Tarixçi şair,
maarifçi məmur
Abbasqulu ağa Bakıxanov - 220
İctimai-irfaniyyət,
ədəbiyyat-mədəniyyət xanları nəslinin ən
seçkini - Abbasqulu ağa Bakıxanov
Azərbaycan
Respublikası Prezidentinin sərəncamı
ilə qeyd olunan
yubileylər
Bakıxanovlar...
Onları, sözün müsbət və
fəxarət mənasında “böyük
tayfa” da adlandırmaq olar. Onların hər biri
tarixən dünya leksikonunda
güc, əzəmət, ər-ərənlik
ekvivalenti kimi səslənən
XAN (Han) sözünün
daha diri
qalmasını təmin edib. Hələ bu ifadənin əvvəlində-kökündəki
“Bakı” toponimini demirəm...
Bu yazıda sözügedən şair, tarixçi, filosof, maarifçi Abbasqulu ağa isə həmin soyadın daha geniş arealda səsləndirilməsinə, tanınmasına, bu imzanın yuxarıda yansıtdığım “tayfa”lıqdan çıxarıb ümummilliləşməsinə səbəbkar...
Bu böyük Azərbaycan oğlu öz istedadı, ayıq-sayıq dünyagörüşü, fəlsəfi düşüncələri, maarifçi ideyaları ilə bir çox böyük əcnəbi ölkə rəsmiləri və ziyalılarının da diqqətini çəkmiş, onlarda milli mədəniyyət və məfkurəmiz haqda real təəssüratlar yaratmışdır.
Əlli üç illik ömürdən -
Bir abzaslıq qeyd
1794-cü il iyunun 21-də Bakının Əmircan (köhnə Xilə) kəndində varlı bir ailədə doğulub, 1802-ci ildə (atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə) məcburiyyət üzündən Qubaya - vaxtilə dayısı Fətəli xanın bağışladığı Əmsar kəndinə köçməli olmuş Abbasqulu ağa 1819-cu ilədək orada yaşamış, yarımçıq qalmış təhsilini davam etdirmiş, 1819-cu ildə general Yermolovun dəvəti ilə Tiflisə gəlib, Qafqaz Baş Hərbi İdarəsində Şərq dilləri tərcümanı vəzifəsinə qəbul olunaraq, 26 il bu vəzifədə çalışmış Abbasqulu ağa ömrünün sonlarında Yaxın Şərqi səyahətə çıxmış, 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyinə tutulub vəfat etmiş, elə oradaca dəfn olunmuşdur. Yuxarıda onun nəsil-şəcərə məsələsini vurğulamağım da təsadüfi deyil. Abbasqulu ağa general-leytenant Cəfərqulu ağa və general Abdulla ağa Bakıxanovların qardaşı, general-mayor Həsən ağa, polkovnik Əhməd ağa Bakıxanovların əmisi, tarzən Əhməd Bakıxanovun babası, bəstəkar Tofiq, kamançaçı Tələt Bakıxanovların ulu babasıdır.
Bütün bu adlı-sanlılıq zirvəsində isə - bugünlər ölkəmizdə 220 illiyi (müxtəsər formatda olsa da) qeyd edilən -
O özü...
Azərbaycan elmi tarixində mühüm rolu olan bu böyük alim, adları xeyli mürəkkəb (“Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” və s.), məna-məzmunları isə o dövrü başdan-başa aydınlaşdıran əsərlərilə böyük şöhrət qazanmışdır. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid olan həmin əsərləri onun çoxcəhətli alim, ziyalı, mərifət-məfkurə adamı olduğunu göstərir.
Pedaqoji məsələlərlə də bir alim kimi məşğul olan Abbasqulu ağa uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar “Təhzibül-əxlaq” və “Kitabi-nəsihət” adlı iki əsər yazmışdır ki, bunlardan ikinci çox ciddi əxlaqi-fəlsəfi əsər hesab edilir. Belə ki, burada müəllif cəmiyyət haqda fikirlərini bir sistem şəklində şərh edib, gənclər arasında nəcib əxlaq normalarına, gözəl insani cəhətlərə irfani işıq tutur. Müəllif bu əsərində bir əxlaq müəllimi kimi çıxış edir, öz faydalı məsləhət və nəsihətlərilə oxucunu bəşəriyyətin bütün sağlam qisminin normal qəbul etdiyi “mübahisəsiz düz yol”a dəvət edir, onu əməyə rəğbət, dostluğa sədaqət, böyüklərə hörmət, təvazö və ədalət hədəflərinə səsləyir.
Bu böyük düşüncə və qələm sahibinin dünyaca məşhur əsəri isə, əlbəttə, -
“Gülüstani-İrəm”...
Artıq 200 ilə yaxındır bir-birini əvəz edən “ədəbi və elmi ictimaiyyətlər”in diqqət mərkəzində olan bu əsər - Azərbaycan tarixinə aid “Gülüstani-İrəm” - Abbasqulu ağa Bakıxanovun ən böyük elmi əsəridir. İlk məxəzlər əsasında uzun illərin ciddi təhqiq-tədqiqatları nəticəsində yazılmış bu əsəri müəllif özü də “uzun illər çəkdiyim zəhmətimin məhsulu” kimi təqdim edirdi. Başqa məxəzlər isə bu əsəri daha fundamental meyar və səpkidə qiymətləndirir ki, onları belə ümumiləşdirmək olar: Abbasqulu ağa Bakıxanov bu əsərini yazarkən bir neçə dəfə arxeoloji işlər aparmış, tarixi abidələrdən, köhnə tikililərin qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, “Avesta”dan, yaşlı ağsaqqal-ağbirçəklərin nağıl və rəvayətlərindən, səyyahların verdiyi xəbərlərdən, gürcü və ləzgi salnamələrindən, çoxlu Şərq mənbələrindən, qədim yunan, Roma, Azərbaycan, rus alimlərinin əsərlərindən istifadə etmişdir.
Müəllif bu əsərin yığcam, lakin dolğun məzmunlu müqəddiməsində tarix elminə qısa bir tərif verir, onu cəmiyyət və xalq üçün ən faydalı elmlərdən sayır, bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır və hər dövr, hər zaman müasirinin öz gələcək həyatını yaxşı qurması üçün bu “hazır təcrübə”dən düzgün istifadə etməyi lazım bilir.
“Gülüstani-İrəm”in müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və Dağıstan xalqlarının tarixini Abbasqulu ağa Bakıxanov bu xalqların öz daxili həyatlarına və tarixin ümumi inkişafına görə deyil, mühüm tarixi hadisələrə görə 5 dövrə ayırmış və buna əsasən də əsərini 5 fəslə bölmüşdür.
Əsərin birinci fəslində qədim Şərq mənbələrinə istinadən Nuhun tufanı, onun övladları, Yasəf, Ham və Sam nəsilləri, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti və s. haqqında yarımelmi, yarıməfsanəvi məlumat verilsə də, ikinci fəsil Azərbaycan və Dağıstanın ərəb işğalçıları tərəfindən istila olunması, ümumiyyətlə, ərəblərin bu ölkələrdəki hakimiyyəti dövrünün tarixinə dair daha müfəssəl bilgiləri bəyan edir. Xüsusən, ərəb xəlifələrinin buraya göndərdiyi hakimlər, ərəblərin xəzərlərlə vuruşları, xarici işğalçıların istilasına qarşı Babəkin mübarizəsi, onun edam edilməsi və s. haqda məlumatlar daha önəmlidir.
Ötən əsrin ortalarında Azərbaycan və rus dillərində nəşr edilmiş, tarixçilərimizin, milli-mənəvi təəssübkeşlərimizin stolüstü kitablarından olmuş bu əsər, əsasən islamın meydana gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan məlum və “məşhur” sülh müahidənaməsinə qədərki dövrdə xalqımızın tarixini tədqiq və təhlil etmək işində mühüm mənbələrdəndir.
...Və
maraqlıdır (?!)
Abbasqulu ağa Bakıxanov bu əsəri Dağıstan hərbi dairəsinin rəisi Moisey Zaxaroviç Arqutinski-Dolqorukovun arzusuyla yazmışdır. Necə ki, özü bu haqda belə deyir:
Bir möhtərəm cənab üçün ələ alıb qələmi,
Çox həvəslə yazmışam “Gülüstani-İrəm”i.
Yarandısa xahişilə Moisey Zaxariçin,
Yazılmalı oldu lakin, bu əsərim xalq üçün...
...Onun doğma Quba, xüsusilə Əmsar kəndi haqda düşündükləri, yazdıqları da maraqlıdır. Belə ki, Peterburqdan qayıdıb Tiflisdə qaldığı, xüsusən axşamlar tənha olduğu çağlarda o, doğma Əmsar kəndi, evi, ailəsi, qohumları, qocalıb əldən düşmüş ata-anası üçün yaman darıxırmış. Xəyalən onlarla söhbət edərmiş. Avropanın cah-cəlallı məclislərində qəlbi sıxıntılar içində sızlayar, “müxtəlif qürbətlər”də “Vətən, Vətən!” deyə sızlarmış. “İnsana verilmiş bir dövlət varsa, o da - Allahın bəxş etdiyi elmlə ədalətdir” - kimi fəlsəfi traktatlardan yorulan şair həmin bu sızıltılı-giziltili misralarıyla dincələrmiş:
“O guşədə sakit qərar tutaraq,
Yaşayaram qovğalardan mən
uzaq,
Qalan ömrü keçirərəm
kamiran,
Şükr edərəm Allahıma hər zaman.
Qüdsi,
xoşdur Əmsar adlı məskənin
Şəhərlərdən xoşdur sənin öz kəndin”
Tahir Əhmədalılar
Mədəniyyət.- 2014.- 20 iyin.-
S. 10.