Məhəbbətin ülviyyəti
“Birjan və Sara” qazax
operasının tamaşası haqqında təəssürat
Türkdilli xalqların mədəniyyətlərini geniş şəkildə təbliğ edən beynəlxalq TÜRKSOY təşkilatı keçən il özünün 20 illiyini təntənə ilə qeyd etdi. Təşkilatın keçirdiyi mədəniyyət tədbirləri əhatə dairəsinə, məzmun tutumuna və məqsəd aydınlığına görə həmişə diqqəti cəlb edir. Həmin tədbirlərin bir qismi sırf Azərbaycan mədəniyyətinin uğurlarının təbliğinə həsr edilib. Bu istiqamətdə layihələr ildən-ilə daha geniş şəkildə həyata keçirilir. Bu işdə TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinovun xidmətlərini və fədakarlığını xüsusi qeyd etmək lazımdır.
TÜRKSOY
2013-cü ili “Mukan Tölebayev ili” elan edib.
Mukan Tölebayev (13.3.1913 - 2.4.1960) peşəkar
qazax musiqisinin banisi sayılır. O, Almatı Pedaqoji
İnstitutunda, Moskva Dövlət Konservatoriyası nəzdindəki
qazax opera studiyasında təhsil alıb. Musiqinin
müxtəlif janrlarında əsərləri var. Şah əsəri
«Birjan və Sara» sayılır və bu opera qazax musiqisinin
incisidir. Operanın libretto müəllifi
Kazım Jumaliyevdir. Mukan Tölebayev
SSRİ Xalq artisti idi, «Birjan və «Sara» operasına görə
Stalin mükafatına layiq görülüb.
Klassik qazax bəstəkarının anadan
olmasının yüz illiyi münasibətilə TÜRKSOY və
Samsun Dövlət Opera və Balet Teatrı bu operanı
tamaşaya hazırlayıb. Tamaşanın
quruluşçu rejissoru soydaşımız, Əməkdar
incəsənət xadimi, professor Əflatun Nemətzadədir.
Dirijorluğu Tolqa Taviş edir. Monumental səpkidə
hazırlanmış tamaşanın tərtibat rəssamı
Erlan Tuyakov, geyim rəssamı Esengəldi Tuyakov,
xorbaşı Mixail İskrov, xoreoqraf Tursunbəy Nurkaliyev,
işıq mühəndisi Murad Yılmazdır.
«Birjan və Sara» operasında azərbaycanlı, türk,
qazax, qırğız, özbək, tatar, başqırd sənətçiləri
iştirak edirlər. Yüksək sənətkarlıqla
hazırlanmış tamaşa 2014-cü ilin iyun ayında
keçirilən V Beynəlxalq İstanbul Opera Festivalında
göstərilməyə layiq bilinib. Tamaşa
festival çərçivəsində İstanbulda (13 iyun),
Bursada (16 iyun), Əskişəhərdə (18 iyun)
nümayiş etdirilib. Son tamaşa iyunun
20-də Ankarada göstəriləcək. Festivalın səmərəli
və yüksək peşəkarlıq səviyyəsində
keçməsi üçün Türkiyə Dövlət
Opera və Balet Teatrlarının baş müdiri professor
Rengim Gökmən və onun məsləkdaşları da
xüsusi təşkilatı iş aparmışdılar.
İstanbul Bakırköy bələdiyyəsinin Leyla Gəncər
mədəniyyət mərkəzinin möhtəşəm
salonunda göstərilən tamaşaya TÜRKSOY-un dəvəti
ilə mən də baxdım.
Xatırlatmaq istəyirəm ki, Əflatun Nemətzadə
TÜRKSOY-un xətti ilə Üzeyir Hacıbəylinin
«Koroğlu» və qazax bəstəkarı Erkəkəli
Əhmədiyevin «Alpamıs» operalarına möhtəşəm
səhnə quruluşu verib. «Birjan və Sara»
operası qazax akın musiqisinin motivləri əsasında,
«aytıs» adlanan üslubda bəstələnib. Hadisələrin əsasını tarixi faktlar təşkil
edir. Əsərin mövzusunu görkəmli
şair və bəstəkar, akın Birjan Kojaqulov ilə məşhur
şairə-akın Sara Tastanbəyova arasındakı nakam
ilahi məhəbbət təşkil edir. Qəhrəmanların
partiya və ariyaları romantik-poetik səpkidə işlənilib.
Milli ruhda bəstələnmiş operanın
musiqisi cazibədardır, məlahətli və faciə notlu
incə lirizmlə yoğurulub.
Əflatun Nemətzadə monumental quruluşlarda
xüsusi təcrübə toplamış sənətkardır. Onun Bakıda, Moskvada,
Sankt-Peterburqda, Yekaterinburqda, eləcə də Polşada, Yəməndə,
Türkiyənin müxtəlif sənət ocaqlarında
hazırladığı tamaşalarda musiqi ilə hərəkət
plastikasının harmoniyası ahəngdar cazibədarlıqla
həll olunub. Digər tərəfdən,
Əflatun dahi bəstəkarımız Üzeyir Hacıbəylinin
«Arşın mal alan» və «O olmasın, bu olsun» operettalarını
dünya səhnələrində canlandıran vətənpərvər
sənətkardır.
Klassik «Birjan və Sara» operası kompozisiya qurumu
baxımından festivalda nümayiş etdirilən
tamaşaların ən kamili, ən rəngarəngi və ən
koloritlisi idi.
Rejissor forma və məzmun vəhdətini zaman
və məkan xronotopunda poetik ülviyyətlə həll
edib. Bununla da tamaşanın müasirliyi
daha da güclənib və tamaşaçılar əsərin
fəlsəfi mahiyyətini idrakla qavrayırlar.
Əflatunun rejissor özünəməxsusluqlarından
biri də tamaşaya qoyduğu operalarda hadisələrin
dinamik inkişafını, obrazların dramatik mübarizələrinin
fəlsəfi dərinliyini, ideyanın məna
yükünü aydınlıqla verə bilməsi ilə səciyyəvidir. «Birjan və
Sara» operasının quruluşunda da dediyim keyfiyyətlər
yüksək sənətkarlıqla özünün bədii-estetik
təcəssümünü tapıb. Rejissor
operanın quruluşunda bir neçə musiqi epizodunun yerini dəyişməklə
və partituranın mayasındakı hərəkət
dramatizmini artırmaqla əsərin səhnə həllinə
canlılıq və təravət gətirə bilib.
Operanın estetik səhnə həllinin əsas prinsiplərinə
görə vokalçılar oxuyacaqları ariya və ya duetləri
ifa etməzdən əvvəl hərəkət
plastikasında, sifət ifadələrində həmin epizodun
mahiyyətini tamaşaçılara
çatdırırdılar. Belə yozum səhnənin
dramatizmini artırır və epizodu daha anlamlı edirdi.
Üstəlik də ifa olunan vokal nömrələrinin
mətnlərinin iri həriflərlə səhnə
güzgüsünün yuxarısında verilməsi oxu
zamanı çətin anlaşan sözləri
tamaşaçılara həssaslıqla, aydınlıqla
çatdırırdı.
Opera tamaşalarında adətən qəhrəmanların
mizanları ön planda, statistik tərzdə verilir. Əflatun Nemətzadə
öz quruluşlarında bu kanonları cəsarətlə
sındırır. Rejissor «Birjan və
Sara» operasında da özünün üslub tərzinə
sadiq qalıb. Operada mizanlar yüksək sənətkarlıqla
üç planda verilib: öndə, ortada və arxada. Hər üç planda tamaşaçı xoru,
baleti, əsas qəhrəmanları və kütləvi səhnələrin
iştirakçılarını tam bədiiliklə izləmək
imkanı qazanır. Səhnədə
«boş» qalan aktyor nəzərə çarpmır,
bütün ifaçılar hərəkətdədirlər.
İştirakçılar oxunan ariyalara öz hərəkətləri
ilə psixoloji münasibət bildirirlər. Nəticədə xarakterlər müxtəlifliyinin
rəngarəngliyi artır, hadisələr dramatik vüsət
alır, romantik realizmin mahiyyəti daha dərin qatlarda təcəssüm
tapır.
Belə yozum təbii ki, tamaşanın enerji nüvəsini
tənzimləməklə dinamik inkişaf xəttini dramatizmin
canlılığına yönəldir. Nəticədə
musiqi, vokal və aktyorluq keyfiyyətləri tamaşanın
obrazını daha canlı edir. Bu
canlılıqda eşqin ülviyyəti, mənəvi
saflığın ucalığı və nakam məhəbbətin
faciəsini törədənlərin mənəvi eybəcərlikləri
daha parlaq şəkildə, bədii reallıqla
görünür.
«Birjan və
Sara» operasının İstanbulda nümayiş etdirilən
tamaşasında rolları Özər Öndəş (Birjan,
tenor), Eda Yıldırım (Birjanın anası, messo soprano),
Ənvər Törə (Birjanın atası, bariton), Jupar
Qabdullina (Sara, soprano), Barış Yanç (Birjanın dostu
Estay, tenor), Asel Bekvayeva (Altunay, Janbotanın qızı, soprano),
Çağdaş Dursun (Jienkul bəy, Janbotanın
qardaşı, bariton), Özgür Aslan (Vali Jambota, bariton),
Gürkan Sezgin (Jambatın cangüdəni Serik, tenor) ifa ediblər.
Digər şəhərlərdə göstərilən
tamaşalarda ifaçılar dəyişiblər. Nəticədə
əzəmətli aktyor-ifaçı ansamblı yaranıb ki,
bu da TÜRKSOY-un fəaliyyət məqsədinin
əsasını təşkil edir. Həmçinin
rejissorun çoxlu ifaçılarla işləmək
bacarığının parlaq nümunəsi kimi yadda
qalır.
Əflatun Nemətzadə üçün vacib rejissor qənaətlərindən
biri də izlənən ideyanın bütöv,
anlaşıqlı və bədii-estetik səviyyədə
tamaşaçılara çatdırılmasıdır. «Birjan və
Sara» tamaşası məhəbbətin ülviyyəti
haqqında həzin, kövrək, fəci sonluqla bitən
poetik operadır. Eşq aşiqlərini
fiziki cəhətdən məhv etmək olar, lakin onların
sevgisinin müqəddəsliyinə xələl gətirmək,
ona ləkə yaxmaq mümkün deyil.
Opera tamaşalarında adətən klassik tərtibat
prinsiplərindən istifadə edilir. Əflatun Nemətzadə
bu ənənəyə əsaslanıb. Ancaq
və di gəl ki, rejissor üçün daha vacibi səhnə
tərtibatında tamaşanın obrazını tapmaq və
onun doğurduğu estetik təəssüratın cazibədarlığını
axıra kimi saxlamaqdır. «Birjan və
Sara» operasının tamaşası bu baxımdan da diqqəti
cəlb edir. Rejissorun sənətkarlığının
daha bir dəyərli cəhəti ondan ibarətdir ki, o,
musiqinin xarakterini bədii tərtibatın rəng
harmoniyası ilə uzlaşdırmağa
çalışır. Bu baxımdan onun tərtibat
rəssamı Erlan Tuyakovla və geyim rəssamı Esengəldi
Tuyakovla yaradıcılıq ünsiyyəti uğurlu
alınıb.
Tamaşada xor və balet nömrələri öz
funksiyasını icra etməklə yanaşı, kütləvi
səhnənin içərisində obrazlı şəkildə
«əriyib» ümumi kompozisiyaya qovuşur. Belə səhnə
yozumu qəhrəmanları və operanın baş
mövzusunu daim diqqətdə saxlayır.
Obrazlar üçün seçilmiş səs tembrləri
personajların xarakterlərinin açılması
üçün müəyyən mənada açar
funksiyasını daşıyırdı. Konsertmeyster Didəm
Çağmanın, dirijor Tolqa Tavişin və rejissor
Əflatun Nemətzadənin müştərək işlərinin
incəliyi səhnə surətlərinin daha canlı və
ifadəli tərzdə səhnə təqdimi
üçün geniş zəmin yaratmışdı. Tamaşanın dirijoru Taviş partituranın
canlı və ifadəli səslənməsi üçün
cəhdlə çalışıb. Ümumi səslənmədə
müxtəlif çalğı alətlərinin harmonik vəhdətinə
nail ola bilib.
Bununla belə, tamaşanın ümumi kompozisiyasına
cavabdeh olan Əflatun Nemətzadə səslənmədə vəziyyətin
psixoloji xarakterinə uyğun olaraq bəzi simli və nəfəs
çalğı alətlərinin funksiyalarına əlavə
yük vermişdi. Onun bu riski geniş mənada mövzunun
ümumi poetik ruhu ilə son dərəcə həssaslıqla
uyuşurdu. Lirik-psixoloji səhnələrdə kaman,
faqot və qaboyun həzin ritmləri tamaşaçıları
daha da duyğulandırırdı...
Hər bir sənət bayramı ilk növbədə mənsub
olduğu xalqın mənəvi-əxlaqi dəyərlərini
tərənnüm etməsi ilə yadda qalır. TÜRKSOY-un və
V Beynəlxalq Opera Festivalı təşkilatçılarının
keçirdikləri sənət nümayişinin ümumi ruhu
isə bütün türkdilli xalqların sənət
bayramına çevrildi.
İlham Rəhimli
Mədəniyyət.- 2014.- 20 iyin.-
S. 11.