Robertino Loretti Xankəndinə
getməkdən imtina etdi
İtaliyalı müğənni Bakıda
gənc vokalçı
Emin Eminzadə ilə birgə konsert verəcək
Məşhur italyan müğənnisi Robertino Lorettinin erməni işğalı
altındakı Xankəndində
planlaşdırılan konserti
baş tutmayacaq. Bu barədə
qəzetimizə müğənninin
yaxın dostu, azərbaycanlı gənc vokalçı Emin Eminzadə məlumat verdi. Onun
sözlərinə görə,
Robertino Loretti Rusiyanın Nijni-Novqorod şəhərində yaşayan
Akopyan soyadlı 14 yaşlı erməni vokalçının dəvəti
ilə iyunun 19-da Xankəndində konsert verməli imiş. Daha öncə italiyalı müğənni ilə bir səhnədə çıxış edən
erməni vokalçı
ona guya babalarının vaxtilə
Xankəndində yaşadığını
və onların xatirəsini anmaq üçün orada Loretti ilə konsert vermək istədiyini bildirib. Bu xəbərlər yayılandan sonra italyan müğənni ölkəmizin Romadakı
səfirliyinə dəvət
edilib və ona Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı ətraflı
məlumat verilib, işğal altındakı
əraziyə səfərin
qanunazidd olduğu diqqətə çatdırılıb.
Bildirilib
ki, Dağlıq Qarabağa Azərbaycanın
icazəsi olmadan səfər edən şəxsin adı xüsusi siyahıya salınır və həmin şəxs daha sonra heç
vaxt Azərbaycana gələ bilməz.
Emin əslən
Qubadlıdandır. O, ata-baba
yurdunun ermənilər
tərəfindən işğal
edilməsi, işğal
nəticəsində 1 milyon
azərbaycanlının doğma
yurdlarından didərgin
düşməsi barədə
italyan müğənniyə
dəfələrlə danışdığını
deyir: “Robertino bizim evdə, babamgildə olub. Amma, görünür, ermənilər
ona yanlış məlumatlar veriblər.
Şükürlər olsun ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin
və İtaliyadakı
səfirliyimizin fəaliyyəti
nəticəsində bu
konsert baş tutmadı. İyunun 18-də Robertino Loretti
ilə telefonla danışdım. O mənə
bildirdi ki, Xankəndindəki tədbirdə
iştirak etməyəcək.
Bu xəbəri Xarici İşlər Nazirliyinin və İtaliyadakı səfirliyimizin
birgə məlumatı
da təsdiq edir. Məlumatda bildirilir ki,
Robertino Loretti Dağlıq Qarabağda təşkil olunan konsertdən imtina edib».
Qeyd edək
ki, Emin Eminzadə vokal ifaçısı kimi artıq bütün dünyada tanınır. Görünür, onun əldə etdiyi uğurları ermənilər sindirə bilmirlər. İtaliyalı müğənni onunla bir neçə dəfə (o cümlədən
Bakıda) eyni səhnəni bölüşən
Emini «Azərbaycanın
Robertinosu» adlandırıb.
2011-ci ildə Rusiya hökuməti tərəfindən
Robertino Lorettinin 65 illik yubileyi keçirilərkən o, Azərbaycanın
Mədəniyyət və
Turizm Nazirliyinə məktub yazaraq, özünün davamçısı
hesab etdiyi Emin Eminzadəni bu tədbirdə görmək və onunla duet oxumaq istədiyini bildirib. Nazir Əbülfəs Qarayevin göstərişi ilə
Eminin yubiley konsertində iştirakı
təmin edilib.
Bizimlə söhbətdə Emin
onu da bildirdi
ki, yaxın vaxtlarda Robertino Loretti yenə Bakıya gələcək
və onunla birlikdə konsert verəcəklər: «Proqramda
bizim duetimiz də olacaq. Mən italyanca mahnılar ifa edəcəyəm.
İstəyirəm ki, o da azərbaycanca mahnı oxusun. Artıq mahnı hazırdır».
Yeri gəlmişkən,
beynəlxalq müsabiqələrin
qalibi Emin Eminzadə bu günlərdə Avropada daha bir uğura
imza atıb. O, iyunun
6-dan 9-dək Hollandiyanın Rotterdam şəhərində keçirilən
«Multifestival Europe-2014» beynəlxalq
festivalında iştirak
edən musiqiçi laureat adını qazanıb. Səfər təəssüratlarını
bizimlə bölüşən
Emin bildirdi ki, festival təşkilatçıları
tərəfindən Mədəniyyət
və Turizm Nazirliyinə rəsmi məktub göndərilib.
Nazirlik də bu tədbirdə çıxış etmək
üçün ona dəstək olub: «Bu festivalda iştirakıma şərait yaratdıqlarına
görə Mədəniyyət
və Turizm Nazirliyinə və şəxsən cənab nazir Əbülfəs Qarayevə təşəkkürümü
bildirirəm. Həmçinin
təhsil aldığım
G.Şaroyev adına
35 nömrəli onbirillik
musiqi məktəbinin
rəhbərliyinə, 187 saylı
orta məktəbin direktoru Nailə Məmmədovaya da minnətdaram. Çünki buraxılış imtahanlarımla üst-üstə
düşdüyünə görə festivala qatılmaya da bilərdim. Amma onlar mənim
bu tədbirdə iştirakıma imkan yaratdılar».
Gənc
vokalçı qeyd etdi ki, festivalda
15 ölkə, o cümlədən
Türkiyə, Qazaxıstan,
Qırğızıstan kimi
türkdilli dövlətlər
təmsil olunub: «Festivalın açılışını
mən etdim və «Sarı gəlin» mahnısını
oxudum. Ardınca Müslüm Maqomayevin
«Azərbaycan» əsərini
ifa etdim. Sibel Can, Selcan Orhan kimi tanınmış
türkiyəli sənətçilərlə
səhnəni bölüşmək
imkanım oldu. Həmçinin yeni albomumdan
3-4 dildə mahnıları
ifa etdim».
Rus və ingilis dillərində sərbəst danışan
Emin ispan və italyan dillərini də öyrənir. Onun sözlərinə görə, bunlar vokal ifaçısı üçün vacib şərtdir. Həmsöhbətim
Rotterdam festivalında Hollandiyadakı
diaspor nümayəndələrimizin
ona dəstək verdiklərini bildirdi: «Avropada Azərbaycan diasporunun tanınan simalarından Əli Həsənov, Aydın Abdullayev, Elman Mustafazadə
mənə çox dəstək oldular. İyunun
10-da Haaqa şəhərinə
getdik. Hollandiya-Azərbaycan-Türkiyə dostluq cəmiyyətinin
sədri İlhan Aşkınla görüşümüz
oldu. Məni çox səmimiyyətlə
qarşıladı və
mükafatla təltif etdi. Həmçinin bu şəhərdə
Xocalı soyqırımı
qurbanlarının xatirəsinə
həsr olunmuş abidəni ziyarət etdim».
Qeyd edək
ki, festivalın keçirildiyi «Ahoy Arena»da
Cennifer Lopez kimi məşhurlar da səhnə alıblar. Emin Hollandiya
və Avropanın ən məşhur arenalarından birində çıxış etdiyinə
görə özünü
xoşbəxt hesab edir.
Fəxriyyə
Mədəniyyət.- 2014.- 20 iyun.-
S. 6.