“Azərbaycan mədəniyyətinin zənginliyinə heyranam”

 

Polşanın Azərbaycandakı səfiri Mixal Labenda ilə vida söhbəti

 

Dörd il ölkəmizdə çalışan polyak diplomat hansı teatrlara daha çox gedir, hansı Azərbaycan yazıçılarının əsərlərini sevir, hansı musiqiçilərin ifalarını məmnuniyyətlə dinləyir?

 

Azərbaycan-Polşa münasibətlərinin zəngin tarixi var. Ötən əsrdə isə hər iki ölkə uzun müddət sosialist sistemində yaşayıb, əlaqələr bu kontekstdə davam edib, cəmiyyətlər bir-birini az da olsa tanıyıb. Bu il Polşa tam müstəqillik əldə etməsinin və ölkədə sosializmin süqutundan sonra demokratik dəyişikliklərin başlanmasının 25 illiyini qeyd edir. Azərbaycan isə 23 ildir ki, dövlət müstəqilliyini bərpa edib. Ötən dövrdə ölkələrimiz arasında münasibətlər də mühüm inkişaf yolu keçib. Bəs iki ölkənin cəmiyyətləri hazırda bir-biriləri haqqında nə dərəcədə məlumatlıdır. Səfir Mixal Labendaya ilk sualımız bu barədə oldu.

- Bu gün Polşada həm digər ölkələr haqqında bilgilərdə, həm də onun qavrayışında böyük dəyişikliklər var. Əvvəl azad düşüncə axını yox idi, mədəniyyət sahəsində məlumat az idi, tarixin əsas hissəsi ən yaxşı halda gizlədilmiş, çox zaman isə dəyişdirilmişdi. İndi bu maneələr yoxa çıxıb. Polşada Azərbaycan mövzusuna dair səriştəli yazılar yazılır ki, belə müəlliflərdən biri tanınmış alim Tadeuş Şventoxovskidir. O, Azərbaycan mədəniyyətini polyaklara müxtəlif vəsilələrdə təqdim edir. Polyakların şüurunda Azərbaycan zəngin mədəniyyətli müstəqil ölkə kimi qəbul olub və bu ölkənin ərazisindəki abidələri (təəssüflər olsun ki, onların əsas hissəsi erməni işğalına görə turistlərə açıq deyil) və Bakının müasir memarlığı baxımından ziyarət etməyə dəyər. Yerli sakinlər də, Polşa haqqında daha çox öyrənirlər ki, bu da səfirliyin fəaliyyəti və şəxsi təşəbbüslərin sayəsində olur. XIX və XX əsrlərin kəsişməsində Bakının görünüşünü formalaşdıran polyak memarları və indiki Azərbaycan Respublikasının ərazisində yaşayan və fəaliyyət göstərən digər polyaklar haqqında məlumatı təbliğ etməyə çalışırıq. Səfirliyin internet səhifəsində Azərbaycan polyaklarının həyatları ilə bağlı çoxlu elektron materialları, onların övladları və dostlarının gündəliklərini, xatirələrini, tərcümeyi-hallarını yerləşdiririk. Ən böyük polyak rejissorlarından biri Kşıştof Zanussi Bakıda üç etüdünü təqdim edəcək və bu layihənin həyata keçirilməsi üçün işlər görülür. Digər polyak rejissoru Tomaş Leşçınski Yuğ Teatrında Slavomir Mrojekin “Sərhəd” adlı tamaşasını təqdim etmişdi.

- Polyak mədəniyyətinin hansı sahəsi Azərbaycanda böyük maraq yaradır və əksinə, Azərbaycan mədəniyyətinin hansı istiqamətləri polyaklar üçün maraqlıdır?

- Yadda saxlamalıyıq ki, qloballaşma dövründə hər xalqın mədəniyyəti əlçatandır. Azərbaycanda orta və yaşlı nəsil polyak klassikasını yaxşı tanıyır. Məsələn, Boleslav Prusun “Firon”, “Gəlincik”, Adam Mitskeviçin “Pan Tadeuş” əsərlərini, “Firon”, “Qırmızı gitara” və digər filmləri, Marila Rodoviç və Anna German kimi musiqiçiləri yaxşı tanıyırlar. Bu maraq bu gün də mövcuddur. Müasir polyak şairlərinin Azərbaycan dilinə tərcümələri, polyak nəsri, ən gənc və populyar polyak yazarları daxil olmaqla, Dorota Maslovska və Voyçex Kuçoku misal gətirmək olar. Amma bir həqiqət də var ki, insan tək yüksək mədəniyyətlə yaşamır. Gündəlik həyatda, istirahət üçün hamı nə “Pan Tadeuş”u oxuyur, nə də Lutoslavskinin simfoniyasını dinləyir. Ona görə də şadam ki, cavanların çoxu polyak pop musiqisini yayımlayan televiziya kanallarını izləyir. Polyak filologiyasının tələbələri məşhur polyak nağıl və əfsanələrini Azərbaycan dilinə tərcümə edir. Eyni zamanda Polyak uşaq ədəbiyyatının klassiklərindən birinin Mariya Kovnatskanın “Plastinin gündəliyi” əsərinin Azərbaycan dilinə tərcüməsinin nəşri də gözlənilir. Eləcə də Azərbaycan mədəniyyətinin Polşada tanıdılması istiqamətində işlər görülür. Məsələn, Azərbaycan muğam ifaçılarının çıxışları Polşada çox bəyənilir.

- Siz Polşa və Azərbaycan arasında olan mədəni əlaqələri necə qiymətləndirirsiniz?

- Coğrafi məsafəni və mədəni fərqləri nəzərə alsaq, mədəniyyət sahəsində əlaqələrimizin səviyyəsini dinamik hesab etmək olar. Lakin xatırlamaq lazımdır ki, mədəniyyətin inkişafı və onun ölkə xaricində təbliğatında ölkənin rolu gündən-günə azalır. Həmçinin əcnəbilərin ölkəni hansı mədəni aspektdən tanıyacağına dair səfirliyin fəaliyyəti də azalır. Musiqi, film festivalları, teatr tamaşaları və ya sərgilər daha çox özəl sponsorlar, incəsənət mesenatları, qeyri-hökumət təşkilatları və yerli özünüidarə qurumları tərəfindən təşkil olunur. Hazırda mədəni işlərlə bağlı təkliflər olduqca çoxdur və problem mədəniyyət sahələrinin əlçatmaz olmasında deyil, seçimin yerinə yetirilməsindədir. Qloballaşma sırf milli mədəniyyətdən danışmağı çətinləşdirir. Məsələn, Yuzef Kojenyovski və ya Jozef Konrad polyak yazıçılarıdır, yoxsa ingilis? Bəs Aqneşka Hollandın “Avropa, Avropa” filmi hansı milli mədəniyyət dairəsinə aiddir? Təbii ki, səfirliyin işinin bir hissəsi öz mədəniyyətini təbliğ etməkdir. Bu baxımdan xalqlar arasında mədəni əlaqələrin inkişafının öz axarı ilə getdiyini düşünürəm.

- Maraqlıdır, Azərbaycanda polyak mədəniyyəti ilə necə tanış olmaq olar?

- Hər kəs öz marağına uyğun olaraq nəsə tapa bilər. Polyak ədəbiyyatı kitabxanasından və polyak dilində videolardan istifadə etmək istəyən hər kəs Bakıda Slavyan Universitetində fəaliyyət göstərən “Bazar günü məktəbi”nə yazıla və ödənişsiz polyak dilini öyrənə bilər. Bundan başqa, polyak ədəbiyyatından Azərbaycan dilinə tərcümələr də çoxdur. Bəzi əsərlər Bakı teatrlarının repertuarına daxil edilir, Bakıda Avropa Film Festivalı çərçivəsində hər il polyak filmləri təqdim olunur, konsert zallarında polyak musiqisi ifa olunur.

- Cənab səfir, mütaliəni sevirsinizmi və əgər elədirsə, Azərbaycan ədəbiyyatında hansı nümunələr sizi maraqlandırır?

- Oxumağı çox sevirəm. Eyni vaxtda bir neçə kitab oxuyuram. Buna görə məni polyak dili müəlliməm danlayırdı. Oxuduqlarımı iki yerə ayırmışam: işimlə bağlı - qəzetlər, siyasi tədqiqatlar, iqtisadi təhlil, işgüzar yazışmalar və zövqümə uyğun oxuduqlarım. İşə aid hər şeyi tez oxuyuram, əsas məlumata diqqət yetirirəm. Bunu isə ən çox kompüterdən izləyirəm. Mütaliədə isə kitablara üstünlük verirəm. Mümkün olduqda orijinal dildə oxuyuram. Bir dildən başqa dilə texniki tərcümə olunmuş eyni cümlə başqa məna verə bilər. Zənnimcə, hər hansı bir millətin ruhu öz ədəbiyyatında qorunur. Azərbaycan ədəbiyyatına gəldikdə, Kamal Abdullanın “Yarımçıq əlyazma”sını seçmişəm. Əsərə heyran olmuşam - bu, ustalıqla bir neçə dilə çevrilən tarixi-filoloji biliklərlə dolu hekayədir. Əlbəttə ki, sevdiyim bir neçə Azərbaycan yazıçıları da var. Məsələn, Elçinin “Mahmud və Məryəm”ində Gəncə yayının təsviri dahiyanədir və heç bir fırça bunu daha da ahəngdar təsvir edə bilməzdi. Hüseyn Cavidin dilini, xüsusən “Şeyx Sənan” və ya “İblis” kimi dramalarında çox bəyənirəm. Mən hər zaman mütaliəni çatdıra bilməyəcəyimə görə narahatam: bəlkə kitabxananın baxmadığım üst rəfində bir kitab var, indiyə kimi oxuduqlarımın hamısından daha yaxşıdır, ancaq mən onu artıq oxuya bilməyəcəyəm.

- Bakıda olduğunuz müddətdə teatrlarımızdan zövq almaq imkanınız olub?

- Tez-tez teatrlara, əsas da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına, Rus Dram Teatrına, Gənc Tamaşaçılar Teatrına və yeni təmirdən çıxan Dövlət Musiqili Teatrında nümayiş olunan tamaşalara gedirəm. Demək olar ki, yerli tamaşalardan heç vaxt məyus qayıtmıram. Ancaq bir dəfə yalnız Azərbaycan müəlliflərinin tamaşalarını seyr etmək ənənəsini pozub serbiyalı dramaturqun “Nazirin xanımı” adlı tamaşasına baxdım və ondan çox məmnun oldum. Hansı tamaşaları daha çox bəyəndiyimi söyləmək çətindir. Hər zaman teatr və ya operadan evə özəl təəssüratlar və ya düşünüləsi mövzu ilə dönürəm. Lakin seçim qarşısında olsaydım, Milli Dram Teatrında “Şah Qacar”, Rus Dram Teatrında “Yeddi gözəl”, Gənc Tamaşaçılar Teatrında isə “Aydın” tamaşalarını seçərdim. Amma bu, doğrudan da, çox çətin bir seçimdir. Çünki seyr etdiyim və xoşuma gələn bir çox tamaşaları qeyd etmədim. Hələ Opera və Balet Teatrı, Yuğ Teatrı, Pantomima və s. teatrlar da var.

- Muğam xoşunuza gəlirmi?

- Qazaxıstanda təhsil alarkən, daha sonra Özbəkistanda olduğum zaman türk xalqlarının ənənəvi musiqisinin oradakı variasiyasını bəyənmişdim. Lakin Azərbaycan muğamı adi musiqi növü deyil. Burada olarkən Azərbaycan xalqının mədəniyyətinin dərin kökünün olduğunu gördüm. Mən muğam bilicisi deyiləm, lakin sevdiyim ifaçılar var - Xan Şuşinski və Şövkət Ələkbərova; gördüyünüz kimi, burada da köhnə ifaları dinləməyə üstünlük verirəm. Digər tərəfdən, Alim Qasımov və onun qızı Fərqanə xanımı da məmnuniyyətlə dinləyirəm. Ü.Hacıbəylinin “Leyli və Məcnun” və M.Maqomayevin “Şah İsmayıl” operalarına həvəslə baxıram. Bunlar Azərbaycan ruhunu mükəmməl çatdıran orijinal əsərlərdir. Ənənəvi muğamı tamamilə başqa dərəcəyə gətirən, onu müasirləşdirən və yeni imkanlar açan Vaqif Mustafazadənin yaradıcılığını da qeyd etmək lazımdır.

- Azərbaycan mədəniyyəti ilə ilk dəfə qarşılaşarkən sizi ən çox nə təəccübləndirdi?

- Azərbaycan mədəniyyətinin zənginliyinə və müxtəlifliyinə heyranam. Xalqın mədəni yetkinliyi yalnız mədəniyyətinin geniş tanınması və yayılması deyil, həmçinin yeni elementlər, təsirlərin həmin mədəniyyət çərçivəsində mənimsənilib yaradıcılıq sahəsində realizə olunması sayəsindədir. Şərqin Azərbaycan üçün yaxınlığı Qərbdən ayrılması demək deyil. Bunu bir sıra azərbaycanlı bəstəkarlar nəslinin yaratdığı musiqilər - gözəl simfoniya, opera, balet üçün musiqilər də təsdiqləyir. Gözəl memarlıq nümunələrinin qotika, rokoko, barokko və modernizmin klassik Şərq nümunələri ilə sintezi XIX və XX əsrlərdə Bakıda fəaliyyət göstərən memarlara (Qoslavski, Ploşko, Skureviç - 1896-1914-cü illərdə ardıcıl olaraq Bakının baş memarları vəzifəsində çalışıblar) hazırda müşahidə etdiyimiz xüsusi atmosferi yaratmağa imkan verib. Ölkənizin bu qədər müxtəlif mədəni dairələr ilə təmasda olması və bu xəzinədən rahatlıqla yararlana bilməsi Azərbaycan mədəniyyətinin belə zəngin olmasına zəmin yaradır. Bunu həmçinin dildə görürük. Bir çox Azərbaycan müəlliflərinin yalnız Azərbaycanca deyil, həmçinin farsca, ərəbcə, rusca və s. dillərdə yazdıqları bəllidir.

- Azərbaycanla Polşa arasında turizm əlaqələrinin perspektivlərini necə görürsünüz?

- Hər iki ölkə turistlər üçün potensial hədəfdir. Polşada zövq və yalnız büdcə deyil, həmçinin sağlamlıq, zaman və s. imkanlardan asılı olaraq turizmin bir çox növləri inkişaf edir. Bəziləri şəhər, qala və muzeyləri seyr etmək üçün çox uzaqdan, məsələn Çin və ya Braziliyadan gəlir. Digərləri fəal istirahətə üstünlük verir, dağlarda gəzirlər, yaxtalarda üzürlər, velosiped və atla gəzintiləri planlaşdırırlar. Bütün dünyada fərdi turizm sürətlə inkişaf etdiyinə görə, Polşada da bed&breakfast (yataq və səhər yeməyi) tipli ucuz və rahat mehmanxana, özəl pansionatlar və gənclər üçün hostellər bazası genişlənir. Azərbaycanda da polşalı turistlər üçün çoxsaylı təkliflər var. Bakı polşalı turistləri valeh edir, lakin onlar həvəslə Şəki, Qəbələ, Zaqatala kimi şəhərlərə də səfər edirlər. Amma viza məsələsi maneə yaradır. Gürcüstana gələn Avropa İttifaqı vətəndaşları üçün vizanın tələb olunmaması, birbaşa Varşava-Tbilisi təyyarə reysinin olmasını nəzərə alaraq turistlərin çoxu məhz bu ölkəni yay istirahəti üçün seçir. Lakin onlar pullarını bu qədər maraqlı və görməyə dəyərli yeri olan Azərbaycanda xərcləyə bilərdilər.

- Cənab Labenda, bu il siz Azərbaycanda öz missiyanızı başa vurursunuz. Buradan hansı təəssüratlarla gedəcəksiniz?

- Bu çox çətin sualdır. Çünki dörd il müddətində həyatımı və işimi bir cümlədə ifadə etmək mümkün deyil. Burada çox şey öyrəndim, təəssüf hissi ilə ayrıldığım gözəl insanlarla tanış oldum. Bir qədər bəsit müqayisədir, amma hər mədəniyyət dərin çay kimidir, insan ordan nə qədər su alsa da, sona qədər içə bilməz və onsuz da çoxsaylı istifadə olunmayan imkanların bizdən yan keçəcəyi qənaətindən əmin oldum. Həmçinin bilirəm ki, yaxın zamanlarda tərk edəcəyim Azərbaycana bir neçə il sonra gəlsəm, fərqli görəcəyəm. Ölkəniz elə sürətlə dəyişir ki. Ancaq bu, müsbət bir haldır!

 

Mehparə Sultanova

Mədəniyyət.- 2014.- 20 iyun.- S. 7.