktrisa deyir ki, bu
addımında filmdəki
obrazdan bir növ ilham alıb.
Aktrisa sənətdə
olduğu kimi, şəxsi həyatda da sabit, rəvan
bir ömür sürüb. Həyat yoldaşı Valeri
Milyayev yazıçı,
fizika-riyaziyyat elmləri
doktoru idi. Onlar 60-cı illərin əvvəllərində, Valeri
teatra Yeni illə əlaqədar mahnı yazmağa dəvət olunarkən tanış olurlar. Bir müddət sonra
evlənirlər və
yarım əsr birgə yaşayırlar.
İvan və Aleksandr adında iki oğulları doğulur.
İvan həm rəssam, həm də uşaq incəsənət
məktəbinin direktoru
işləyir. Aleksandr isə
ixtisasca həkim-psixoloq
olsa da, başqa sahədə çalışıb.
Lyüdmila İvanova son illərədək
verdiyi müsahibələrdə
həmişə deyərdi
ki, özünü xoşbəxt qadın sayır. Çünki sadiq
həyat yoldaşı,
iki ağıllı oğlu, gözəl gəlinləri və sevimli nəvələri
var. Lakin bir neçə il
öncə bu xoşbəxtlik ağır
günlərlə əvəzlənir.
2010-cu ildə aktrisanın
kiçik oğlu Aleksandr, bir il sonra
isə həyat yoldaşı vəfat edir. Oğul və atanın
adi qrip və soyuqdəyməni ciddiyə almaması sonda xəstəliyin ağırlaşması və
ölümlə nəticələnir.
Bu itkilər aktrisaya çox pis təsir edir, uzun müddət xəstəxanada müalicə
olunur...
Bu yaxınlarda 81 yaşını
qeyd edəcək aktrisa deyir ki,
biz Valeri ilə bir-birimizi tamamlayırdıq. Valeri çox
səbirli, o isə şən xarakterli qadın olub. Bir də qadınlara məsləhət görür
ki, kişilərlə
ciddi söhbətdən
əvvəl onları
yaxşı yedizdirmək
lazımdır.
Səbinə
Əlibalaqızı
Mədəniyyət.- 2014.- 20 iyin.-
S. 12.