"Ümumi mədəni
irs şəhərləri"
Layihə üzrə ekspertlər
Qazaxıstana və Özbəkistana səfər ediblər
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) dəstəyi ilə “Ümumi mədəni irs şəhərləri" adlı mədəni turizm layihəsini həyata keçirir.
Aprel ayında start verilən layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir. Ötən müddətdə layihə üzrə ekspertlər Türkiyədə və Azərbaycanda qədim tarixi-mədəni irs məkanlarında araşdırmalar aparıblar.
Layihənin ekspertləri - tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və turizm üzrə mütəxəssis Tərlan Quliyev 6-16 iyun tarixində Qazaxıstanın Esik, Tamğalı, Türküstan və Otrar, Özbəkistanın Səmərqənd, Şəhrisəbz, Termez, Buxara və Xivə şəhərlərində mədəni turizm potensialının araşdırılması məqsədilə səfərdə olublar. Layihəyə uyğun olaraq, ekspertlər Almatı-Esik-Tamğalı-Türküstan-Otrar-Səmərqənd-Şəhrisəbz-Termez-Buxara-Xivə-Daşkənd istiqamətində hərəkət edərək Qazaxıstan və Özbəkistanın türk-islam mədəniyyətinin (qayaüstü təsvirlər, Göytürklər, Ərəb xilafəti, Samanilər, Qaraxanlılar, Səlcuqilər, Xarəzmşahlar, Monqollar, Teymurilər, Şeybanilər, Əfşarlar, Kokand, Buxara və Xivə xanlıqlarına aid abidələr) izlərini daşıyan 9 şəhərində 150-yə qədər tarixi abidə, bu bölgələrin islam mədəniyyəti və tarixi irsi ilə tanış olublar.
Türkiyə və Azərbaycanda olduğu kimi, bu şəhərlərdə xüsusilə qala-şəhər hissələrində arxeoloji tədqiqatların davam etdiyini və önəmli tapıntıların olduğunu nəzərə alan ekspertlər araşdırma və təhlillərlə yanaşı, arxeoloji abidələr və onların turizm baxımından əhəmiyyəti ilə bağlı sorğular da keçiriblər. Səfər zamanı fotolar çəkilib, geniş fotobank yaradılıb. Müvafiq dövlət qurumları, həmçinin Azərbaycanın həmin ölkələrdəki rəsmi nümayəndəlikləri ekspert qrupuna yaxından kömək edib, onların müvafiq nəşrlər və məlumatlarla təmin edilməsinə köməklik göstəriblər.
Səfərin yekunu olaraq ekspertlər tərəfindən daha əvvəl toplanmış və səfər zamanı əldə olunmuş araşdırma materialları birləşdirilərək türk-islam dünyasının arxeoloji-mədəni turizm potensialına dair hesabat hazırlanacaq.
Məlumat üçün
bildirək ki, "Ümumi
mədəni irs şəhərləri"
layihəsi COMCEC-in layihə dövrünün idarə edilməsi sistemi çərçivəsində həyata
keçirilir və altı aya nəzərdə tutulub.
Mədəniyyət.- 2014.- 20 iyun.-
S. 8.