“Kitabxanaşünaslığın tarixi və
metodologiyası”
“Təqdim edilən kitab
böyük zəhmətin, tədqiqatın və gələcəyə
yönəlmiş fikrin məhsuludur”
İyunun 19-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Əməkdar elm xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, tarix elmləri doktoru, professor Abuzər Xələfovun “Kitabxanaşünaslığın tarixi və metodologiyası” kitabının təqdimatı keçirildi.
“Bakı Universiteti” nəşriyyatında işıq üzü görən dərsliyin elmi redaktoru pedaqogika üzrə fəlsəfə doktoru Knyaz Aslan, redaktoru pedaqogika üzrə fəlsəfə doktoru Elçin Əhmədovdur.
Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq dərsliyin əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycanda kitabxanaşünaslığın tarixi və metodologiyasının öyrənilməsi bu məktəbin yaradıcısı Abuzər Xələfovun adı ilə bağlıdır.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev kitabın ərsəyə gəlməsi münasibətilə müəllifə təbriklərini çatdırdı. Qloballaşan dünyada kitabxanaların, informasiya sistemlərinin rolunu yüksək qiymətləndirən Vaqif Əliyev müasir dövrdə informasiyaların çatdırılmasının həm elektron, həm də kitabxanalar vasitəsilə həyata keçirildiyini vurğuladı: “Elektron vasitələr meydana gələndən sonra cəmiyyətdə belə bir fikir yarandı ki, kitabxanaların əhəmiyyəti azalacaq. Amma belə olmadı. Bu sahədə çalışan insanlar hər zaman kitabxanaların nə qədər vacib bir elm, bilik mənbəyi olduğunu sübut etmişlər”.
Qocaman alim, pedaqoq Abuzər Xələfovun ömrünün böyük bir hissəsini kitabxana işinə həsr etdiyini deyən Vaqif Əliyev onun Bakı Dövlət Universitetində kitabxanaçılıq fakültəsinə rəhbərliyi sayəsində bu ixtisasa marağın artdığını, fakültənin nüfuz qazandığını dedi. Qeyd olundu ki, A.Xələfovun elmi əsərləri Azərbaycanda bu sahənin inkişafında dəyərli mənbələrdir: “Bu gün təqdim edilən kitab böyük zəhmətin, tədqiqatın və gələcəyə yönəlmiş fikrin məhsuludur. Burada kitabxanaçılığın tarixi haqqında çox dəyərli informasiyalar əksini tapıb. Bu dərslikdən nəsillər öyrənəcək, bəhrələnəcək”.
Qeyd olundu ki, kitabda informasiya cəmiyyəti və kitabxanaşünaslığın müasir problemləri ilə bağlı qiymətli fikirlər irəli sürən alim təkcə ənənəvi kitabxana işi haqqında deyil, eyni zamanda müasir dövrün tələblərini də diqqətə alıb.
Sonra Vaqif Əliyev kitabxanaçılığın inkişafında mühüm xidmətlərinə görə Abuzər Xələfova Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanını təqdim etdi.
Bakı Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Aydın Kazımzadə, nəşrin elmi redaktoru Knyaz Aslan və başqaları çıxış edərək alimin yaradıcılığı və fəaliyyəti haqqında danışdılar. Bildirildi ki, müəllif bu əsərində beş minillik yazı-kitab tarixini əhatə edərək çoxsaylı elmi mənbələr əsasında kitabxanaşünaslığın təkamülünün təsnifatını və təhlilini aparıb.
Sonda Abuzər Xələfov fəaliyyətinə verilən yüksək qiymətə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirdi. Bundan sonra da kitabxana işi sahəsində bilik və təcrübəsini gənc kadrlarla paylaşacağını vurğuladı.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 20 iyun.-
S. 4.